AUT.AZ

“Tanrının əli” toxunan top 3 milyona satılır – Fotolar

1986-cı ildə keçirilən dünya çempionatının 1/4 finalında Dieqo Maradona futbol tarixinin ən səs-küylü qollarından ikisini vurdu. O, əvvəlcə topu əli ilə britaniyalıların qapısına göndərdi. Sonralar Maradona demişdi ki, topa toxunan “Tanrının əli” olub. Bir neçə dəqiqədən sonra isə mərkəz xəttin yaxınlığında topu qəbul edən Dieqo İngiltərənin müdafiə xəttini pərən-pərən edib  qol vurdu.

36 ildən sonra həmin matçın baş hakimi – tunisli Əli Bin-Nasser Dieqo Armandonun birbaşa iştirakı ilə futbol tarixinə əbədi olaraq daxil olan topu hərraca çıxarmaq qərarına gəlib. “Bu top futbol tarixinin bir hissəsidir. Bunu dünya ilə paylaşmağın vaxtıdır”, – deyə Bin-Nasser hərrac haqda məlumat verib.

Top noyabrın 16-da Qətərdə keçiriləcək dünya çempionatına həsr olunmuş xüsusi tədbir çərçivəsində satılacaq. Güman olunur ki, topu 3 milyon funt sterlinqə satmaq mümkün olacaq. Hərracın sədri Qrem Badd belə deyib:

“Bir anda üst-üstə düşən bir neçə amil 1986-cı il mundialında Argentina və İngiltərə arasındakı matçın futbol tarixində ən məşhur və emosional oyunlardan birinə çevrilməsinə səbəb oldu. Bütün bunları nəzərə alaraq, biz lotun çox populyar olacağını gözləyirik”.

Bu ilin mayında Maradonanın İngiltərəyə qarşı oyunda geyindiyi forma 7,14 milyon funta satılmışdı, baxmayaraq ki, ilkin olaraq 4,3 milyon funt-sterlinq qiymətləndirilmişdi. Bu satış Dieqonun köynəyinin dünyanın ən bahalı idman atributuna çevrilməsinə imkan verdi. Amma uzun müddətə yox.

Artıq avqustda rekord qırıldı. Mikki Mentlanın beysbol kartı 10,1 milyon funta satıldı. “Heritage Auctions”-ın idman auksionlarının direktoru Kris Ayvinin rekordla bağlı açıqlaması belə olub:

“On il əvvəl hərracda səkkizrəqəmli nəticə idman bazarı üçün fantastik hesab olunurdu. Biz bilirdik ki, bu kart bütün rekordları və gözləntiləri üstələyəcək”.

Mentlanın kartı 1952-ci ildə buraxılıb. O, 50-60-cı illərdə “Nyu-York Yankis” komandası ilə yeddi dəfə Dünya Seriyasını qalibi olub.

Aut.az

 

Exit mobile version