“Real”ın baş məşqçisi Karlo Ançelotti daha bir nailiyyət əldə edib. Aut.az xəbər verir ki, 4 futbolçu məhz Ançelottinin rəhbərliyi altında çıxış edərkən “Qızıl top” qazanıb. İtalyan mütəxəssis “Qızıl top” alan daha 6 futbolçuya da ayrı-ayrı vaxtlarda rəhbərlik edib.
Onun rəhbərliyi altında ilk dəfə 2004-cü ildə Andrey Şevçenko “Qızıl top”u qazanıb. Həmin vaxt Ançelotti “Milan”ın baş məşqçisi, Şeva isə lideri idi.
2007-ci il, yenə də “Milan”. Bu dəfə “Qızıl top”u Ançelottinin rəhbərliyi altında oynayan Kaka əldə etdi. Sonralar mətbuata verdiyi açıqlamada braziliyalı bildirmişdi ki, Ançelotti karyerasında ən yaxşı məşqçidir.
2014-cü ildə Kriştiano Ronaldo Ançelottinin tapşırıqlarına əməl edirdi. Həmin vaxt onlar “Real”da idilər. Portuqal futbolçu 2014-cü ildə 3-cü dəfə “Qızıl top”u qazandı.
Və 2022-ci ildə Kərim Benzema layiq olduğu mükafata qovuşdu. O, ötən mövsüm Ançelottinin rəhəbərliyi altında “Real”da 46 oyunda 44 qol vurub.
Ançelotti “Qızıl top”un daha 6 sahibinə də ayrı-ayrı vaxtlarda göstərişlər verib:
- 2006 – Fabio Kannavaro (Ançelottinin rəhbərliyi altında 1996-1998-ci illərdə oynayıb)
- 1998 – Zinəddin Zidan (1999-2001)
- 1999 – Rivaldo (2002-2003)
- 1997, 2002 – Ronaldo (2007-2008)
- 2005 – Ronaldinyo (2008-2009)
- 2018 – Luka Modriç (2013-2015, 2021-ci ildən).