AUT.AZ

“Belə fikirlər futbolçulara təsir edir” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Olimpiakos”a qarşı keçirdikləri oyunu şərh edib.

Aut.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:0 hesabı ilə bitən oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Qələbə qazanmağı çox istəyirdik. Gərgin matç keçdi. Rəqib həddindən artıq istəkli idi. Oyundan razı qaldım. Futbolçular sonadək yaxşı mübarizə apardılar. Onları təbrik edirəm. “Olimpiakos”a qarşıdakı görüşlərdə uğurlar arzulayıram”.

Qurbanov zədələnən Kadi Borgesin durumunun sabah bəlli olacağını söyləyib:

“Onun ağrıları var idi. İkinci hissənin əvvəlində əziyyət çəkdiyini gördük və əvəzlədik. İkinci yarıda oyunu ələ ala bildik. Rəqibin futbolçuları da öz təcrübələrindən yaxşı istifadə edirlər. Rotasiyalar edən komandalar çoxdur. Amma mən sistemi saxlamağa üstünlük verdim. 90 dəqiqə tam istədiyin kimi çıxış etmək mümkün deyil. Əsas odur ki, oyunçular matçdan qopmadılar”.

Qurbanov matçın gedişatında qrupun digər qarşılaşması haqqında məlumatının olmadığını diqqətə çatdırıb:

 “Görüş başa çatandan sonra “Nant”ın məğlub olduğunu bildik”.

Mütəxəssis rəqibin gücünə bələd olduqlarını deyib:

“Böyük tarixi olan komandaya və titullar əldə edən futbolçulara qarşı oynayırdıq. Belə oyunlarda onların təcrübəsi, ümumi bacarığı nəticəni müəyyənləşdirir. Bizdən gözləntilər çox olur. Azarkeşlər bizdən qələbə gözləyirdi. Belə fikirlər futbolçulara təsir edir. Çox da böyük futbol ölkəsi deyilik, klub olaraq Avropada böyük uğurlar qazanmamışıq. Komandada yorğunluq da var idi. Səfərdən sonra Bakıya gəldik, daha sonra Qəbələyə getdik. Hazırlıq planlarımız pozulmuşdu. Bu həftəni istədiyim tempdə məşq edə bilməmişdik. Belə cüzi narahatlıq var idi”.

Baş məşqçi komandasının çərçivəyə zərbə endirə bilməməsi barədə də danışıb:

“Olmamış olmaz. Rəsmi statistika da səhv edə bilər. Baxmaq lazımdır. Məncə, qapıçı top qaytarıb. Hər oyun, zərbə istədiyin kimi alınsa, məncə, maraqsız olar”.

Exit mobile version