“Körpə gəzintidə”

Avropa futbolunda qış transfer dönəmində bir çox top-komandalar heyətlərini yeni futbolçularla gücləndirməyə çalışırlar. Doğrudur, elələri var ki, ulduz futbolçuları transferə çıxarırlar və bununla klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq istəyirlər. Amma elə klublar da var ki, onlara hansısa ulduz futbolçuya görə milyonlar xərcləmək su içmək kimi bir şeydir. Bu mövsümün qış fasiləsində də belə transferlərin şahidi olduq. Onlardan biri də Fernando Torresdir. İspan futbolçu doğma “Atletiko”ya qayıtmaqla karyerasında yeni səhifə açmış oldu. Əslində, buna yeni demək olmaz. Bir neçə il əvvəl Torres məhz Madrid klubunda parlamışdı. İllər sonra icarə əsasında yuvaya qayıtması isə son vaxtlar əvvəlki formasında çox uzaq olan hücumçuya özünü yenidən sübut etmək üçün əla şansdır. Torres “körpə” ləqəbi ilə tanınır. Onun “ev”dən çıxıb yenidən qayıtması isə bir növ məşhur “Körpə gəzinti”də filmini xatırladır. Gəlin həmin gəzintiyə birlikdə nəzər salaq.
Gənclik illəri
Tam adı Fernando Xose Torres Sans (ispanca Fernando Jose Torres Sanz) 20 mart 1984-cü ildə Madriddə anadan olub. Fernando ailədə 3-cü uşaq idi. Ona kimi Xose və Florinin İsrael adlı oğlu və Mari Pas adlı qızı var idi. Uşaq vaxtlarından dəcəl olmayan Fernandonun futbola hədsiz həvəsinin olduğunu görən babası onun 5 yaşı olarkən “Park 84” komandasına gətirib. Babadan söz düşmüşkən, o, “Atletiko”nun çılğın tərəfdarı idi və Fernandonun da Madrid klubuna simpatiya bəsləməsində rolu olub. Bəlkə də bu gün azarkeşlər Torresi hücumçu kimi yox, qapıçı kimi tanıya bilərdilər. Bir maraqlı hadisə Torresin qolkiper olmaq istəyini ürəyində qoyub. Uşaq ikən məhlədə yaşıdları ilə futbol oynayarkən rəqibin vurduğu zərbə onun başına dəyəndən sonra anası Fernandoya qapıda dayanmağı qadağan edib.
Torresin 7 yaşı olarkən yeni yaradılmış “Marios Holanda” komandasında futbolun sirlərinə yiyələnməyə başlayır. 3 il sonra isə “Rayo 13” komandasına keçir. 1994-cü ildə “Rayo 13”ün heyətində mövsüm ərzində vurduğu 55 qol onun Madrid “Atletiko”suna baxışa dəvət olunması ilə nəticələnir. “Atletiko”nun skautları Fernandonun oyununu izlədikdə heyrətlərini gizlədə bilmirlər. 1995-ci ildə qəhrəmanımız babasının sevimli komandasının üzvü olur. 1998-ci ildə 15 yaşlı futbolçular arasında keçirilən “Nike Cup Europe” turnirində iştirak edən “Atletiko” qalib olur. Əlbəttə, bu qalibiyyətdə Torresin əməyi az deyildi. “Nike Cup Europe”da vurduğu qollar və sərgilədiyi futbol sayəsində Torres nəinki turnirin, hətta Avropanın bu yaş qrupunda ən yaxşı futbolçusu suçilir.
