“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə darmadağın etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra ənənəvi mətbuat konfransında iştirak edib.
Aut.az xəbər verir ki, mütəxəssis möhtəşəm stadionda çılğın azarkeşləri olan komandaya qarşı oynadıqlarını bildirib:
“Futbolçularımı təbrik edirəm. Hesabın böyük olmasına baxmayaraq, vacib qələbə əldə etdik. Burada mübarizə aparmaq xoşdur. Rəqibə uğurlar arzu edirəm. Bu qələbə hələ heç nəyi həll etməyib. Qarşıda bizi daha 3 oyun gözləyir. Vaxtımız var. Burada etdiyimiz səhvləri təkrarlamamalıyıq. Bakıdakı matça daha ciddi hazırlaşacağıq”.
Qurbanov “Olimpiakos” haqqında mənfi düşüncədə olmadığını da vurğulayıb:
“Matçdan əvvəl beşli müdafiə ilə oynayacaqlarını gözləyirdim. Sadəcə, start heyətləri açıqlananda 4 müdafiəçi ilə çıxış edəcəklərini gördüm. Meydana çıxanda isə 5-li müdafiə ilə oynadılar. Bu mənada mənim üçün bir az sürpriz oldu. Matçın əvvəlində müəyyən çatışmazlıqlar olsa da, sonradan oyuna nəzarəti ələ ala bildik. “Olimpiakos” haqqında yalnız müsbət fikirdəyəm. Bu komanda daha artığına layiqdir və yaxşı yerlər uğrunda mübarizə apara bilər”.