AUT.AZ

“Şimal canavarı”na əzab vermədi, ilk raundda zərərsizləşdirdi

Oktyabrın 16-da Bakı vaxtı ilə səhər tezdən Bruklindəki (Nyu-York, ABŞ) “Barclays Center”-də Deonte Uaylder və Robert Helenius arasında boks gecəsi baş tutdu.

Aut.az xəbər verir ki, bu, Uaylderin Tayson Fyuriyə ardıcıl iki məğlubiyyətindən sonra ilk döyüşü idi. O məğlubiyyətlərə baxmayaraq, Deonte yenə də təhlükəli nokautçu sayılırdı. Tərəzidə amerikalı 97,3 kq, fin Helenius isə 114,2 kq idi. Fin boksçu çəkidə 17 kq, amerikalı isə boyda 1 sm artıq gəldi.

Döyüşün əvvəlində üstünlüyü fin boksçu ələ aldı. O, Uaylderi kəndir boyu qovur, daha tez-tez zərbə vurdu. Baxmayaraq ki, bir qədər yöndəmsiz görünürdü. Məhz bu amil döyüşün tezliklə bitəcəyini göstərirdi. Deontey əvvəlcə təəccüblü dərəcədə passiv idi. Amma bu da gözlənilən idi. Adətən o, rinqin mərkəzini nəzarətə götürüb qurbanının işini bitirir. Bu dəfə isə fərqli taktika seçmişdi.

Birinci raundun bitməsinə üç saniyə qalmış amerikalı işi bitirdi. Helenius uğursuz hücum zamanı çox açıldı. Kəndirə sıxılmış  Uaylder belə səhvi bağışlamazdı. Sağ əllə endirilən zərbədən sonra “şimal canavarı” nokauta düşdü.  Bu, Uaylderin  karyerasında 42-ci (43 qələbə) və ilk raundda 21-ci nokautdur. Fenomenal göstəricidir.

Beləliklə, Uaylder Tayson Fyurinin sahib olduğu WBC kəmərinə rəsmi iddiaçı titulunu qorudu. Bununla belə, Deontey Aleksandr Usiklə döyüşmək istəyir, bunu döyüşdən sonra verdiyi müsahibədə də etiraf edib. Gələn il boks dünyasında hadisələr daha maraqlı olacaq.

Aut.az

Exit mobile version