Azərbaycanı nefti qədər tanıdan insan - Yazı

Bu gün onun doğum günüdü. Yaşasa idi, 90 yaşını qeyd edəcəkdi. Amma artıq uzun zamandı ki, aramızda yoxdu... 

Bəli, təkcə Azərbaycan yox, dünya futbolunda iz qoymuş Tofiq Bəhramovun doğum günüdü bu gün. O Tofiq Bəhramovun ki, 1966-cı ildə keçirilən dünya çempionatının finalında verdiyi qərar uzun illərdi müzakirə olunur, yəqin hələ illər sonra da müzakirə olunacaq. 
Bir neçə ay əvvəl Bəhramovun Almaniya ilə İngiltərə arasında keçirilən DÇ-nin final matçındakı qərarını müzakirəyə çıxarmışdıq. Komanda.az aktuallığını nəzərə alıb, həmin yazını bir daha sizə təqdim edir.

Dosye

Tofiq Bəhramov 1925-ci il yanvarın 29-da Ağcabədidə anadan olub. Keçmiş SSRİ-ni çempionatında bir çox oyunları idarə edib. Bəhramovun karyerasında ən yaddaqalan oyun isə 1966-cı ildə keçirilən dünya çempionatının Almaniya - İngiltərə final matçı olub. Azərbaycanın ən məşhur hakimi 1993-cü ildə martın 26-da dünyasını dəyişib.


Bir il əvvəl FİFA tərəfindən heç kimin gözləmədiyi bir araşdırma ictimaiyyətə təqdim edildi. Bu, dünya futbolunda araşdırma bitən günə (27 yanvar) qədər olan kobud hakim səhvləri barəsində idi. Təəssüfləndirici məqam isə Tofiq Bəhramovun 1966-cı ildə keçirilən dünya çempionatında verdiyi məşhur qərarın da siyahıda olması idi. Nə qədər qəribə olsa da, hakimimizin tarixi qərarı həmin siyahıda birinci pillədə yer alıb. Öncə FİFA-nın həmin epizoda münasibətini təqdim edirik:
«30 iyun 1966-cı ildə keçirilən dünya çempionatının İngiltərə - Almaniya finalının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 101-ci dəqiqədə ingilis Herstin zərbəsi qapının içində yerə dəyir və meydana dönür. Matçın baş hakimi Qottfried Dienst köməkçisi, azərbaycanlı Tofiq Bəhramovla müzakirədən sonra qolu qeydə alıb və İngiltərə 3:2 hesabı ilə önə keçib. Dienst və Bəhramov ortaq bir dil bilmədikləri üçün işarələrlə anlaşıblar».

Bu araşdırmadan sonra Tofiq Bəhramovun həmin qərarı nəinki həm yerli, həm də dünya mətbuatında geniş müzakirə mövzusu oldu. Türkiyə və Rusiya mətbuatı isə bu xəbəri gülüş hədəfinə, Azərbaycan futbolunu lağ obyektinə çevirdilər. Azərbaycanda hər kəsin fəxr etdiyi bir hakimin qərarı qitənin ali futbol qurumu tərəfindən səhv çıxarılır. Dünyanın futbol ictimaiyyəti arasında Tofiq Bəhramovun adını fəxrlə çəkib danışırıqsa, indi nəyə görə Bəhramova qarşı edilən bu haqsızlığa göz yumuruq? İllərdi müzakirəsi bitməyən məsələ yenidən gündəmə gətirilib. Bir neçə il əvvəl Tofiq Bəhramovun qərarının düzgün olduğu hamı tərəfindən qəbul olunurdu. Hətta dünyanın məşhur "Futbol Mundial" proqramının kollektivi Bəhramovun qərarının doğru olduğunu əsas gətirərək, onun haqqında xüsusi reportaj hazırlamışdı. İndi isə hər şey tərsinə cərəyan edir.

