AUT.AZ

Mədəndə barmaqlarını itirib, “qul müqavilələri”nə qarşı mübarizə aparıb – Fotolar

Kərim Benzema “Qızıl top”u qazanan beşinci fransız oldu. Birincisi isə ötən əsrin ortalarının əfsanəvi hücumçusu, uşaqlığını yerin altında keçirmiş, barmaqlarını itirmiş, futbolçuların hüquqları uğrunda mübarizə aparan Raymond Kopa idi.

2018-ci ildə “France Football” “Kopa mükafatı” təsis etdi. Bu mükafat 21 yaşa qədər ən yaxşı oyunçuya verilir. Artıq Kilian Mbappe, Matteys de Liqt, Pedri və Qavi bu mükafatı alıblar. Amma çətin ki, onlardan hər hansı biri Raymond Kopanın keçdiyi çətinliklərlə üzləşsin.

 

İş ardınca Polşadan Fransaya köç

Futbolçunun tam adı və soyadı belədir: Raymond Kopaşevski. Onun valideynləri, əslən polyaklar, 1919-cu ildə Fransaya köçdülər: Birinci Dünya Müharibəsindən sonra bir çox polyak  işləmək üçün başqa ölkələrə gedirdilər. Polşadan olan bir neçə min immiqrant Belçika ilə sərhəddə işlə təmin olundu. İş çətin idi: immiqrantlar kömür çıxarırdılar və az qala bütün ailə mədənə enirdi. 1931-ci ildə Kopaşevskilərin Raymond adlı oğlu dünyaya gəldi.  Evdə əsasən polyak dilində danışırdılar və onun ilk dostları miqrantların nəslindən idi. Mədənçilərin əksəriyyəti çətin aqibətlə üzləşdi: Kale bölgəsinə köçdükdən sonra polşalı ailələrə pul qazanmağın başqa yolları qadağan edildi.

Məktəbdə verilən ləqəb

Məktəbdə Raymond “Kopa” ləqəbini aldı – “Kopaşevski”nin qısaldılmış forması. Təhsil ona çətin gəlirdi, əsas sevgisi futbol idi. Artıq 10 yaşında yerli həvəskar komandaya qəbul edildi. Bu komandanı kömür mədənində işləyən mühəndis idarə edirdi. 4 il sonra isə Kopa da kömür çıxartmaq üçün yerin altına endi.

Bir dəfə yerin altında qəza baş verdi: sürüşmə nəticəsində Raymond sol əlinin baş barmağını itirdi. Buna görə ona ömrünün sonuna qədər təqaüd təyin etdilər. Qəzadan sonra Kopa qazanxanaya köçürüldü, lakin o, mədəndə ağır əməyin təhlükəsini hiss edirdi. Buna görə də, daha az təhlükəli bir iş axtarırdı. Amma sonralar etiraf edirdi ki, birjalara müraciəti həmişə cavabsız qalırdı. Kopaşevski soyadı Fransada ona başqa iş tapmağa mane olurdu.

“Anje”dən gələn təklif

Amma əvəzində futbolda hər şey əla alındı. 1948-ci ildə Raymond gənclər turnirlərində əla çıxış etdi. Bu turnir, bir növ əmək yarmarkasına – kütləvi oyunçu seçiminə bənzəyirdi. Kopa Fransa gənclər komandasının skautları tərəfindən bəyənildi. Lakin o, hələ də pasportda polyak idi və vətəndaşlığı dəyişməyə yalnız 21 yaşından sonra icazə verilirdi. Lakin 1949-cu ildə “Anje” ona müqavilə təklif etdi. Bu kluba keçdikdən sonra Raymond 17 yaşına qədər işlədiyi mədəndən ayrıldı. İndi o, ayda 9000 frank alırdı – azyaşlı oyunçu üçün çox idi. Üstəlik, 1949/50 mövsümünün gedişində məvacibini iki dəfə artırdılar.

 Ard-arda qazanılan mükafatlar

Bundan sonra baş verənlər isə nağıllardakı kimi alındı. Kopa “Anje”də çox qalmadı. 1951-ci ildə “Reyms”ə keçdi. İlk mövsümdə 33 oyunda 13 qol vurdu. Elə həmin mövsüm azarkeşlər anladılar ki, qarşısıalınmaz bu balacaboy (onun boyu 169 sm idi) futbolçu dünya səviyyəlidir.

Dərhal da titullar gəldi. İlk mövsümdə Fransa çempionu oldular. İki il sonra bu uğur təkrarlandı. Kopa mütəmadi olaraq yığmaya çağırılırdı. 1956-cı ildə isə artıq “Real”ın ulduzları arasında idi.

“Real”da ilk mövsümdə cəmi 8 qol vursa da, dərhal Çempionlar Kubokunu qazandı. 1959-cu ilə qədər o, bu kuboku daha iki dəfə əldə etdi. Həmin vaxt yığmada da əla oynayırdı. Fransa 1958-ci il mundialında bürünc medal qazandı, Kopa 3 qol vurdu.

Və “France Football” jurnalı Raymonu Avropada ilin futbolçusu elan etdi (1995-ci ilə qədər kubok yalnız avropalılara verilirdi). Raymond bu mükafatı qazanan ilk fransız və ikinci “Real”lı idi.  Bir il əvvəl mükafat Di Stefanoya verilmişdi. Buna qədər isə o,  səsvermədə iki dəfə üçüncü, 1959-cu ildə isə ikinci yeri tutmuşdu.

“Qul müqaviləsi”nə qarşı mübarizə

Kopa 1963-cü ildə futbolçuları qullarla müqayisə etdi. O, əsasən, Fransa liqasında tətbiq edilən müddətsiz müqavilələrdən narazı idi. Onun mübarizəsi 1969-cu ildə bəhrəsini verdi, məhz həmin ildən futbolçularla müddətli müqavilələr bağlandı.

Kopa karyerasını bitirəndən sonra da müxtəlif işlərin qulpundan yapışdı. Baxmayaraq ki, inkişaf etmiş biznesi də vardı. 1970-ci illərdə radioda işlədi, 1985-ci ildə (54 yaşında) Paris-Dakar çoxgünlük rallisində şturman idi. 1991-ci ildə “dəmir pərdə” aradan qaldırıldıqdan sonra isə o, ilk dəfə valideynlərinin vətənini – Polşanı ziyarət etdi.

Tərcümə Aut.az-a məxsusdur

 

Exit mobile version