AUT.AZ

Azərbaycanda “şeytan”(lar)ın monopoliyasında olan sahə

SSRİ dağılandan sonra müstəqillik əldə edən respublikalar dünyaya inteqrasiya etməyə başladılar. Həm siyasi, həm mədəni, həm də idman sferasında. Bu müddət ərzində keçmiş sovet respublikalarının az qala hər birindən bir neçə futbolçu müxtəlif vaxtlarda dünyanın adlı-sanlı komandalarında oynayıblar. Gürcülərin sayı-hesabı yoxdur. Bununla işimiz yox. Amma Ermənistan, Özbəkistan dünya səviyyəli futbolçu yetişdirə bildiyi halda, Azərbaycanda heç yerli standartlara uyğun gələn oyunçu tapılmır. Səbəb nədir? İndi çoxlarında belə qənaət formalaşıb ki, futbol bizə uyğun idman növü deyil. Guya genetik kodumuz imkan vermir ki, istedadlı futbolçu yetişsin. Cəfəngiyatdır!

SSRİ-nin gənclər yığmalarında olurduqsa…

Fikrimizi əsaslandırmaq uçun qayıdaq SSRİ zamanına. Nəhəng ölkədə futbol, demək olar ki, rusiyalılarla ukraynalıların monopoliyasında idi. Müxtəlif vaxtlarda “slavyan qardaşlar”ın monopoliyasına Qafqazdan gürcülər daxil olurdular. Qismən də belaruslar. SSRİ yığmasının əsasını “Spartak”ın, Kiyev “Dinamo”sunun futbolçuları təşkil edirdi. Yığmanın gözünə də Tbilisi və Minsk “Dinamo”larından bir-iki futbolçu qatırdılar. Yəni SSRİ yığmasında azərbaycanlılara yer olmurdu. Düzdür, SSRİ vaxtı da Azərbaycanda uşaq futboluna yanaşma peşəkar səviyyədə deyildi. Amma lənət şeytana, bununla belə, SSRİ-nin yeniyetmələr və gənclər  yığmalarında mütəmadi olaraq Azərbaycan futbolunun yetirmələri oynayırdı axı. Vladislav Qədirov, Arif Əsədov, Tərlan Əhmədov,  Ruslan Lukin göydən düşməmişdilər, Azərbaycanda yetişmişdilər.

Arif Əsədov SSRİ yığması ilə gənclər arasında dünya çempionu olub. Tərlan Əhmədovla Ruslan Lukin isə Avropa çempionluğunu qazanıblar. Macarıstanda keçirilən çempionatda Tərlan Əhmədov turnirin ən yaxşı müdafiəçisi seçilib, Lukin isə bombardir olub.

Ərköyünlük, rejimə əməl etməmək və kabab

Nə olurdusa, 18-19 yaşdan sonra olurdu. Ondan sonra azərbaycanlı futbolçuların inkişafı dayanırdı. Bunun da bəlli səbəbi vardı. Ölkəni SSRİ çempionatında cəmisi bir komanda – “Neftç”i təmsil edirdi. Bu komandada isə idarəetmə bərbad idi. Daim intriqalar içində boğulub “Neftçi”. Heyətində yetərincə istedadlı futbolçuların olmasına baxmayaraq həmişə autsayderlər arasında olub. İntriqalar və futbolçuların intizamsızlığı, idman həyatına biganə münasibəti əsas bəla sayılıb. Azərbaycanda Valeri Lobanovski kimi sərt mütəxəssis olmayıb ki, həmin istedadların ipini yığa bilsin. Kiyev “Dinamo”sunun əfsanələrindən olan Andrey Bal deyir: “Bu gün toyum oldu, sabah tezdən isə məşqə gəldim. Gəlməsəydim, Lobanovski mənim mövqeyimdə başqa futbolçu oynadacaqdı. Onun oyunu xoşuna gəlsəydi, mən ehtiyatda qalacaqdım”.

Necədir? Dünya səviyyəli nəhəng futbolçu Banişevskini ərköyünlük, rejimə əməl etməmək, azərbaycanlıların kabab qonaqlığı inkişafdan saxladı. Çılxa istedad olan Tolik istedadının heç 30 faizindən də yararlanmadı.

Türkiyədə Vidadi Rzayev yox idi

Banişevski dövründən qayıdaq yaxın tarix. 80-ci illərə. Nazim Süleymanov, Yunis Hüseynov, Vidadi Rzayev… Çoxdurlar, amma bu 3-ündən yapışıram. Çox istedadlı olublar. SSRİ 80-ci illərin əvvəlində dağılsaydı, onların hər biri Avropanın adlı-sanlı klublarında çıxış edərdilər. Amma Nazim Süleymanovu çıxmaq şərtilə digər ikisi heç bir titul qazanmadılar futbolda. Allahın bəxş etdiyi nəhəng istedadı intizamsızlığa qurban verdilər. Bir az iradələri olaydı, bir də düşəydilər Lobanovski kimi məşqçinin əlinə, nələr etməzdi Yunis Hüseynov, Vidadi Rzayev.

