AUT.AZ

Benzema 3 ildir əlini niyə sarıyır? – Fotolar

Kərim Benzema “Qızıl top”u qazandıqdan sonra “Real”ın təchizatçısı olan şirkət onun üçün xüsusi kolleksiya hazırlayıb. Aut.az xəbər verir ki, kolleksiyadakı bütün geyim və atributların tərkibində qızıl var.

Formanın arxasındakı 9 rəqəmi qızıla tutulub və futbolçunun şəkilləri ilə yığılıb. Təbii ki, “qızıl butslar” da öz yerində. Butsların ipində də Fransa bayrağı. Ondan cəmisi bir cüt hazırlanıb və satışda olmayacaq.

Ən çox heyrətləndirən isə Benzemanın az qala simvoluna çevrilən qızıl sarğıdır. Brendin mətbuata açıqlamasında deyilir:

“Bu, həm də onun, çətinliklərin öhdəsindən gəlmək bacarığının daha bir simvoludur. O, heç nəyin mümkünsüz olmadığını bir daha sübut etdi”.

 

Benzema barmaqlarını niyə sarıyır?

 

Fransız üç ildən çoxdur ki, sarğıdan istifadə edir – 2019-cu ilin yanvarından. Kərim “Betis”lə matçda Mark Bartra ilə toqquşaraq yıxıldı. Yıxılarkən bədənin ağırlığı barmağına düşdü, oyunu davam etdirə bilmədi. Sonradan məlum oldu ki, barmağı sınıb. Həkimlər əməliyyat tövsiyə etdilər. Bərpa isə 2 aya qədər çəkə bilərdi.

Benzema razılaşmadı və növbəti matçda “Sevilya”ya qarşı 90 dəqiqə oynadı.  Zədədən iki həftə sonra “Espanyol”la oyunda dubl etdi. Fransız yayda əməliyyat olundu, lakin reabilitasiya məsələsində tələskənliyə yol verdi. Buna görə də barmağı tam sağalmadı.

Həkimlər iki yol göstərdilər: Ya yenidən əməliyyat, ya da həmişə sarğı taxmaq. Üç il ərzində bu sarğı bir növ simvola çevrildi – fədakarlıq, məsuliyyət və iradənin simvoluna.

Aut.az

Exit mobile version