Hacı söyüşü

Deməz, eləməz, ona yaraşmaz. Elə yaraşmadığı üçün də deməz, eləməz.
 
Dünən baş tutan “Neftçi” - “Simurq” oyunundan sonra bakılıların prezidenti Sadıq Sadıqovun hakimləri söydüyü deyilir. Guya ki, o, matçın baş hakimi Əliyar Ağayevə “Namussuz oğlu namussuz” deyib. Mən həmkarlarımın yalançısıyam, özüm eşitməmişəm. Mən bildiyim Sadıqov elə deməz, eləməz, ona yaraşmaz. Elə yaraşmadığı üçün də deməz, eləməz.
“Neftçi”nin sivil, dünyagörmüş prezidenti niyə elə desin ki? Axı, oyunda hakimlər nə etdi? Ola bilər hansısa kiçicik səhv olub və ya kiməsə vərəqə göstərilməyib. Əliyar axı, bakılıların təmiz qolunu saymayıb, penaltisinə göz yummadı. Heç zaqatalalılara da kömək etmədi. Elə ona görə də Sadıq bəy deməz, eləməz, ona yaraşmaz. Elə yaraşmadığı üçün də deməz, eləməz.
Sadıqov ağsaqqal kişidi, kimisə söymək lazım olsa, azarkeşlərə söydürər. Necə ki, qolsuz başa çatan oyunun gedişində “Xəzər Lənkəran” söyüldü, məşqçi istefaya səsləndi, futbolçulara aldığı pulların haram olması üçün qarğış edildi. Bunları onun əvəzinə edən, ictumai rəyi çaşdıranlar varkən Sadıq bəy niyə söyüş söysün ki? Yox, deməz, eləməz, ona yaraşmaz. Elə yaraşmadığı üçün də deməz, eləməz.
Bəlkə də başqasını söyərdi, amma Əliyarı söyməsi mümkün deyil. Çünki bu FİFA referisinin atası Kərim Ağayev Sadıq bəyin işçisidi, “Neftçi” İSM-də çalışır. Sözü olsa, çağırıb ona deyər, daha camaatın içində ağzına gələni danışmaz. Deməz, eləməz, ona yaraşmaz. Elə yaraşmadığı üçün də deməz, eləməz.
Sadıq bəy uzun aradan sonra bu oyuna baxmağa oğlanları ilə gəlmişdi. Kiminsə ailəsini nümunə gətirməzdim, sadəcə, bu balalar həm də klub işçisidi – ona görə yazıram. Övladlarının yanında Sadıqov, ümumiyyətlə, söyüş söyməz. Axı, belə bir şey etsə, oğlanları ondan nə nümunə götürər? Sabah gedib onlar da bir başqasını söyər, döyməyə cəhd edər, nəticədə müşaviri Elnur Əşrəfoğlu kimi stadion üzünə həsrət qalarlar. Bu səbəbdən prezident pis işlərə nümunə olmaz. Deməz, eləməz, ona yaraşmaz. Elə yaraşmadığı üçün də deməz, eləməz.
Və ən nəhayət, Sadıq Sadıqov 5-6 qat hacıdı. Hacı adam dilinə söyüş gətirməz. Səhvən kiməsə “yanasan”, “öləsən”, “itəsən” deyə bilər, amma “namussuz oğlu namussuz” deməz. Yoxsa. getdiyi ziyarətlər ona qənim olar. Deməz, eləməz, ona yaraşmaz. Elə yaraşmadığı üçün də deməz, eləməz.
Deyibsə, eləyibsə, özünə yaraşdırıbsa, elə yaraşdırdığı üçün dilinə söyüş gətiribsə, gərək AFFA indi Sadıqovu cəzalandıra. Amma AFFA-nı bilirəm, “yanasan”, “öləsən”, “itəsən” sözlərinə görə başqasının başını da kəsər, “Neftçi”nin prezidentinə isə güldən ağır söz deməz. Deməz, eləməz, ona yaraşmaz. Elə yaraşmadığı üçün də deməz, eləməz.
Vüsal Mahmudov
Tarix: 7 Fevral [17:20]
Oxunub: 516 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az