Futbol dünyasında son zamanlar ən çox müzakirə edilən adlardan biri də “Mançester Siti”nin futbolçusu Erlinq Holanddır. Norveçli forvard qısa zaman kəsiyində çıxışı ilə adından söz etdirə bilib. Onun sərgilədiyi performans və vurduğu qollar futbol tarixində yeni səhifə açılmasına səbəb olub. Artıq Erlinq bir sıra göstəricilərdə rekordçuya çevrilib.
Aut.az futbol mütəxəssisləri tərəfindən “yeni kral” ləqəbinə layiq görülən Holandın qırdığı bəzi rekordlarla sizi tanış edir:
- İlk 8 matçında 14 dəfə fərqlənərək İngiltərə Premyer Liqasında (bundan sonra İPL) bu sayda oyunda ən çox qol vuran futbolçu oldu.
- İPL-də ardıcıl 3 ev oyununda het-trik edən ilk futbolçu kimi tarixə düşdü.
- Çempionlar Liqasında (bundan sonra ÇL) 20 qol həddinə çatan ən gənc futbolçudur – 20 yaş 231 gün.
- ÇL-də 25 qol həddinə ən tez çatan futbolçudur. Bunun üçün ona cəmi 20 matç kifayət edib.
- Ardıcıl 4 ÇL matçında ən azı 2 qol vuran ilk futbolçudur.
- Almaniya Bundesliqası tarixində hər qola orta hesabla ən az vaxt sərf edən futbolçudur – hər 87 dəqiqədə 1 qol.
- Həm İPL-də, həm ÇL-də ilk oyununda qol vuran ilk “Mançester Siti” futbolçusudur.
- İPL-də ilk 5 qarşılaşmasında 9 qolla ən çox qol vuran futbolçudur.
- İPL-in start götürdüyü avqust ayında ən çox qol vuran futbolçu ünvanına sahibdir – 9 qol.
- İPL-də 3 het-trik həddinə ən tez çatan futbolçudur – 8 oyun. Hollanna qədərki rekord bu göstərici 48 matçda nail olan Maykl Ouenə məxsus idi.
- İPL-də ilk 4 səfər görüşünün hamısında qol vuran ilk futbolçudur.
- 52 il sonra Mançester derbisində “Mançester Yunayted”in qapısından 3 qol keçirən ilk “Mançester Siti”lidir. Sonuncu dəfə bunu 1970-ci ildə Frensis Li bacarmışdı.
- Karyerasında 100 qol həddini 146 matçda keçən Holand bu göstəricidə də aşkar liderdir. Neymar buna 173, Mbappe 180, Messi isə 210 oyunda nail olub.
- Norveçin əsas millisində komandasında 23 oyunda 21 qol vuran Holand 2019-cu ildə U-23 yığmasının heyətində Hondurasın qapısına nə az, nə çox 9 dəfə yol tapmaqla millilər arasında turnirlərdə bunu bacaran yeganə futbolçudur. Geniş futbol ictimaiyyəti norveçli qoleadorun adını ilk dəfə məhz bu oyundan sonra duymuşdu.