Peşəkar futbolda ilk addımlar
1999-cu ildə, 15 yaşında Torres “Atletiko” ilə özünün ilk peşəkar müqaviləsini imzalayır. Bununla yanaşı o, İspaniyanın 16 yaşlılardan ibarət milli komandasının əvəzolunmaz üzvü olur. 2001-ci ildə 16 yaşlı futbolçular arasında keçirilən Avropa çempionatında Torres 6 oyuna 7 qol vurmaqla birinciliyin ən yaxsı futbolçusu adına layiq görülür. Həmin çempionatda onun komandası çempion olur. 2000/01-ci illər mövsümünün sonunda, daha dəqiq 27 may 2001-ci ildə Fernando “Atletiko”nun əsas heyətində ilk oyununa çıxır. Rəqib o qədər də güclü olmayan “Leqanes” idi. Bir neçə həftə sonra isə “Albasete” ilə oyunda ilk qolunu vurur. Həmin mövsüm La Liqaya vəsiqəni son anda əldən verən “Atletiko” bir il sonra istəyinə çatır. Torresin aşağı dəstədə əksər oyunlarda meydanda olsa da, cəmi 6 dəfə fərqlənməyi bacarır. Amma bu göstərici onun istedadına şübhə ilə yanaşmağa rəvac vermir. İspaniyanın aşağı yaş millilərində baxımlı oyun nümayiş etdirən Torres La Liqada ilk mövsümündə 13 qol vurmağı bacarır. Bir qədər sonra isə İspaniyanın gənclərdən ibarət yığma komandasına dəvət alır.
La Liqaya qayıtdıqdan sonra daha çox avrokuboklara vəsiqə uğrunda oynayan “Atletiko” bir neçə mövsüm istəyinə çata bilmir. Məsələn, 2003/04-cü illər mövsümündə komanda 7-ci yeri
tutmaqla avrokuboklara aparan 6-cı yerdən azacıq uzaq düşmüşdü. Həmin mövsüm Torres 35 oyunda 19 dəfə fərqlənmişdi. Bu da ortabab bir komandada oynayan gənc futbolçu üçün yaxşı göstərici idi. Məhz bu göstərici və bir qədər sonra İspaniyanın əsas yığmasına çağırılması digər klubların Torresə olan marağının artmasına səbəb olmuşdu. Amma qəhrəmanımız “Atletiko”ya sadiqlik göstərərək heç yerə getmək istəmirdi. İspaniya millisi ilə 2004-cü ildəki Avropa və 2006-cı ildə keçirilən Dünya çempionatının iştirakçısı olan hücumçu nəhayət, 2007-ci ildə “daşı ətəyindən tökdu”.
“Liverpul”
2007-ci ilin 4 iyulunda Torres “Liverpul” ilə müqavilə imzaladı. O, yeni komandasında arzuladığı “9 nömrə”li futbolka ilə oynayacaqdı. Torresə kimi “9 nömrə” ilə İan Raş və Robbi Fauler kimi əfsanələr “Liverpul”un şərəfini qoruşumdular. “Liverpul”dakı ilk mövsümündəcə 24 qol vurmaqla Torres rekorda imza atdı. Belə ki, o, klub tarixində bir mövsüm ərzində ən çox qol vuran əcnəbi futbolçu oldu. Fernandoya kimi bu rekord bir mövsüm ərzində 20 qol vurmağı bacaran holland Ruud van Nistelroya məxsus idi. Bundan başqa o, ardıcıl 8 ev oyununda rəqibləri məyus etməklə Rocer Hantın rekordunu da təkrarlamış oldu.
2008-ci ilin iyununda Torres İspaniya milisinin heyətində Avropa çempionatına yollandı. Həmin qitə birinciliyində David Vilya ilə əla tandem təşkil edərək komandasının Avropa çempionu adını qazanmasında əvəzsiz rol oynadı. Avro-2008-də Torres cəmi 2 qol vurmağı bacardı. Amma onun finalda vurduğu həlledici qolun qiyməti yox idi. Torresin yığmadakı çıxışı haqqında bir qədər sonra.
2008/09-cu illər mövsümü onun üçün yaxşı keçsə də, bu sözləri növbəti mövsümə aid etmək olmaz. 2009/10-cu illər mövsümündə aldığı ağır zədə Torresi oyunların yarısında çoxunu buraxması ilə nəticələndi. Amma buna baxmayaraq o, 18 qolla bombardirlər cədvəlində 6-cı pillədə qərarlaşa bildi.
