AUT.AZ

ABŞ-ın inhisarına keçən Avropa futbolu  

Qlobal futbol bazarında bu ilin ən böyük iki sövdələşməsi Roman Abramoviçin “Çelsi”ni 4,25 milyard funta (7 oktyabrdakı məzənnə ilə 4,85 milyard avro) satması və “RedBird Capital Partners” tərəfindən “Milan”ın 1,2 milyard avroya alınmasıdır. İlk baxışdan bu alış-verişlər fərqlidir. Amma həm də oxşardır. Məsələ burasındadır ki, hər iki klubu amerikalı investorlar alıblar.

 Danışıqlar gedir

Artıq bir neçə ildir ki, amerikalılar Avropanın aparıcı futbol ölkələrinin klublarını alırlar. Avropanın ən zəngin liqası olan Premyer Liqada hazırda 20 klubdan 11-i müəyyən qədər ABŞ vətəndaşlarına məxsusdur. A Seriyasında isə 5 klub amerikalılarındır.  Amma proses davam edir. Amerikalı investorlar “Bornmut”, “Everton” və “İnter”in alınması ilə bağlı danışıqlar aparırlar. Bu sövdələşmələrin baş tutub-tutmayacağını iddia edə bilmərik, amma fakt odur ki, amerikalıların futbol aktivlərini alması davam edəcək.

ABŞ-ın mübahisəsiz dünya çempionu olduğu oyun

Bəs amerikalı milyarderləri Avropa futbolunda cəlb edən nədir? Son vaxtlar sırf iqtisadi motivasiya ön plandadır. Çünki indi futboldan yaxşı pul qazanmaq olar. Xüsusilə də söhbət İngiltərədən gedirsə – futbolun kommersiyalaşdırılması baxımından ən qabaqcıl Avropa ölkəsindən. Nisbətən qısa müddətdə böyük qazanc əldə etmək imkanı olan yerdə, istər-istəməz amerikalı investorlar peyda olur. “Inc” jurnalının redaktoru Bill Saporito “Washington Post” üçün yazdığı köşə yazısında qeyd edir: “Amerikalılar, çox güman ki, braziliyalılar kimi futbol oynamağı heç vaxt öyrənməyəcəklər. Amma söhbət futbol biznesinə gəldikdə, ABŞ futboldakı Braziliya kimidir. Amerikalıların bacardığı şəkildə əməliyyatlar təşkil edə, kapital toplaya və maliyyə yaradıcılığı nümayiş etdirə bilən başqa insanlar yoxdur. Çünki biznes, ABŞ-ın əsl və mübahisəsiz dünya çempionu olduğu oyundur”.

Birinci və ikinci dalğanın fərqi

Amerikalı investorlar 2000-ci illərin əvvəlindəki ilk dalğa zamanı İngiltərədən kənarda böyük auditoriyası olan brendlərə diqqət yetirdilər (Qleyzerləri, “Liverpul”un və “Arsenal”ın sahiblərini misal göstərmək olar).  “Mançester Yunayted”, “Liverpul” və “Arsenal”ın kommersiya departamentlərinin əsas hədəfi  beynəlxalq şöhrəti perspektivli xarici bazarlarda pul qazanmağa yönəltmək idi. Onlardan ən böyüyü də Asiyadır.

İngilis klublarının ələ keçirilməsinin ikinci dalğası 2010-cu illərin ortalarında başladı və fərqli xarakter daşıyırdı. Məlum oldu ki, dünyada təkcə böyük adı olan klublara və azarkeş ordusuna tələbat yoxdur. İnvestorlar, ümumiyyətlə istənilən klubla, hətta Çempionşip və Liqa 1-lə də maraqlanırdılar. “Fulhem”, “İpsviç” və ya “Plimut”u alan investorlar çətin ki, Koreya və Tailand bazarlarından gələn gəlirlərə ümid edirdilər. Başqa bir amil həlledici idi.

Gəlir fantastik həddə çatdı

 2013-cü ildən etibarən Premyer Liqanın yayım hüquqlarının qiyməti kəskin artdı. Ardıcıl iki dövr ərzində (2013-2016 və 2016-2019) Premyer Liqanın yayımçılardan qazancı 70% artaraq 5,1 milyard funt-sterlinqə çatdı. Eyni zamanda kommersiya gəlirləri də artdı. Bütün bunlar, təbii olaraq klubların da gəlirlərini fantastik həddə çatdırdı.

Məsələn, Qleyzerlərin MY-də ilk mövsümdə (2004/2005) gəliri 246 milyon avro təşkil edib.  Pandemiyadan əvvəlki dövrdə (2018/19) bu rəqəm artıq 711 milyon avro səviyyəsində idi. Eyni zamanda, bilet satışından və oyunlara abunəlikdən əldə olunan gəlir, demək olar ki, dəyişməz qalıb – 2005-ci ildə 103 milyon avroya qarşı 2019-cu ildə 120 milyon avro. Digər tərəfdən, media hüquqları və kommersiyadan əldə olunan gəlir dörd dəfədən çox artıb – onların klubun gəlirlərinin strukturunda ümumi payı 83% təşkil edib.

ABŞ-dan daha ucuz olduğu üçün

İxtisaslaşmış investorların Avropa aktivlərinə marağı həm də onların ABŞ-dakı analoji layihələrlə müqayisədə aşağı qiyməti ilə bağlıdır. Okeanın o tayında bu biznesə giriş bileti çox yüksəkdir. Məsələn, 2022-ci ildə MLS-in 28-ci klubu olmuş “Şarlotta”nın sahibləri liqaya 325 milyon dollar giriş haqqı ödəyiblər. Üstəlik, oyunçuların alınmasına və stadionun tikintisinə pul xərcləməli idilər. Müqayisə üçün qeyd edək ki, 1998-ci ildə MLS-ə qəbul olunmuş “Çikaqo Faye”nin sahibləri cəmisi 20 milyon dollar giriş haqqı ödəmişdilər.

Bill Saporito zarafatla yazır: “Futbol ingilislərin icad etdiyi gözəl oyundur. Amma indi biz bu oyunun amerikalılara məxsus olması ilə barışmalıyıq”.

ABŞ investorlarının Avropada tam və qismən nəzarət etdikləri klublar:

İngiltərə

“Çelsi” – 100%

“Arsenal” -100%

“Mançester Yunayted” – 96,5%

“Mançester Siti” – 10%

“Liverpul” – 100%

“Lids” – 44%

“Fulhem” -100%

“Bernli” -84%

“Suonsi” -68%

“Aston Villa” -100%

“İpsiviç” -87,5%

“Barnisli” -100%

“Plimut” -98,5%

“Portsmut” -100%

“Milluoll” -70,39%

“Rekshem” -100%

“Vest Hem” -8%

“Koventri” -100%

“Uikom” -75%

“Vulverhemton” -50%

 İtaliya

“Milan” -99%

“Roma” -86,6%

“Atalanta” – 47%

“Fiorentina” – 97%

“Cenoa” –99,9%

“Parma” – 90%

“Askoli” – 31%

“Spetsiya” – 100%

“Venetsiya” – 100%

 İspaniya, Fransa, Almaniya

“Atletiko” – 22,4%

“Marsel” – 100%

“Tuluza” – 85%

“Malyorka” – 100%

“Auqsburq” – 45%

 Aut.az

 

Exit mobile version