«Sonrakı söz-söhbətlər əhəmiyyətsizdi»

Ancaq nədənsə hamının danışdığı, müzakirə etdiyi bu mövzuya AFFA münasibət bildirmir. Bu susqunluq nədən qaynaqlanır? Nədən AFFA Azərbaycan futbolunun tarixinə düşmüş bir şəxsin hüquqlarını qorumur, ona atılan böhtanlara biganə yanaşır? AFFA ilə əlaqə saxlayıb, məsələyə münasibət öyrənmək istədik. Federasiyanın mətbuat katibi Mikayıl Nərimanoğlu bu barədə çox danışmayıb, Tofiq Bəhramovun qərarı ilə bağlı söylənilənlərin heç bir əhəmiyyət kəsb etmədiyini bildirdi:

«Bu, FİFA-nın qərarıdı. AFFA FİFA-nın hakimlərlə bağlı hansısa bir qərarına indiyədək etirazını bildirməyib. Çünki hakimin qərarı qətidi. Hakimin qərarı dəyişdirilə bilməz. Sonrakı söz-söhbətlər əhəmiyyətsizdi».

Təbii ki, Mikayıl Nərimanoğlunun başdansovdu cavabı bizi qane ede bilməzdi. Ona görə də məsələni futbol ictimaiyyətinin müzakirəsinə çıxardıq. İdman mətbuatının nümayəndələri və keçmiş futbol hakimlərinin fikirlərini öyrənməyə çalışdıq. Həm AFFA-nın, həm də futbol ictimaiyyətinin nədən Tofiq Bəhramova sahib çıxmaq istəmədiyinin səbəbini öyrənmək istədik.

«İllər sonra bu məsələnin qabardılması qeyri-ciddilikdi»

«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli illər sonra bu məsələnin yenidən gündəmə gətirilməsinin qeyri-ciddilik olduğunu söylədi:

«Mənə elə gəlir ki, həmin qərara münasibət bildirərkən həmin dövrün reallıqlarını, şəraitini nəzərə almaq lazımdı. Mübahisəli məsələdi. Həmin oyunda baş hakim Qottfried Dienst epizoda nəzarət etməyib. Hakim laysman Tofiq Bəhramovun mərkəzə qaçdığını görərək qərarı verib. Bu barədə Tofiq Bəhramovun kitabında oxumuşdum. Bu mənada, demək istəyirəm ki, o dövrün reallıqlarına baxdıqda Tofiq Bəhramovu haqlı sayıram. İndi texnologiyalar vasitəsiylə qərar vermək rahatdı. Həmin dövrdən keyfiyyətli çəkiliş qalmayıb ki, hər şeyi dolğun görək. İllər sonra bu məsələnin qabardılması qeyri-ciddilikdi. Bunun üstünə düşməyə dəyməz. Yaxşı olardı ki, AFFA və ya Hakimlər Komitəsi bununla bağlı etiraz bildirə, izahat tələb edəydi. Orda qeyd edilməlidi ki, bu məsələyə 48 il sonra belə münasibət göstərilməsi düzgün deyil».

«Məsuliyyət AFFA-nın üzərinə düşür»

"Korner.az" saytının baş redaktoru Saleh Arslan isə ilk növbədə AFFA-nın Tofiq Bəhramova sahib çıxmalı olduğunu söylədi:

"Belə bir şey varsa, birinci AFFA ona sahib çıxmalıdı. Tofiq Bəhramov Azərbaycanı, futbolumuzu təmsil edən hakim olub. AFFA müəyyən addımlar atmalıdı ki, ona qarşı təzyiqlərin qarşısını alsın. Bu qərar dünya tarixinə keçmiş bir qərardı. Bugünkü futbol qaydaları ilə topun qapı xəttini tamamilə keçməsi lazımdı. Topun böyük bir hissəsi qapı xəttini keçmişdi. Cüzi bir hissəsi isə xəttin üstündə idi. Mən bildiyimə görə, o dövrün qaydaları ilə həmin qərar düzgün idi. Belə olan halda məsuliyyət AFFA-nın üzərinə düşür. AFFA müəyyən addımlar atmalıdı ki, bu məsələdə təzyiqlər azalsın. Azərbaycanı futbolda tanıdan bir neçə insan var. Birincisi elə Tofiq Bəhramovdu. Qol anına fikir versəz, Tofiq Bəhramovun qərarda necə də qətiyyətli olduğunu görərik. Bu hər hakimin işi deyil. O, həmin epizodda məsuliyyəti öz üzərinə götürdü. Tofiq Bəhramov Azərbaycan futbolunun brendidi».

