AUT.AZ

Bu qrupda heç bir perspektivimiz yoxdur? – Jurnalistlərin proqnozu

Azərbaycan futbol millisinin “Avro-2024″ün seçmə mərhələdəki rəqibləri bəlli olub. Yığmamız turnirin final mərhələsinə çıxmaq üçün Belçika, Avstriya, İsveç və Estoniya seçmələri ilə mübarizə aparmalı olacaq.

Xatırladaq ki, növbəti Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərindəki “Festhalle” sərgi mərkəzində baş tutub.

Seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa “Avro-2024″ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlardan sonra bəlli olacaq. Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.

 

 “67 yaşlı birinin növbəti fokuslarına dözməli olacağıq”

 

“Çətin qrupa düşdük. Altı komandalı qrupda oynamağı istərdik. Amma sürpriz edə bilərik”. Bunu “Report”a açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünün nəticəsini dəyərləndirərkən deyib. Azərbaycan və Türkiyə millilərinin şanslarını futbol mütəxəssisləri ilə dəyərləndirdik…

 

İdman mütəxəssisi Kənan Məstəliyev qardaş Türkiyəni şanslı, Azərbaycanı şanssız görür: “Türkiyədən başlayaq. Gözlənilənlərin əksinə, bu qrupu qardaş ölkə üçün uğurlu adlandırardım. Nisbətən xorvatlar güclüdürlər, qalan rəqiblərlə rahat oynamaq, qalib gəlmək olar. Uels yaxşı komandadır, ancaq məğlubedilməz də deyil. Ermənilər isə son vaxtlar yüksəlişdə olsalar da, türklərin “dişinə görə” komandadırlar. Əminəm ki, Türkiyə bu qrupdan azı 2-ci yerlə çıxacaq.

Bizə gəlincə… Çətin qrup oldu, ancaq bizim üçün istənilən qrup çətindir. Millətlər Liqasında təsadüfi 3 qələbə o qədər eyforiya yaratmışdı ki, qarşımıza çıxacaq bütün rəqibləri yenə biləcəyimiz təəssüratı formalaşdırılmışdı. İndi cənab De Byazi başda olmaqla, komandası və ona güvənən AFFA İcraiyyə Komitəsi nəticə versin, görək necə verir? Bu qrupda heç bir perspektivimiz yoxdur. Möcüzə baş versə, 3-cülük uğrunda mübarizə aparacağıq, verməsə estonlarla qrup sonuncusu olmamaq yarışında olacağıq. AFFA De Byaziylə müqaviləni uzatmaqla strateji səhvə yol verib. Onun yerinə yerli mütəxəssis gətirilə, bu tsikl ərzində öz fəlsəfəsini, ideyasını tətbiq etməyə imkan yaradıla, güclü rəqiblərlə sınaqdan keçib, bizim üçün daha rahat olan növbəti Millətlər Liqasına yaxşı hazırlıq edə bilərdik. Əvəzində ölkənin yarısını özünə düşmən eləmiş, müasir futbolla yaxından-uzaqdan əlaqəsi olmayan, “Qarabağ”ın hesabına uğur qazanan 67 yaşlı birinin növbəti fokuslarına dözməli olacağıq”.

 

 “Azərbaycan yığması üçün hansı qrupda oynamağın önəmi yoxdur, çünki…”

 

İdman yazarı Natiq Muxtarlı da pessimist danışdı: “Azərbaycan yığmasının durumu elədir ki, onun qrupdan çıxmaq şansını müzakirə etmək mənasız görünür. Millətlər Liqasında olduqca zəif qrupda qalib ola bilməyən bir yığmadan Avropa çempionatının seçmə mərhələsində nə gözləmək olar? Əminliklə deyə bilərik ki, Azərbaycan yığmasının bu qrupda heç bir şansı yoxdur. Baxmayaraq ki, o qədər də güclü qrup deyil. Arif Əsədov qrupu güclü sayırsa, bəs onda İtaliya və İngiltərənin, Fransa və Niderlandın olduğu qruplar haqda nə deyərdi? Azərbaycan yığması üçün hansı qrupda oynamağın önəmi yoxdur, çünki qrupdan çıxmaq perspektivi yoxdur. Bizim üçün istənilən qrup güclüdür. Zəif Belarus, Slovakiya və Qazaxıstanla eyni qrupda nəticə olmayıbsa, təbii ki, İsveç, Belçika, Avstriyanın olduğu qrup güclü sayılmalıdır. Arif Əsədov da yığmamızın potensialına bələddir və şansımızın olmadığını bilir, ona görə də qrupu “güclü” kimi xarakterizə edir. Futbol ictimaiyyəti indi qrupda şansımızın olub-olmadığını müzakirə etməməlidir. Biz indi futbolumuzda islahatların vacib olmasını müzakirə etməliyik. Xüsusən də idarəetmə sistemində. Futbol təsərrüfatının idarə olunmasına peşəkarlar cəlb edilməsə, bizim üçün bütün seçmə mərhələlərdə istənilən qrup güclü olacaq. Türkiyə yığmasına gəldikdə, olduqca uyğun qrupa düşdüklərini deyə bilərəm. Qardaş ölkənin bu qrupda ən azı 2-ci yeri tutmaq şansı böyükdür. Xorvatiya nə qədər güclü olsa da, məğlubedilməz deyil. Uels yığması da əvvəlki gücünü itirib. Onlardan da dünya çempionatındakı məğlubiyyətin əvəzini çıxmaq olar. Amma məsələ burasındadır ki, Türkiyə futbolunda da ciddi qarşıdurma var. Bu qarşıdurma yığmanın çıxışına təsir edə bilər. Ümid edək ki, seçmə mərhələ başlayana qədər Türkiyə futbolundakı intriqalar səngiyəcək. Türkiyənin futbolçu potensialı çox böyükdür, sadəcə ondan düzgün yararlanmaq lazımdır. Bu və ya digər problemlər həllini tapsa, Türkiyə bu qrupdan birnəfəsə çıxmaq potensialındadır” (Cavanşir ABBASLI, “Yeni Müsavat”).

Exit mobile version