AUT.AZ

Rəşad Sadıqov üçün bundan yaxşı fürsət ola bilməz

Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 7-də start verilir. Turun oyunları 3 gün ərzində keçiriləcək.

“Zirə” problemləri öyrənməli, amma həm də…

İlk oyun günüdə cəmisi bir qarşılaşma baş tutacaq. “Zirə” “Şamaxı”nı qəbul edəcək. Qəsəbə təmsilçisi bu mövsüm sabit çıxış etmir. Hiss olunur ki, komandada xətlərarası əlaqələri qaydasına salmaq üçün vaxta ehtiyac var. Bundan yaxşı fürsət ola bilməz Rəşad Sadıqov üçün. “Şamaxı” oyun planındakı çatışmazlıqları öyrənmək üçün ən uyğun rəqibdir. “Zirə” problemləri öyrənməli, amma həm də qalib gəlməlidir.

Qəsəbə təmsilçisi bu qarşılaşmada qalib gələ bilməsə, deməli, Rəşad Sadıqovun komandasının daha ciddi problemləri var.

Bizim proqnozumuz: “Zirə”nin qələbəsi – 70%, heç-heçə -20”, “Şamaxı”nın qələbəsi -10%.

 Hava çatışmazlığından əziyyət çəkə bilərlər

İkinci oyun günüdə meydana öncə “Səbail”lə “Sumqayıt” çıxacaq. İki autsayder qarşılaşsa da, bu oyunun əhəmiyyəti böyükdür. Təsəvvür edin ki, qalib gələn komanda autsayder statusunu “ortabab”a dəyişəcək. İki yerli məşqçinin – Mahmud Qurbanovla Samir Abasovun da qarşıdurması maraq kəsb edir. “Kəpəz”lə oyun göstərdi ki, Abasov hələ “Sumqayıt”a nəfəs verə bilməyib. “Səbail”lə qarşılaşmada da nəticə olmasa, sumqayıtlılar mövsümün sonuna qədər hava çatışmazlığından əziyyət çəkə bilərlər.

Bizim proqnozumuz: “Səbail”in qələbəsi – 40%, heç-heçə -30%, “Sumqayıt”ın qələbəsi -30%.

“Neftç”i üçün “bəraət qarşılaşması”

Günün digər qarşılaşmasında “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. Tovuzluların əzmkarlığını nə qədər qiymətləndirsək də, bu qarşılaşmada onların şansı yoxdur. Niyə bu iddianı irəli sürürük? Çünki “Neftçi” “Qarabağ”a məğlubiyyətdən sonra bu oyuna “bəraət qarşılaşması” kimi baxmalıdır. “Ağ-qaralar”ın futbolçularının psixoloji əhvalının necə olduğu bu oyunda üzə çıxacaq. “Qarabağ”a məğlubiyyət onları ruhdan salıb, yoxsa daha da qəzəbləndirib? Ruhdan düşüblərsə, vay hallarına, qəzəblidirlərsə, vay “Turan Tovuz”un halına.

Bizim proqnozumuz: “Neftçi”nin qələbəsi -70%, heç-heçə -20%, “Turan Tovuz”un qələbəsi – 10%.

Belə oyunda motivasiyaya nə ehtiyac?

Sonuncu oyun günüdə ilk qarşılaşma Qəbələdə keçiriləcək. “Qəbələ” “Qarabağ”ı qəbul edəcək. “Köhlən atlar” üçün Afina yürüşündən sonra Qəbələyə getmək, bəlkə də üstünlükdür. Çünki Qəbələdəki stadionun ot örtüyü yaxşı vəziyyətdədir. “Olimpiakos”la oyundan sonra bərbad ot örtüyündə və ya süni qazonda oynamaq çətin olardı Qurban Qurbanovun yetirmələri üçün. Bu qarşılaşmada “Qəbələ”nin futbolçularını motivasiya etmək üçün Elmar Baxşıyev hər hansı variant axtarmayacaq yəqin ki. “Olimpiakos”u darmadağın edən bir komandaya qarşı oyunda motivasiyaya nə ehtiyac? Bu amili nəzərə alsaq, “köhlən atlar”ı Qəbələdə asan oyunun gözləmədiyini deməliyik.

Bizim proqnoz: “Qəbələ”nin qələbəsi 20%, heç-heçə -30%, “Qarabağ”ın qələbəsi – 50%.

 “Sabah” o deyimdən xəbərdardır?

Günün və turun son qarşılaşmasında “Sabah” “Kəpəz”i qəbul edəcək. Gəncə təmsilçisi Tərlan Əhmədovun gəlişindən sonra toparlanmağı bacarsa da, bu qarşılaşmada şansları çox azdır. Belə bir deyim var: “Çempionluq autsayderlərlə oyunda bəlli olur”. Yox, “Sabah”ın çempion olacağını güman etmirik. Amma o dəqiqdir ki, “tələbələr” ikinci yerə əsas namizəddirlər. “Kəpəz” kimi autsayderlə qarşılaşmada itiriləcək xallar bu namizədliyi alar “Sabah”ın əlindən. Yəqin ki, Murad Musayev bu aksiomu sübut edib yetirmələrinə. Baxmayaraq ki, aksiomun sübuta ehtiyacı yoxdur.

Bizim proqnozumuz: “Sabah”ın qələbəsi -70%, heç-heçə -20%, “Kəpəz”in qələbəsi – 10%.

Aut.az

 

 

 

 

Exit mobile version