AUT.AZ

Almaniyada İsveçrə, İsveçrədə Almaniya klubu – Fotolar

Bəzən 96% səs də bir neçə sərhəd sütununu götürüb atmaq üçün kifayət etmir. Belə durumla Almaniyada yerləşən Byuzingen kəndinin əhalisi üzləşib. Baxmayaraq ki, kənd hər tərəfdən İsveçrə ilə əhatə olunub. Amma yerli əhali futbol vasitəsilə istəyini reallaşdırıb. Kəndin komandası Almaniya yox, İsveçrə liqasında çıxış edir.

 

Birləşmədən sonra da vəziyyət dəyişmədi

 

Byuzingen Reyn çayının yuxarı axarının sağ sahilində yerləşir. 15-ci əsrin sonlarından Avstriya tacına tabe idi, Napoleon müharibələri dövründə bu torpaqlar əvvəlcə Vyurtemberq Knyazlığına, sonra isə Badenə keçdi.

Məhz həmin vaxt kənd İsveçrə Konfederasiyasının əhatəsində olan anklava çevrildi və 1871-ci ildə Almaniyanın birləşməsindən sonra da vəziyyət dəyişmədi. Bununla belə, kənd İsveçrədən olan qonşuları ilə həmişə çox sıx əməkdaşlıq etmiş və 19-cu əsrin sonunda yerli fermerlər hətta azad ticarət müqaviləsi bağlamışdılar.

 

Bunun üçün rasional səbəblər var idi

 

1918-ci ilin sonunda kəndin taleyini müəyyən etmək sakinlərin özlərinə təklif olundu. Birinci dünya müharibəsindən sonra Avropanı plebissit dalğası bürüdü. Məsələn, münaqişədə iştirak etməyən Danimarka Şlezviqin şimal hissəsini qəbul edərək sərhədi Kilə yaxınlaşdırdı. Həm almanların, həm də polyakların məskunlaşdığı Silezi ərazisində də referendumlar keçirilib. Daha sonra 1935-ci ildə Almaniya səsvermədən sonra Saar ərazisini ilhaq etdi. Buna bənzər hadisə də Byuzingendə yaşandı.  Sakinlərdən Almaniyanın tərkibində qalmaq, yoxsa İsveçrə ilə birlikdə olmaq istədikləri soruşulub. Səs verənlərin 96%-i ikinci variantı seçdi. Bunun üçün rasional səbəblər var idi: Almaniya Birinci dünya müharibəsini uduzmuşdu, təzminat üçün böyük borcu yaranmışdı. İsveçrə isə müharibədən kənarda qaldığı üçün inkişaf edirdi.

 

Hitler gəldi və…

 

Lakin konfederasiya hökuməti sorğunun nəticələri ilə nə edəcəyini bilmirdi. İsveçrəlilər sakinlərin müraciətinə baxdılar, amma bunun müqabilində Almaniyaya nəsə təklif etməyi də məqbul hesab etdilər. Daha sonra kənd sakinlərinin yaşayış yerini dəyişmək cəhdləri Berlin tərəfindən yatırıldı və Hitlerin gəlişi ilə bu, ümumiyyətlə, mümkünsüz oldu. Bununla belə, hətta İkinci dünya müharibəsi illərində, məsələn, İngiltərədə Reyn sahillərində kiçik torpaq zolağının statusu məsələsi qaldırıldı. Krallıq hökuməti İsveçrəyə kəndi özünə birləşdirməyi təklif etdi, lakin isveçrəlilər neytrallığı əsas gətirərək bundan imtina etdilər.

 

İsveçrə polisi cinayətkarı tutmaq üçün…

 

Anklavın bayrağı sonuncu dəfə 1956-cı ildə dəyişə bilərdi. Söhbət yenə torpaq mübadiləsindən gedirdi. Amma İsveçrə bu dəfə də imtina etdi. İndi Byuzingen ətrafında heç bir sərhəd yoxdur və hətta pandemiya zamanı sakinlərin hərəkəti, demək olar ki, məhdudlaşdırılmayıb. İsveçrə polisi cinayətkarı tutmaq üçün buraya gələ bilər. Burada onlar, əsasən İsveçrə frankı ilə ödəniş edirlər və 1980-ci illərə qədər alman markaları yerli mağazalarda, ümumiyyətlə qəbul edilmirdi, indi isə avrodan da istifadə etmək olar.

 

2 ildən sonra 100 yaş

 

Əgər İsveçrə ilə kəndin siyasi birləşməsi baş tutmayıbsa, idman baxımından əksi olub. Yerli həvəskar klub “Byuzingen” adlanır və iki ildən sonra yüz illiyini qeyd edəcək. Amma bu komanda İsveçrə çempionatında çıxış edir. “Byuzingen”in rəsmi saytı qonaqları “Biz İsveçrədə alman klubu və Almaniyada İsveçrə klubuyuq” yazısı ilə qarşılayır. Komandanın ən böyük nailiyyəti 1970-ci illərin ortalarında olub. Həmin vaxt dördüncü divizionda çıxış ediblər. Bu gün isə “Byuzingen” 7-ci divizionda autsayderdir.

 

Tərcümə Aut.az-a məxsusdur.

Exit mobile version