«AFFA nə vaxtsa FİFA-nın hansısa qərarına etiraz edibmi?»

«Het-trik news» qəzetinin baş redaktoru İlqar Tağıyev bildirdi ki, AFFA istənilən halda FİFA-ya etiraz etməliydi:

«Görünür, FİFA bu il Almaniyanı dünya çempionu etmək istəyir. İndidən almanların illər əvvəl hakim səhvinin qurbanı olduğunu bildirir. Bu hadisədən 48 il keçir. FİFA-nın bu məsələni illər sonra gündəmə gətirməsi gülməlidi. Bu haqda çoxlu müzakirələr olub, olacaq da. Həmin oyundakı epizod bir neçə rakursdan çəkilib. Həmin epizodlarda topun qapı xəttini keçdiyini görürük. İndi müasir texnologiyaların köməyi ilə o qərarı dəqiqləşdirməyə çalışırlar. Hər necə olur-olsun, həmin qərar artıq verilib. FİFA-nın qaydalarına görə, hakimin qərarı dəyişməzdi. Bu qərarı kobud səhvlər siyahısında, özü də birinci pillədə göstərmək FİFA-nın adına uğur gətirən bir şey deyil. Təəssüf edirəm ki, mətbuatımız bu məsələdə Tofiq Bəhramova sahib çıxmadı. Bir dənə Tofiq Bəhramovumuz var. Hələ heç bir hakimimiz onun uğurlarını təkrarlaya bilməyib. Məni bir şey düşündürür: görəsən, AFFA nə vaxtsa FİFA-nın hansısa qərarına etiraz edibmi? Heç olmasa cəhd ediblərmi? FİFA-ya şikayət etməsələr belə, ən azından yerli mətbuatda bu barədə açıqlama verib, münasibət bildirmək olardı. AFFA hər necə olur-olsun, Tofiq Bəhramovun tərəfini saxlamalıydı. SSRİ dövründə azərbaycanlı hakimin dünya çempionatında iştirak etməsi çox çətin məsələ idi. Əsas odu ki, o, final mərhələsində oyunlar idarə edib. Bu, Azərbaycan futbolunun ən böyük uğurudu».

«Sovet hakimi almanları sevindirə bilməzdi»

«Futbolinfo.az» saytının baş redaktoru Vüsal Mahmudov isə Tofiq Bəhramovun səhvə yol verdiyinə əmin olduğunu bildirdi:

«Həmin qolu vuran oyunçu özü də Bakıda, Bəhramovun heykəlinin açılış mərasimində etiraf edib ki, qol sayılmamalıydı. Amma biz 48 ildi müzakirə olunan, böyük əksəriyyətin «səhv edib» dediyi hakimlə fəxr edirik. Məni qınasalar da, həqiqəti deməliyəm: zənnimcə, o qol sayılmamalıydı. Ancaq reallıq budu ki, sovet hakimi almanları sevindirə bilməzdi. Bu, dövrün tələbi idi».

«Biz ona sahib çıxmalıyıq»

Keçmiş FİFA referisi Babək Quliyev Azərbaycan xalqının Tofiq Bəhramova sahib çıxmalı olduğunu söylədi:

«Tofiq Bəhramov Azərbaycan xalqının fəxridi. Mən onunla fəxr edirəm. Biz Azərbaycan xalqı olaraq onunla fəxr etməliyik. Həmişə Azərbaycana və azərbaycanlılara qarşı paxıllıq olub. Bu dedi-qodular ondan yaranıb. Biz ona sahib çıxmalıyıq. Hər hakimin işi deyil ki, dünya çempionatının final oyununda hakimlik etsin. FİFA-nın araşdırmasının heç bir əhəmiyyəti də yoxdu. Mənim üçün o, dahi insan olub və həmişə onunla fəxr etmişəm».

Heybət Məmmədov  komanda.az

 

Tarix: 29 Yanvar [14:47]
Oxunub: 510 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az