2010/11-ci illər mövsümünün gedişində “Çelsi”nin Torreslə maraqlandığı məlum oldu. Hansı imkanlı klub bu cür futbolçunun heyətində görmək istəməzdi? Həmin vaxt londonlular Torresə görə “Liverpul”a 35 milyon funt-sterlinq təklif etmişdilər. Torres özü də “Çelsi”yə keçmək istəyirdi. Hətta bununla bağlı klub rəhbərliyinə yazılı müraciət də ünvanlamışdı. Gəl ki, “Liverpul” həm “Çelsi”, həm də Torresin müraciətini geri çevirdi. Amma “Çelsi” hər vəchlə Torresi heyətinə qatmaq istəyirdi. Axır ki, Roman Abramoviçin komandası “Liverpul” rəhbərliyini razı sala bildi.
“Çelsi”
2011-ci il yanvarın 31-də Torres 50 milyon funt-sterlinq qarşılığında London klubuna transfer olundu. Futbolçu ilə 5 illik müqavilə imzalandı. Torresin yeni klubundakı həftəlik qazancı da yüksək idi – 175 min funt-sterlinq. Təbii ki, “Liverpul” azarkeşləri Torresin sevimli komandalarından ayrılması ilə barışa bilmirdilər. Onlardan bir neçəsi etiraz əlaməti olaraq onun formasını yandırmışdı. Amma bu, heç nəyi dəyişmirdi. Torres mətbuata açıqlamasında azarkeşlərin ona qarşı etdikləri hərəkəti anlayışla qarşıladığını bildirərək “Çelsi”yə keçmək üçün razılıq verməsini bir gündə deyil, ilk təklif vaxtı qəbul etdiyini söylədi. Onun “Çelsi”dəki ilk oyunu nə qədər qəribə olsa da, “Liverpul”a qarşı idi. Ümumiyyətlə, yeni komandada 14 tur fərqlənə bilməyən Torres ilk qolunu aprelin 23-də “Vest Hem”lə oyunda vurdu. Londonda Torresin işləri o qədər də yaxşı getmirdi. Nadir hallarda fərqlənən hücumçu psixoloji baxımdan da problem yaşayırdı. Buna görə də, onun İspaniya millisinin heyətində Avro-2012-ə aparılması da məşqçilər tərəfindən müzakirəyə çıxarılmışdı. “Çelsi”də heç cür özünü göstərə bilməyən ulduz futbolçu əsas heyətdə nadir hallarda görünürdü. Bu da onun tezliklə başqa kluba satılacağına və ya icarəyə veriləcəyinə nədən olurdu.
“Milan”
2014-cü il avqustun 29-da “Çelsi” Torresi icarə əsasında 2 illik “Milan”a verdi. Futbolçu ilə razılıq əldə edən “Milan” ona böyük ümidlər bəsləsə də, Torres həmin ümidləri puç etdi. Təkcə
“Empoli” ilə oyunda vurduğu qolla komandasını sevindirən Torres Milanda da çox duruş gətirmədi. Cəmi yarım ildən sonra “körpə evinə qayıtdı”. Ötən ilin 27 dekabrında “Milan”ın tamhüquqlu futbolçusu olan Fernando Alessio Çerçi ilə “barter” edildi. Torres artıq köhnə-təzə komandasında ilk oyununa çıxıb. Yanvarın 7-də “Real” ilə İspaniya Kuboku çərçivəsində 60 dəqiqə meydanda olan Torres nə həmin oyunda, nə də bir neçə gün sonra La Liqada “Barselona” ilə matçda yaxşı nə iləsə yadda qala bilmədi. Əvəzində Kubokun cavab oyununda “Real”ı 2 dəfə məyus edən “körpə” “Atletiko”nun onu geri qaytarmaqla səhv addım atmadığını sübut etdi. Bir neçə gün əvvəl isə “Visente Kalderon”da bu turnirin 1/4 final mərhələsində “Barselona”ya vurduğu qol komandasına kömək olmadı və nəticədə “Atletiko” hər iki oyunda məğlub olaraq (0:1, 2:3) yarışla vidalaşdı.
