AUT.AZ

Dünya çempionatını gözləyən təhlükə

Qətərdə keçiriləcək dünya çempionatının başlamasına bir aydan bir qədər çox vaxt qalıb. Lakin təşkilati işlərlə bağlı kifayət qədər suallar var. “Daily Mail”-in apardığı araşdırmalara görə ciddi narahatlıq doğuran məqam hava limanı ilə bağlıdır. İndi məlum olur ki, “Həməd” hava limanı hamını qəbul etmək iqtidarında deyil.

Dünya çempionatı zamanı (Qətərə və Qətərdən) uçuşların sayı iki dəfədən çox artacaq – gündə 700-dən 1600-ə qədər. Hava limanının rəhbərliyi üçün bu amil böyük çətinliklər yaradır – menecerlər hesab edirlər ki, bu cür trafikin öhdəsindən gəlmək mümkün olmayacaq.

 Səhv nədədir?

İndi hava limanında işləmək üçün tələsik kadr toplayırlar.  Radikal tədbirlər görməli oldular: hava limanının rəhbərliyi avqustdan dekabrın sonuna kimi nəzərdə tutulan bütün məzuniyyətləri ləğv etdi. 5 aya yaxın heç kəsin istirahət etməsinə icazə verilməyəcək.

Düzdür, bir problemin həlli digərini – iş mexanizmlərində ahəngsizliyi ortaya çıxarır. Düzgün təcrübə və təlim keçmiş kadrlar çatışmır. Yeni başlayanlara 20-30 saat təcrübə imkanı verilir. Bundan sonra isə onları işə götürüb-götürməmək qərarına gəlirlər.

İşçiləri qorxudurlar

Qətər dövləti adından işçiləri də qorxudurlar: işi “sabotaj” edən hər kəs cəzalandırılacaq. Bu, əməkdaşlara göndərilən daxili məktubda ayrıca bənddir: “Şəxslərin hadisələri sabotaj etməyə və iş prosesini ləngitməyə yönəlmiş arzuolunmaz hərəkətləri yolverilməzdir və dövlət tərəfindən ciddi şəkildə yatırılacaq. Kifayət qədər motivasiyası olmayan və hökumətin planlarını pozmaq üçün gizli niyyətləri olan işçilər sərt cəzalanacaqlar”.

Avqustda həll edilən problem

Yaxın günlərə qədər başqa bir qlobal problem də var idi – hava məkanının bloklanması. Bloklanma  2017-ci ildə Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Yəmən, Liviya, Maldiv adaları, Mavritaniya və Komor adaları Qətərin terrorizmi dəstəklədiyini əsas gətirərək bu ölkə ilə diplomatik əlaqələri kəsdiklərini elan etdikdən sonra yaranmışdı. 2022-ci ilin avqustunda Qətər hava məkanı ilə bağlı yaranan problemi həll etdi. Ona qədər “Qatar Airways”-in uçuşları orta hesabla 25 dəqiqə uzun çəkirdi.

Qətər hakimiyyəti “problem olmayacaq” deyir

Qətər hakimiyyəti isə saatda 100 uçuş və ya eniş həyata keçirə biləcəyini vəd edir. Təşkilatçılara görə, mundial zamanı maksimum 80 uçuş və ya eniş olacaq. Qətər Mülki Aviasiya İdarəsi (QCAA) də yaydığı bəyanatda hər hansı problemin olmayacağını bildirir:

“QCAA ən yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərir və öz öhdəliklərinə son dərəcə ciddi yanaşır. Bizim əsas məqsədimiz təhlükəsiz və səmərəli hava xidmətlərini təmin etmək və bütün istifadəçilər üçün sərnişindaşıma keyfiyyətini artırmaqdır. Dünya çempionatı zamanı yaranacaq sıxlığı nəzərə alaraq aeroportun idarəetmə sistemləri təkmilləşdirilib.

Hava dispetçerləri beynəlxalq tələblərə uyğun olaraq davamlı təlim və sınaqdan keçirlər. QCAA Təhlükəsizliyi üzrə Təlim və İdarəetmə Sistemi Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən müəyyən edilmiş standartlara cavab verir və onları üstələyir. Sistemlərimizin təkmilləşdirilməsi nəticəsində yaranan əlavə tutum ən son modelləşdirmə və yoxlama metodlarından istifadə etməklə təsdiq edilmişdir. Nəticədə Qətər saatda 100 uçuş və ya eniş həyata keçirə biləcək ki, bu da çempionat zamanı saatda gözlənilən 80 uçuş həddini aşacaq”.

Aut.az

Exit mobile version