AUT.AZ

Maşallah Əhmədov, hər yer “Kəpəz”dirsə…

Veteran futbolçu Maşallah Əhmədovla “Kəpəz”in Müşahidə Şurasının sədri İlqar Nadiri arasında “söz müharibəsi” gedir.

Maşallah Əhmədov İlqar Nadirini “Kəpəz”ə qohum-əqrəbasını  toplamaqda ittiham edib. O, “Futbol+” qəzetinə verdiyi açıqlamada vurğulayıb ki, Nadiri dayısı oğlunu stadion direktoru, xalası qızını isə mühasib təyin edib.

Sözarası onu da deyib ki, İlqar müəllimdən Müşahidə Şurasında təmsil olunmaq təklifi alıb. Amma bundan imtina edib. Nöşün ki, özünə sığışdırmayıb. Fikirləşib ki, adlı-sanlı futbolçu olub, indi niyə futboldan başı çıxmayan biri sədr olmalıdır, o da sıravi üzv? Amma ki, uzun illərdir futboldan anlayışı olmayan Rövnəq Abdullayevə “ləbbeyk” deməyi özünə sığışdırır.

Maşallah Əhmədovdan soruşmaq lazımdır ki, indi ayılıb? Azərbaycanın futbol təsərrüfatına, klublara futboldan başı çıxan adam nə vaxt rəhbərlik edib ki? “Kəpəz”də qohum-əqrəbaların işləməsinə gəlincə, burada da İlqar müəllimin heç bir günahı yoxdur. Ölkədə bütün sahələrdə kadr “islahatı” belə aparılır. Kimi hansı vəzifəyə təyin edirlərsə, hamını işdən çıxardıb qohum-əqrəbasını, dost-tanışını yerləşdirir. İlqar Nadiri köhnə bazara təz nırx qoya bilməz axı.

Natiq Muxtarlı

Exit mobile version