Milli
İspaniyanın aşağı yaşlı futbolçulardan ibarət millilərinin demək olar ki, hamısında oynayan Torres əsas komandada 2003-cü il sentyabrın 6-da Portuqaliya ilə oyunda debüt edib. İlk qolunu isə 2004-cü il aprelin 28-də İtaliya millisinin qapısından keçirib. Torresi daha çox Avro-2008-in finalında Almaniya yığmasına vurduğu qolla xatırlayırıq. Məhz həmin qol ispanları Avropa çempionu etmişdi. Zədə səbəbindən 2010-cu ildə keçirilən dünya çempionatının qalibi olmaqla ən böyük titula yiyələnən Torres yığma komandanın heyətində 2 dəfə het-trik etməyi bacarıb. Bundan başqa Avro-2012-də 3 qolla turnirin bombardiri adını qazanaraq “Qızıl buts” mükafatına layiq görülüb. Həmçinin, əsas komanda ilə 2-ci, ümumilikdə isə 4-cü dəfə Avropa çempionu olub. Daha bir “qızıl buts”u 2013-cü ildə keçirilən Konfederasiyalar Kubokunda vurduğu 5 qola görə qazanıb. Torres qitə birinciliklərinin iki final oyununda fərqlənən yeganə futbolçu kimi də adını tarixə yazdırıb.
Nailiyyətləri
“Atletiko”: 2001/02-ci illər mövsümündə Sequndanın çempionu
“Çelsi”: İngiltərə Kuboku (2012), Çempionlar Liqası (2012), Avropa Liqası (2013).
İspaniya millisi: 17 yaşlılar arasında Avropa çempionu (2001), 19 yaşlılar arasında Avropa çempionu (2002), 2 dəfə Avropa çempionu (2008, 2012), Dünya çempionu (2010), Konfederasiyalır Kubokunun bürünc (2009) və gümüş (2013) mükafatçısı.
Şəxsi mükafatlara gəlincə, onların sayı 10 çivarındadır. Ən samballısı Avro-2012 və Konfederasiyalar Kubokunda layiq görüldüyü “qızıl buts”lardır.
Şəxsi həyatı
2001-ci ildə tanış olduğu Olalye Dominges ilə ailə həyatı qurub. Olalye və Fernando İspaniyanın dəniz kənarında yerləşən kiçik Estorde qəsəbəsində tanış olublar. Torres hər il ora ailəsi ilə dincəlməyə gedirmiş. Cütlük 2009-cu il mayın 27-də Madriddə münasibətlərini rəsmiləşdiriblər. Onların 2 övladı var – qızı Nora 8 iyul, 2008-ci ildə Santyaqo de-Kompostelada, oğlu Lev isə 6 dekabr 2010-cu ildə Liverpulda dünyaya gəlib.
İspaniyanın məşhur “El Canto del Loko” pop-qrupunun pərəstişkarı olan Torres bu qrupun solisti Dani Martin ilə yaxın dostdur. 2005-ci ildə komedik filmlərdən birində epizodik rola çəkilib. 2009-cu ildə isə “El-Ninyo: Mənim avtobioqrafiyam” kitabını nəşr etdirib. Həmin kitabdan bəzi maraqlı fikirləri təqdim edirik:
- 2 yaşın olanda qardaşımın topunu dığırlamaqla məşğul idim. Daha bir işim isə ev əşyalarını pəncərədən bayıra atmaq idi. Hətta bir dəfə içi pulla dolu “kopilka”nı çölə tullamışdım. Xoşbəxtlikdən valideynlərim qəhrəmanlığımdan tez xəbər tutmuşdular...
- 5 yaşım olanda əməlli-başlı futbol oynayırdım. Hətta komandamız da vardı. Futboldan başqa digər məşğuliyyətim də olurdu. Məsələn, qız seçmək. İlk dəfə 5 yaşımda uşaq bağçasında olarkən sevmişəm, özümə qız tapmışam. Amma adı yadımdan çıxıb.
