AUT.AZ

Rauf Məmmədov cəmisi bir gedişdən sonra Karlsenə niyə təslim oldu?

Şahmat dünyasında gərginlik yaşanır. Aut.az xəbər verir ki, bu gərginliyin mərkəzində azərbaycanlı şahmatçı Rauf Məmmədov da var. Bir müddət əvvəl dünya çempionu Maqnus Karlsen Hans Nimannla görüşdə cəmisi bir gediş etdikdən sonra nümayişkaranə surətdə təslim olmuşdu. Bu dəfə eyni hərəkəti Karlsenlə oyunda Rauf Məmmədov edib.

“Titled Tuesday” turnirdə 10-cu turdur. Rauf Məmmədov 9 oyundan 8 xal toplayaraq vahid liderdir. 10-cu turda qarşılaşdığı Karlsen ondan 0,5 xal geri qalır. Amma Məmmədov onunla görüşdə cəmisi bir gediş etdikdən sonra təslim oldu. Böyük səs-küyə səbəb olan bu hadisə ilə bağlı Rauf Məmmədovdan “Levitov Chess” müsahibə alıb. Aut.az müsahibəni ixtisarla təqdim edir.

– Rəqibin Karlsen olmasına baxmayaraq qələbə üçün oynayacaqdınız?

– 22 ildən çoxdur ki, onlayn blits oynayıram. Orada çoxlu şahmatçılarla tanış oldum. Bəli, Maqnus böyük çempiondur, amma blitsdə həmişə qalib gəlmək üçün oynayıram, hamı kimi.

– Beləliklə, siz 1.e4 gedişini edirsiniz və 1…g5 cavabı alırsınız. İlk reaksiyanız necə oldu?

– “Titled Tuesday gözəl heyət toplayır, bütün insanlar şahmat oynamaq üçün buraya gəlir, kimsə pul qazanır. Və sonra – 1.e4 g5! Mən qərar verdim ki, davam etməyim.  Əgər sən bizi ələ salmağa gəlirsənsə… Yox, mənimlə bunu edə bilməzsən. Haqlı olduğumu düşünmürəm, amma bütün hallarda belə bir prosesdə iştirak etmək istəmirəm.

– İndi sakit başla, hər hansı fikriniz varmı?

– Bəli! Təsəvvür edin, Mərkəzi Şahmat Klubuna  çox gənc Kasparov və ya Karpov gəlir, onunla üzbəüz reytinq əmsalı 2650-dən çox olan qrossmeyster oturub və o, 1.e4 g5 oynayır. Axı səni döyəcəklər, ha, ha!

– Məğlubiyyət düyməsini basmazdan əvvəl nə qədər düşündün?

– Bir neçə saniyə. Amma sizə bir sirr açım: Mən bilirdim ki, Maqnus bəzən belə oynayır. Mən isə özümə söz vermişdim: əgər mənimlə belə etsə, onda dərhal təslim olub çıxacağam. Təəssüf ki, bu, 10-cu turda, mən vahid lider olanda baş verdi.

– Sizcə, Karlsen niyə belə edir? O, həqiqətən də rəqibləri ələ salır, yoxsa…

– Mənə elə gəlir ki, o, “sığortalanıb” ki, Karlsendir, dünya çempionudur. Əgər turnirdə qalib gəlmirsə,  deməli, 1…g5 və ya 1.g4-ə görə belə olub.

– Bu olay gələcək münasibətlərinizə təsir edəcəkmi?

– Mənim onunla heç bir münasibətim yoxdur. Şahmatçı və dünya çempionu kimi ona hörmət edəcəyəm. Sadəcə, mənə elə gəlir ki, belə davranış yolverilməzdir, hətta sən başqalarından xeyli üstün olsan belə. Onunla gələcək qarşılaşmalarımıza gəlincə, Karlsenlə  tez-tez oynamıram.

– Başqa bir şey əlavə etmək istərdiniz?

– Ən əsası odur ki, mən heç kimə dərs vermək istəmirəm. Bu, mənim baxışımdır, onu heç kimə zorla qəbul etdirmək niyyətində deyiləm. Belə turnirdə 1…g5 gedişi… Dünya çempionunun belə hərəkəti səhvdir. Karlsenlə oyundan həmişə gözləntilər çox olur, amma bunun əvəzində ələsalma…

Aut.az

Exit mobile version