AUT.AZ

“Qarabağ”ın “Olimpiakos”a vurduğu bu qolu dərsliyə salın!

“Qarabağ”ın “Olimpiakos”un qapısına vurduğu hər üç qol möhtəşəm alındı. Birinci qol düşünülmüş kombinasiyanın nəticəsi idisə, Ramil Şeydayevin qolu fərdi ustalığın təzahürü idi. Bəs 2-ci – Veşoviçin vurduğu qol? Bax, məhz bu qol dərsliyə salınmalıdır. Əslində indi ən çox bu qolun müzakirəsi getməlidir.

Xüsusən də uşaq futbolunda. Veşoviç qolu necə vurdu? Əvvəlcə Marseloya pressinq tətbiq etdi. Top braziliyalıdan Sisseyə getdi. Veşoviç dayanmadı, bu dəfə Sisseyə pressinq etdi və topu ondan aldı. Qalanı isə çox asan idi. Monteneqrolu futbolçu qolu heç nədən, özü də təkbaşına yaratdı. Sona qədər mübarizənin nəticəsi budur.

Bizim futbolçularda əsasən bu amil çatışmır. Bu amili isə uşaq futbolunda aşılamaq lazımdır. O qolun videogörüntüsü tez-tez uşaq futbol komandalarında nümayiş etdirilməli, məşqçilər də izahat verməlidirlər.

Uşaq futbolunda öyrədilməli, aşılanmalı olan vərdişləri elə uşaq futbolunda öyrətmək, aşılamaq lazımdır. O vərdişləri 22 yaşındakı futbolçuya öyrədəcəklərsə, o, bu vərdişləri qəbul etməyəcək. Çünki o, bunu uşaq vaxtı öyrənib mənimsəməyibsə, deməli, futbolçu da deyil heç.

Bizdə uşaq futbolu üçün dərslik varmı? Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçilərə nə öyrədirlər, hansı dərslikdən yararlanırlar? Bu qolu dərsliyə salın!

Natiq Muxtarlı

 

Exit mobile version