AUT.AZ

Rövnəq Abdullayev: “Zəif qrupa düşdük, daha güclü komandalar arzulayırdım”

Avro-2024-ün seçmə mərhələsinin püşkü atıldıqdan sonra federasiya rəhbərləri, məşqçilər, ekspertlər fikirlərini bildirirlər. AFFA prezidenti Rövnəq Abdullayev də Aut.az-a virtual açıqlamasında Azərbaycan yığmasının düşdüyü qrupu dəyərləndirib. Rövnəq müəllim qrupumuzun zəif komandalardan formalaşdığını bildirib. O, etiraf edib ki, daha güclü rəqiblərlə düşməyimizi istəyirmiş:

“Sözün düzü, qrupumuzdan məmnun deyiləm. Çox istərdim ki, İngiltərə ilə İtaliyanın və ya Fransa ilə Niderlandın olduqları qrupa düşək. İki səbəbə görə bunu arzulayırdım. Hər birimiz yaxşı bilirik ki, qrupdan çıxmaq şansımız yoxdur. Millətlər Liqasında zəif qrupdan çıxa bilmədiksə, burada nəyə ümid edə bilərik? Gəlin realist olaq, bizim böyük turnirlərə vəsiqə qazanmaq potensialımız yoxdur.

Ona görə də, adlı-sanlı yığmaları arzulayırdım. Birincisi, nəhənglərlə düşsəydik, xeyli pul qazanacaqdıq. Puldan da heç kim imtina etməz. İkincisi və ən əsası da odur ki, İtaliya və İngiltərə ilə eyni qrupa düşsəydik, qurbağa gölünə daş düşən kimi futbol ictimaiyyətinin də arasına daş düşəcəkdi.  O qrupda olsaydıq, kimsə cəsarət edib qrupdan çıxmaq şansımızı müzakirə etməyəcəkdi. Hamı əmin olacaqdı ki, heç bir şansımız yoxdur. Beləcə, mənim də , Canni De Byazinin də başı sakit olacaqdı”.

Rövnəq Abdullayev bundan sonrakı planları haqda da danışıb:

“İndi situasiya fərqlidir. Nə etmək olar, tənqidlərə hazırlaşmalıyıq. Böyük ehtimalla, bu seçmə mərhələnin sonunda Cannini göndərməli olacağıq. Onu qurban verməkdən savayı yolumuz qalmayacaq. Özüm getməli deyiləm ki. Amma onu da bilirəm ki, De Byazini göndərsək də, mən yenə tənqid olunacağam. Necə deyərlər, bu püşk bizi Əli aşından da etdi, Vəli aşından da”.

Aut.az

 

 

Exit mobile version