AUT.AZ

Rövnəq Abdullayev: “De Byazinin qalmasını elə adam xahiş etdi ki…”

AFFA Canni De Byazi ilə müqaviləni uzatdı. Bu qərar ictimaiyyət arasında kəskin tənqidə tuş gəldi. Sosial şəbəkələrdə AFFA rəhbərliyi ittiham olunur. Görəsən AFFA rəhbərliyi nəyi əsas gətirib italyanla müqaviləni uzatdı? Bu və digər suallara cavab tapmaq üçün AFFA prezidenti Rövnəq Abdullayevdən virtual müsahibə almalı olduq. Rövnəq müəllim ictimaiyyəti maraqlandıran bütün suallara dolğun cavab verdi.

– Rövnəq müəllim hansı amilləri əsas götürərək De Byazi ilə müqaviləni uzatdınız?

– Heç bir amil yoxdur. Açıq deyəcəm, onun işindən biz də narazı idik, göndərmək istəyirdik. Amma… Amma bir biləsiniz ki, onun qalmasını məndən kim xahiş etdi.

– Kim xahiş edib? Bunu açıqlamasanız cəmiyyətin daha sərt təpkisi ilə üzləşə bilərsiniz.

– Yox, deyəcəyəm. De Byazini İtaliyanın sabiq baş naziri Silvio Berluskoni xahiş etdi.

– Berluskoni ilə onun nə əlaqəsi?

– Deyəsən, arvad tərəfdən qohumdurlar. Bilirsiniz, italyanlar mentalitetcə azərbaycanlılara yaxındırlar. Onlar da arvad qohumların əlində girincdirlər.

– Bəs Azərbaycanın marağını Berluskoninin xahişinə necə qurban verə bildiniz?

– Razı deyiləm bu fikrinizlə. Biz futbol maraqlarını qurban verə bilərik. Amma daha geniş anlamda yanaşsaq, siyasi maraqlarımız nəzərə alınıb. Bilirsiniz ki, İtaliya Azərbaycanın yaxın dostudur. Berluskoninin də nəinki İtaliya siyasətinə, ümumilikdə qlobal siyasətə böyük təsiri var. Ona görə də onun sözünün yerə salmadım.

– AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov deyib ki, De Byazi Azərbaycanda qəpik-quruşa işləyir?. Doğrudan belədir?

– Əlbəttə. Bizdə minimum əməkhaqqı 300 manatdırsa, heç bir nəticə verməyən De Byaziyə niyə yüz minlər verməliyik? Onun məvacibi Azərbaycandakı orta aylıq məvacibə yaxındır. Biz xalqın pulunu göz bəbəyi kimi qoruyuruq, onu israf edə bilmərik.

– Deməli, növbəti seçmə mərhələdən də heç bir nəticə gözləməyək.

– Bunu siz məndən yaxşı bilirsiniz. Bu AFFA rəhbərliyində elə adamlar kök salıb ki, onlar burada olduqca, futbolumuzda nəticə olmayacaq.

– Kimi nəzərdə tutursunuz?

– Özünüz yaxşı bilirsiniz. Fransada oturub Azərbaycan futbolundan caynağını çəkməyən adamı və onun kadrlarını. Etiraf edirəm, onu elə adamlar müdafiə edir ki, mən gücsüzəm.

– Aydındır, Rövnəq müəllim, daha sualımız yoxdur.

– Məni anladığınız üçün sizə təşəkkür edirəm.

Aut.az  

Exit mobile version