Vidadinin Türkiyədə oynadığı vaxtları xatırlayıram. Əminliklə deyirəm, yox idi orada onun qədər istedadlı oyunçu. Onların arasından yalnız Nazim Süleymanov özündə iradə tapdı, getdi Rusiyaya. Nəticəsi də bəllidir. Rusiya çempionu oldu, hələ də Vladiqafqaz ondan danışır. Və çoxları bilmir ki, Nazim Süleymanov “Real”dan da təklif alıb. Amma Qazzayevin hikkəsinin qurbanı olub. İstedadların rejimə əməl etməmək məsələsinə bir də qayıdaq və elə Vidadi Rzayevin 2018-ci ildə “sportnet.az” saytına verdiyi müsahibədən bir sualın cavabını oxuyaq: “Desəm ki, hər zaman rejim saxlamışam, yeməyimə xüsusi diqqət yetirmişəm, yalançı olaram. Heç komanda yoldaşlarım da mənə bunu etməyə imkan verməyəcəklər. Hətta hamamdan və masajdan da nadir hallarda istifadə edirdim. Amma gənclərə tövsiyə edərdim ki, peşəkar olsunlar. İndiki futbol onlardan məhz peşəkar olmağı tələb edir”. İndiki yox, elə əvvəlki futbol da peşəkar olmağı tələb edirdi. Amma təəssüf ki, azərbaycanlı istedadlar buna riayət etmirdilər.

İndiki “Qarabağ”ın özəyini təşkil edənlər

Bir az da yaxına gələk – 90-cı illərə. Azərbaycan futbolunda xaos yaşananda Kamal Quliyev, Samir Əliyev, Tərlan Əhmədov Ukrayna və Rusiya klublarında rahatlıqla futbol oynayırdılar. Özü də həmin vaxt bu ölkələrin komandalarındakı futbolçular SSRİ məktəbinin yetirmələri sayılırdı, yəni rəqabət çox amansız idi. Hələ neçə-neçə futbolçumuz İranda oynayırdı. Şahin Diniyev İsraildə rahatlıqla top çiləyirdi. Harada yetişmişdi onlar? Göydən düşmüşdülər? Azərbaycanlı deyildilər? Bu futbolçulardan sonrakı nəsil – yəni futbol oynamağı bacaranlar indiki “Qarabağ”ın özəyini təşkil etdilər 13-14 il əvvəl. Qurban Qurbanov Avropa yürüşünə əsası azərbaycanlılardan təşkil olunan futbolçularla çıxmışdı. Sonra nə oldu?

Uşaq məşqçiləri ilə valideynlərin separat həmrəyliyi 

Sonra faciə oldu. Azərbaycan futboluna neftin pulu axmağa başladı. Pul gücünə Qurban Qurbanovun əlindən aldılar o futbolçuları. Beləcə, pulla doyurdular onları, inkişafdan saxladılar – Rəşad Sadıqovu, Əfran İsmayılovu, Rəşad Sadiqovu, Rauf Əliyevi, Elnur Allahverdiyevi. Kim etdi bunu?

O vaxt “Neftçi”nin prezidenti olan Rövnəq Abdullayevlə “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovun çirkli rəqabətindən başladı hər şey. Hər iksi neftin pullarını xərcləyirdi futbola. Mübariz Mənsimov Azərbaycan neftini daşıyırdı, Rövnəq Abdullayev də elə neftin üstündə oturmuşdu. Futbolçunun aylıq məvacibi 50 min manata yüksəldi. Bahalı legionerlər gəldi. Uşaq futbolu Allahın ümidinə buraxıldı.

Futbolçu  ayda 50 min manat məvacib aldığı halda, uşaq məşqçiləri 300 manata işləyirdilər. Futbolçuların qazancını görən valideynlər də şirnikləndilər. Nəyə lazım təhsil? Beləcə, axın başladı uşaq məşqçilərinin üzərinə. Dünənə qədər ancaq istedadı olanlar futbola üz tuturdusa, indi kütləvi şəkildə hamı axırdı stadionlara. Bundan sonra uşaq məşqçiləri ilə valideynlərin separat həmrəyli yarandı. İstedadsız övladını nəyin bahasına olursa-olsun futbolçu görmək istəyən valideyn məşqçiyə rüşvət verdi. Aylıq məvacibi 300 manat olan məşqçi bundan imtina edə bilməzdi. İstedadı olan kasıblar isə əlacsız idilər. Və bunun ardınca dəllal-agentlər şəbəkəsi formalaşdı. Onlar da klublardakı dəllal-rəhbərlərlə əlaqə yaratdılar. Hər kəs “himayəsinə” 5-6 futbolçu götürdü. Həmin futbolçularla (çoxu da istedadsız) “karusel əməliyyatı” qurdular. Onları bu klubdan o kluba, o klubdan bu kluba göndərdilər. Təbii ki, hər kəs haqqını artıqlaması ilə alırdı.

Beləcə, uşaq futbolu yaddan çıxdı. Yox, Allahın yadından çıxdı. Allahın yadından çıxan yerdə isə şeytan peyda olur. Oldu da. Bu gün Azərbaycanın uşaq futbolu “şeytan”(lar)ın nəzarətindədir. Şeytan cildində isə hamını görə bilərik – uşaq məşqçilərini, valideynləri, agentləri, klub rəhbərlərini. Bay, onda Azərbaycanda təkcə uşaq futbolu “şeytan”(lar)ın nəzarətində deyil ki…

Bu, uşaq futbolunun ümumi mənzərəsi. Ayrı-ayrı komandalarda uşaq futboluna münasibətə isə digər yazılarda toxunacağıq.

Natiq Muxtarlı

 

Exit mobile version