- Çoxlu uşaqlıq xatirələrim var. Onlardan biri də babamla bağlıdır. Çox qəribə insan idi. Ondan futbol barədə nəsə soruşanda cavab almaq çətin idi. Elə bil futbolla maraqlanmırdı. Amma
“Atletiko”nun adı gələndə saatlarla danışa bilərdi. Babam “Atletiko”nun xəstəsi idi. İndiyə kimi yadımdadır, qarşımda dayanıb bu xəstəliyin səbəblərinindən bəhs edir, elə bil məni də yoluxdurmaq istəyirdi. Həmin vaxt mənə bir suvenir hədiyyə etmişdi. O qədər də bahalı deyil. Üzərində “Atletiko”nun adı və herbi həkk olunmuş boşqabdır. Amma bu hədiyyə mənə çox əzizdir və indiyə kimi də saxlayıram.
- 8 yaşımda atam Estordedə ev aldı. İlk vaxtlar oradan heç xoşum gəlmirdi. Amma məhz Estorde gələcək həyatımda silinməz izlər buraxıb. Orada Olalyeni – ilk rəfiqəmi və hazırki həyat yoldaşımı tapdım.
- 11 yaşım olanda artıq “Atletiko”nun bir parçası idim. Məşqlərə çox vaxt anamla gedirdim. Əvvəl bir müddət təkcə avtobusdan istifadə edirdik. Sonradan elektrik qatarına da minməli olduq. Anam mənə görə bütün çətinliklərə dözürdü. İstər yağışlı hava olsun, istərsə də isti, daim yanımda olmağa çalışırdı. Hərdən məndən soruşurdu: “Fernando, əgər məşqlərdən yorulmusansa, sənin futbol oynamağın o qədər də vacib deyil”. Mən isə hər dəfə yorulmadığımı bildirirdim. Arada məni məşqə qardaşım, ya da bağım aparıb-gətirirdi. Bir sözlə, ailəmə minnətdaram. Onların dəstəyi olmasaydı, indi futbolçu deyildim.
- “Atletiko”nun əvəzedici komandasındakı ilk mövsümümdə bir insanla tanış oldum. Həmin insan mənim futbolçu kimi yetişməyimdə əvəzsiz rol oynayan məşqçi idi. Onun adı Abraham Qarsiyadır.
- Bəzi insanlar düşünürlər ki, qapalı birisiyəm. Amma bu, belə deyil. Avtoqraf verməyi xoşlayıram. Həm oyunlardan, həm də məşqlərdən sonra mənə yaxınlaşan azarkeşləri əliboş yola salmamağa çalışıram. Bu, hər bir futbolçunun azarkeş qarşısında mənəvi borcudur. Azarkeşlərin diqqətini cəlb etmək, onların maraq dairəsinə düşmək mənim üçün fəxrdir.
- Həmin gün itlərimlə gəzməyə çıxmışdım. Birdən telefonuma zəng gəldi. Ölkə xaricindən zəng edirdilər. Tanımadığım üçün zəngə cavab vermədim. Ertəsi gün həmin nömrədən bir də zəng etdilər. Bu dəfə cavab vermək qərarına gəldim. Mənə zəng edən Rafael Benites idi. İlk anda donub yerimdə qalmışdım. Benites məni komandasında görmək istədiyini bildirdi və planları haqqında xeyli söhbət etdi. Amma ona “hə” demədim. Çünki əvvəlcə klubun sahibi Migel Anhel Hilem ilə məsləhətləşməliydim. Deyəsən, həyatımda yaxşı bir hadisə baş verirdi. Nə qədər olmasa da, Rafa Benites özü mənə zəng vurmuşdu və “Liverpul”da oynaya bilərdim...
Hazırladı: Nemət AĞAYEV
“Het-trik news” qəzeti
Tarix: 3 Fevral [20:36]
Oxunub: 608 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az