AUT.AZ

Zorakılığa məruz qalan futbolçular – İntihar etmək istəyiblər   

İngiltərə Premyer Liqasında və İngiltərə Futbol Liqasında (EFL) klublarda oynayan futbolçuların təxminən 10%-i karyerası ərzində zorakılığın qurbanı olub.

Aut.az xəbər verir ki, bu, Peşəkar Futbol Assosiasiyasının (PFA) apardığı araşdırma nəticəsində məlum olub. Hesabatda iddia olunur ki, ötən mövsüm sorğuda iştirak edən 843 Premyer Liqa və EFL oyunçusundan 79-u peşəkar karyeraları zamanı zorakılığa məruz qaldıqlarını bildirib. Eyni zamanda 40 futbolçu intihar etmək fikrində olduğunu da əlavə edib.

PFA-nın oyunçuların rifahı üzrə direktoru Maykl Bennett hesabat haqqında deyib:

“Bu rəqəmlər məsələnin nə qədər ciddi olduğunu əks etdirir. Əldə etdiyimiz məlumata əsaslanaraq, bu mövsümün seanslarını elə uyğunlaşdırdıq ki, oyunçuların zorakılığa məruz qalması ilə bağlı daha çox informasiya əldə edək”.

Bennett vurğulayıb ki, zorakılıq halları həmyaşıdlar, məsələn, soyunub-geyinmə otağında və ya məşq zamanı komanda yoldaşları tərəfindən ola bilər:

“Bu, klubun heyətindən və ya rəhbərliyindən də gələ bilər. Bizi, xüsusilə transfer pəncərələri narahat edir. Bilirik ki, bir klub transfer prosesini sürətləndirməyə çalışdıqda, hansısa oyunçu komandadan təcrid oluna bilər. Belə hallara tez-tez rast gəlirik. Nəhayət, istər məşq meydançası, istərsə də stadion oyunçunun iş yeridir. Onlar iş yerində özlərini qorunan və təhlükəsiz hiss etmək hüququna malikdirlər”.

Hesabatda o da bildirilir ki,  ötən mövsüm assosiasiyanın 520 üzvü məsləhət və ya dəstək istəyib. Onların 47 faiz hazırkı oyunçular, 48 faiz keçmiş oyunçular və 5 faiz PFA-nın dəstəkləməyə razılaşdığı oyunçuların ailə üzvləri olub.

Aut.az

Exit mobile version