AUT.AZ

Rövnəq Abdullayevi həbsdən qoruyan yeganə sığınacaq

Avqustun 15-də FİFA Hindistan Futbol Federasiyasını (HFF) sıralarından xaric etmişdi. Buna səbəb isə Hindistan Ali Məhkəməsinin federasiya prezidenti Praful Rateli haqda çıxartdığı qərar idi. Federasiyada 2020-ci ildə planlaşdırılan prezident seçkiləri keçirilmədiyi üçün məhkəmə Rateli vəzifəsindən azad etmişdi. Amma FİFA sanksiya tətbiq edincə, qərar ləğv olundu.

FİFA həmişə belə işləyib. Təşkilatın üzvləri dövlət içində dövlət olublar. Ali futbol qurumunun yerli təşkilatları ölkələrin qanunları ilə yox, FİFA-nın qanunları ilə fəaliyyət göstərirlər. Ona görə də, ayrı-ayrı ölkələrdə futbol federasiyasının prezidenti postu korrupsionerlərin marağını daim cəlb edib. Onlar bu postda uzun illər əyləşərək rahat şəkildə korrupsiya ilə məşğul olublar. Elə FİFA-da keçirilən korrupsiya əməliyyatı da bunu sübut etdi.

Ancaq o əməliyyatdan sonra da durum dəyişməyib. FİFA yenə də korrupsiyalaşmış obrazdadır. AFFA da eyni durumdadır. Azərbaycan futbolu uzun illərdir ki, Rövnəq Abdullayevin inhisarındadır. Bir müddət əvvəl Abdullayev SOCAR-dan uzaqlaşdırılanda, cəmiyyətdə belə bir inam yarandı ki, o, tezliklə AFFA-dan da qovulacaq və məsuliyyətə cəlb ediləcək.

Amma bu, o qədər də asan iş deyil. Birincisi, Rövnəq Abdullayev hakimiyyət daxilində olduqca güclü təsir imkanlarına malik qruplaşma tərəfindən himayə olunur. Onun SOCAR-dan uzaqlaşdırılmasına da bu qruplaşma hər vəchlə mane olurdu.

Belə “şiş” bədxassəli sayılır. Onu birdən-birə kəsib atmaq əlavə fəsadlar törədə, metastaz verə bilər. Ona görə də, proses maksimum səbirlə aparılır.

Amma o da dəqiqdir ki, Rövnəq Abdullayevin AFFA-dan uzaqlaşdırılması SOCAR-dan göndərilməsindən daha çətin olacaq. Ona görə ki, Abdullayev məsuliyyətdən qorunmaq üçün AFFA-da qalmağın vacib olduğunu bilir. Onu da yaxşı anlayır ki, əgər korrupsiya əməllərinə görə həbs edilsə, Azərbaycan FİFA-nın sanksiyaları ilə üzləşəcək. Deməli, həbsdən müvəqqəti də olsa xilas olmaq üçün yeganə sığınacaq AFFA-dır. Rövnəq Abdullayev üçün prioritet hədəf AFFA-dakı postunu qorumaqdır. Məxsus olduğu qruplaşmanın dəstəyi ilə buna nail olur, hələ ki. Bu səbəbdən də futbol təsərrüfatında kadr islahatları gecikir. Güman ki, hələ gecikəcək də. Uduzan isə yenə də Azərbaycan olur. Amma bütün hallarda, əvvəl-axır, Rövnəq Abdullayev futbol təsərrüfatında törətdiyi əməllərə görə cavab verəcək. Necə ki, gec-tez bütün korrupsionerlər bu cavabı verməli olurlar.

Aut.az

Exit mobile version