"Maska taxmaq insana bir yükdü. Həm daşıyana, həm anlamağa çalışana"

Ramin Musayevin dili Antalyada açıldı. Dəniz sahilindən bu tərəflərə bol-bol daş atdı keçən günlərdə. Bakıda, AFFA-nın ikinci mərtəbəsini özəlləşdirdiyi PFL-dəki isti kabinetindən klublara barmaq silkələyə bilmədi, Türkiyənin o başından yumruq göstərdi. Baxarsız…


Əslində, əzəl nümayişi deyildi bu. Musayevdə o güc və iradə yoxdu ki, birbaşa hücum əmri versin, cəbhənin ön xəttindən əks tərəfə atəş açsın. O, klublara sponsorluq edən zümrənin ayağını tapdalamır, başlarına tumar çəkir. Hədəfinə tuş gələnlər ikinci-üçüncü, hətta beşinci-onuncu dərəcəli işçi arsenalıdı. PFL prezidenti demək olar bütün müsahibələrində Premyer Liqa təmsilçilərinin bostanına ümumi planda "Qrad" fırladır.

 

Bildirir ki, düzgün işləmir, yanlış transfer siyasəti yürüdür, milyonlarla vəsaiti küləyə sovurur, sponsorların - məmur və iş adamlarının min bir əziyyətlə qazandıqlarını əyri-üyrü yollarla öz ciblərinə axıdırlar. 7 il bu barədə susmuş Musayevin qəfil açılımına hansı prizmadan yanaşmaq olar? Canıyananlıq pəncərəsindən? Bəlkə "qara məni basınca, qoy, qaranı mən basım" təcrübəsindən?

 

… 1950-ci ildə amerikalı mühəndislər Türkiyəyə gəlibmiş. Bəzi inşaat layihələrinə rəhbərlik edirlərmiş. O vaxt hələ Türkiyədə yolların çəkilişi üçün lazımi texnika və kadr yox imiş, uzunqulaqdan istifadə edilirmiş. Adətən, uzunqulağı yoxuşa sürür, arxasından istiqamet ölçülür və ayaq izlərinə nişan qoyaraq ölçü müəyyənləşdirilir. Bunu görən amerikalı mühəndis olan-bitəni başa düşməyərək sual verib:

- Bu işçilər nə edir?
- Yolun istiqametini müəyyən edirlər.

- Necə yəni, başa düşmədim…
- 7%-dən çox meyllik olduqda, uzunqulaq getmir. Biz də uzunqulağın addım izlərinə mismar vurub, yolun istiqamətini tapırıq. 

Bu cavabdan sonra amerikalı mühəndis dayanmadan gülməyə başlayıb. Daha sonra yenə sual verib:
- Bəs uzunqulaq tapmayanda nə edirsiz?

Türk işçi cavab verib:
- Uzunqulaq tapmayanda da Amerikadan mühəndis dəvət edirik.

 

… Bu türk işçinin sözü olmasın, Musayev özünü amerikalı mühəndisin yerinə qoyub. "Neftçi"də arxasınca çoxlu problem və qaranlıq dosye qoyub getmiş keçmiş vitse-prezidentin "ağıl vermək" konsepsiyası qeyri-ciddidi. Adam baxar güzgüyə, dünənini salar yadına, sonra ona-buna öyüd-nəsihət biçər. 150 min dollarlıq bolqar Marko Dafçevi "Neftçi"yə 4 dəfə baha qiymətə sırıyan Musayevin özüdü, indi düzgünlükdən, təmizlikdən qırıldadır. 

 

Ad çəkmədən klub rəsmilərini qaralayan bəyin yenə gizli planları var və ictimai diqqəti fərqli istiqamətə yönəltməklə, əsl niyyətini gizlədir. Dəvəquşu o qədər yekədi ki, başını kola soxsa da, arxası görünür.

 

Cari qış bazarlığı zəifdi. Alışdığımız şıdırığı alqı-satqı yoxdu. Adda-budda futbolçu alan komandalar maddi sıxıntılara tabedi. Hamı az yeməyə razılaşıb. Avropa Oyunlarının yaxınlaşdığı bir ərəfədə bu hal gözlənilən idi. Əsas maliyyə axını Bakı-2015-ə gedir. Odu ki, son 10 ildə ilk dəfə "transfer pəncərəsi" səs-küydən uzaqdı. "Qəbələ" və "Neftçi" xaricində bazara varlı müştəri girmir. İkincilərin legioner dəftərini qapatması piştaxta arxasında əyləşmiş satıcıları böyük paralardan məhrum edib.

 

"İnter"in kasıb süfrəsi, "Bakı"nın ardınca "Xəzər Lənkəran"ın gəncləşdirmə metodikası ilə meydanın kənarına çəkilməsi, "Simurq"un valetta ilə tuz "ovlamaq" ənənəsi, AZAL-la "Sumqayıt"ın öz boşqabını döyəcləməsi və "Qarabağ"ın sükutu qış bazarlığını öldürüb. Musayevin bunları bildiyi halda, son bəyanatı yersizdi. Özüyçün yatıb, xalq üçün yuxu görən PFL prezidenti ilin-günün bu vədəsində klublara ilişməzdi. Deməli, o, şəxsi zəmində bazar davası etməkdədi. 

 

"Maska taxmaq insana bir yükdü. Həm daşıyana, həm anlamağa çalışana" - Dostoyevski belə deyib. Ramin Musayevin ani sıçrayışla hər müsahibəsində "transfer oğuluğu"nun üstünə getməsi vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlum xəbərdən irəli gəlir. "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun PFL-in sükanı arxasına gəlmək şansı çoxdu və onu təşvişə salan da bu təyinatın mümkünlüyüdü. Cənub klubu həmişə "Neftçi"nin keçmiş rəsmisinin başının daşı olub və bütün hallarda onlara qurşaqdan aşağı zərbə endirib. Nadirovun Klublar Komitəsinin sədri seçilməsi ilə son döyüşədək olan mərhələni uduzan Musayev bu gün saman çöpündən yapışıb. Vəzifədə qalmaq istənilən böhtanı atmağa hazır bir vəziyyətdədi.

 

sportinfo.az

Tarix: 1 Fevral [20:01]
Oxunub: 968 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az