AUT.AZ

Qətərdə “qu quşu nəğməsi” oxuyacaq ulduzlar

Qətərdə keçiriləcək mundial futbolunun xeyli sayda ulduzları üçün sonuncu dünya çempionatı olacaq. Aut.az Qətərdə “qu quşu nəğməsi” oxuyacaq ulduzların siyahısını təqdim edir:

Lionel Messi (Argentina)

Argentinalı hücumçu bir neçə gün əvvəl verdiyi açıqlamada “Qətərdəki dünya çempionatı mənim üçün sonuncu olacaq” deyib.  Və əlavə edib ki, komandasını turnirin favoriti hesab etməsə də, “hər şeyin yaxşı olacağına” ümid edir.

35 yaşlı Messi üçün qarşıdan gələn dünya çempionatı karyerasında beşincidir. Argentinalıların bu dövrdə ən yüksək nailiyyəti 2014-cü ildə Braziliyada qazanılan “gümüş”dür. Həmin vaxt Messinin komandası finalda Almaniyaya əlavə vaxtda məğlub olub – 0:1.

Kristiano Ronaldo (Portuqaliya)

 

Portuqaliyalı hələ gələcək planları barədə qərar verməyib. Deyir ki Avro 2024-də də oynamaq niyyətindədir. Bununla belə, qarşıdan gələn dünya çempionatı çox şey göstərəcək, amma unutmayaq ki, 37 yaş superulduz üçün istənilən manevr imkanı yaratmır. Ronaldo 2020-ci ildə demişdi: “Mən tez-tez tətildə Qətərə gedirəm və şadam ki, bu ölkə dünya çempionatına ev sahibliyi etmək üçün seçilib”. Kriştiano üçün də qarşıdan gələn dünya çempionatı beşinci olacaq. O, rekord vura, tarixdə 5 mundialda qol vuran futbolçu kimi qala bilər.

Uqo Loris (Fransa)

Böyük ehtimalla, DÇ-2022 Fransa yığmasının 35 yaşlı qapıçısı və kapitanı üçün də sonuncu mundial olacaq. Bununla belə, Rusiya-2018-də qazanılan qələbənin memarlarından biri olan Uqonun Qətərə gedib-getməyəcəyi hələ dəqiqləşməyib.

O, sentyabr ayında ombasından zədə almışdı. Hələlik “Tottenhem”də əvvəlki etibarını qaytara bilməyib. Loris Fransa millisində keçirilən oyun sayına görə qapıçılar arasında liderdir. Millidə 87 oyun keçirən Fabien Bartezi hələ 2017-ci ildə geridə qoyub. Qətərdəki dünya çempionatı Lorisin karyerasında dördüncü olacaq. 

Luka Modriç (Xorvatiya)

DÇ-2018-də Xorvatiyanın “gümüş” komandasının kapitanı olan 37 yaşlı Luka Modriç də Qətərdə “qu quşu nəğməsi” oxuyacaq. “Luka Avro-2024-ə qədər qalmaq qərarına gəlib, amma bundan o tərəfə yox” – millinin sabiq həkimi Zoran Bəxtiyaroviç jurnalistlərə bildirib. Qətərdə Modriçdən çox şey asılı olacaq. Yaşına baxmayaraq, 2018-ci ildə “Qızıl top”un qalibi hələ də “Real”da liderlərdən sayılır.

Serxio Buskets (İspaniya)

 

“Barselona”nın kapitanı 120-dən çox oyun keçirdiyi millidə karyerasını bitirmək niyyətini hələ ki, açıqlamayıb. Amma yaş yaşdır – onun bu il 34 yaşı tamam oldu. Qarşıdan gələn dünya çempionatı Serxionun karyerasında dördüncüdür. 2010-cu ildə ispanlar finalda hollandları 1:0 hesabı ilə məğlub edəndə Buskets də mundialın qalibləri arasında idi.

Olive Jiru (Fransa)

O

Fransa millisinin heyətində iki dünya çempionatının iştirakçısı olan “Milan”ın 36 yaşlı hücumçusu Qətərə getməyə çox ümidlidir. “Turnirdə iştirak etmək üçün əlimdən gələni etdim. Nəyi bacarırdımsa, onu da göstərdim. Bununla belə, milli komandaya dəvət alacağıma 100 faiz əmin deyiləm”, – deyə Jiru bir müddət əvvəl bildirib. “Milan”da vurduğu qolları nəzərə alsaq, veteran hücumçunu mütləq mundialda görəcəyik. Amma son dəfə.

Manuel Noyer (Almaniya)

36 yaşlı qolkiper uzun müddətdir ki, millidəki karyerasını bitirməyi düşünür. Hələ Avro-2020-dən əvvəl belə açıqlamalar vermişdi, amma sonra fikrini dəyişərək DÇ-2022-yə qədər qalmağa üstünlük verdi. Ola bilsin ki, DÇ-2018-dəki uğursuzluğun əvəzini çıxmaq üçün. Həmin mundiala almanlar dünya çempionu kimi yollansalar da, qrupdan çıxa bilməmişdilər. “2024-cü ildə də qapıda durmaq hədəfim yoxdur. Məni nə qədər ki, məmnun edir, nə qədər ki, lazımam, o vaxta qədər də milidə oynamaq istəyirəm. Qətərdə də belə olacaq” deyib Noyer.

Qaret Beyl (Uels)

Keçən yay inadkar uelsli “Real”dan  ayrılaraq MLS klubu “Los-Anceles”lə müqavilə imzaladı. Beylin 33 yaşı var. Amma Qətərdəki dünya çempionatı onun yaşına görə yox, komandasının səviyyəsinə görə sonuncu ola bilər. Uels sonuncu dəfə 1958-ci ildə dünya çempionatının final mərhələsinə yüksəlib. Və 2026-cı ildə bunu bacaracaqlarına heç bir zəmanət yoxdur.

Luis Suares (Uruqvay)

Uruqvay millisinin tarixində ən yaxşı bombardir, yəqin ki, sonuncu dəfə dünya çempionatına səfər edəcək. Suaresin 35 yaşı var. İndi o, doğma “Nasional”da oynayır, yəni klub karyerasının sonu uzaqda deyil. Baxmayaraq ki, hələ də qol vurur – “Liverpul”, “Barselona” və “Atletiko”da olduğu kimi.

Tərcümə Aut.az-a məxsusdur

Exit mobile version