AUT.AZ

Karpov Raufu tənqid etdi – Adamı müalicə etdirmək lazımdır

Xəbər verdiyimiz kimi, “Titled Tuesday” turnirində Maqnus Karlsenlə qarşılaşan Rauf Məmmədov cəmisi bir gediş etdikdən sonra təslim olub. Raufun  e4 gedişinə Maqnus şahmatda qeyri-peşəkar gediş hesab edilən g5-lə cavab verib. Rauf bunu özünə qarşı hörmətsizlik hesab edərək, nümayişkaranə surətdə təslim olub. Şahmat dünyasının ünlü ismləri bu olaya biganə qalmayıblar. Aut.az xəbər verir ki, şahmat üzrə 12-ci dünya çempionu Anatoli Karpov Rauf Məmmədovu tənqid edib:

“Məmmədovun niyə əsəbiləşdiyini başa düşə bilmirəm. Bu oyunda qalib gəlməklə istehzaya cavab vermək lazım idi. Maqnus istədiyi kimi oynamaqda sərbəstdir. Bu vəziyyətdə oyunda tez qalib gəlmək və bununla da belə davranışın  axmaqlıq olduğunu göstərmək daha yaxşı olardı. Karlsenin bu hərəkətində çağırış var idi? Nə çağırış? Davam etmək lazım idi, imtina üçün heç bir səbəb görmürəm. Adamı müalicə etmək lazımdır, mən Karlseni nəzərdə tutmuram. Demək ki, belə oynayır və uduzmaqdan qorxmur, afərin”.

Başqa bir rusiyalı qrossmeyster Sergey Karyakin isə olaya belə münasibət bildirib:

“Məncə, Rauf Maqnusun bu hərəkətini çox emosional qəbul etdi. Əslində bundan istifadə edərək qələbə qazansaydı, yaxşı olardı. Üstəlik, həmin vaxt turnirdə birinci yerdə idi. Məncə,  həyəcanlandı. Razıyam ki, bu, Karlsen tərəfindən yaxşı davranış deyil. Amma o, idman üslubunda cəzalandırılmalı idi. Karlsenin bu hərəkəti o deməkdir ki, boksçu rinqə çıxıb, sadəcə əllərini aşağı sallayaraq rəqibinə gülür”.

Aut.az

Exit mobile version