“Xəzər Lənkəran” üçün göydəndüşmə fürsət

“Xəzər Lənkəran”ın büdcəsini azaltması, iddialarından geri çəkilməsi, vecsiz bahalı futbolçulardan yaxa qurtarması “bundan sonra öz yetirmələrimizlə yola davam edəcəyik” açıqlaması cəmiyyətdə birmənalı qarşılanmadı. Kimisi buna təəssüfləndi. Kimisi də klubun sahibi Mübariz Mənsimovu qınadı. 

 

Təəssüflənənləri anlamaq çətin deyil. “Xəzər Lənkəran” həqiqətən də solğun Azərbaycan futboluna müəyyən çalar qatırdı, rəqabət yaradırdı. Oyunçular yalnız Lənkəranda meydana çıxarkən futbol oynadıqlarının fərqinə varırdılar. Daha bunlar olmayacaq. Təəssüflənmək olar, amma buna görə Mübariz Mənsimovu qınamaq olmaz. Rusiya ətrafında yaranan maliyyə burulğanı bütün planetə yayılıb. Dünyanın böyük şirkətləri iflas həddindədi. Neftin qiymətinin düşməsi hətta BP boyda şirkəti də ixtisarlar aparmağa vadar edib. Əsas gəlir mənbəyi neftdaşıma olan “Palmali”nin də gəlirlərinin azaldığı dəqiqdi. Mübariz Mənsimov ixtisar aparmağa məcbur idi. O da bunu etdi. Özü də çox ağıllı və humanist şəkildə. Mənsimov evinə bir tikə çörək pulu aparan fəhlələri ixtisara salmadı. Mənsimov Azərbaycan bazarında gəlir gətirməyən “Palsüd”ün əməkdaşlarına toxunmadı. Mənsimov ən uğursuz layihəsi olan “Xəzər Lənkəran”da ixtisar etdi. Özü də klubdan evinə çörəkpulu aparan bircə nəfəri də işsiz qoymadı. Yalnız və yalnız layiq olmadığı məvacibi alan, əvəzində “Xəzər Lənkəran”a heç nə verməyən futbolçuları yola saldı. Büdcədən kəsilən vəsait yüksək məvacib alan vecsiz futbolçuların cibinə gedirdi. Buna görə Mübariz Mənsimovu qınamağa dəyərmi? Əksinə, bəlkə də “Xəzər Lənkəran”ın sahibi klub tarixinin ən düzgün addımını atdı. 

 

Amma bu  son olmamalıdı. İndi 10 il bundan əvvəl görülməli, amma görülməyən işə başlamaq lazımdı. “Bundan sonra öz yetirmələrimizlə yola davam edəcəyik” deməklə iş bitmir axı. Hanı o yetirmələr? “Xəzər Lənkəran” rəhbərliyi özünə məxsus olan futbolçuların yetişməsi üçün nə iş görüb indiyə qədər? Kimlərdi öz yetirmələri? Məşqə getmək üçün “alabaş” avtobusa da möhtac qalan uşaqlarmı? Keyfiyyətli qidalanma bir yana, icməyə su, oynamağa meydan tapmayan cocuqlarmı? 

 

Bu işə 10 il bundan əvvəl başlanılmalıydı. Bu 10 ildə indi qovulan vecsiz futbolçuların cibinə qoyulan vəsaitdən hər il çox demirəm, 1 milyon manat ayrılsaydı, indi bütün cənub bölgəsində uşaqlar futbol oynayardı. “Ağ-yaşıl” rəngli formada. İndi bütün cənub bölgəsində “Xəzər Lənkəran”ın onlarla futbol məktəbi mövcud olardı. İndi cənub bölgəsinin öz yetirməsi olan veteran futbolçular çayxanalarda domino oynamaqla gün keçirməzdilər, uşaqlarla məşğul olardılar, baş qaşımağa vaxt tapmazdılar. 

 

Bütün bunlara 10 il bundan əvvəl başlanılmalıydı. Amma başlamadılar. İndi məqamdı. İndi “Xəzər Lənkəran” rəhbərliyi “yola öz yetirmələrimizlə davam edəcəyik” deyir. Amma öz yetirmən də olmalıdı axı. Gec, ya tez, əvvəl-axır uşaq futbolunun inkişafı prioritet vəzifə olacaq. Futbolun inkişafına nail olmaq üçün bundan başlamaq lazımdı. AFFA-nın bu yolu tutub-tutmayacağından asılı olmayaraq başlamaq lazımdı bu işə. Peşəkar klub üçün bu yol əlifbanın “A” hərfidi. 
Mübariz Mənsimovun “Xəzər Lənkəran”ın büdcəsini azaltması, bahalı vecsiz futbolçuların göndərilməsi göydəndüşmə fürsətdi. O qədər də böyük vəsait tələb etməyən bir layihə ilə cənub bölgəsində uşaq futbolunun inkişafı  üçün intibahın əsasını qoymaq olar. Belə fürsət bir də ələ düşməyəcək. 

 

P.S.: Cənub bölgəsində uşaq futbolunun inkşafını şərtləndirəcək layihənin detallarını müzakirə edə bilərik. Təbii ki, “Xəzər Lənkəran” rəhbərliyinin belə istəyi olarsa... 

Natiq Muxtarlı  Rekord.az

Tarix: 22 Yanvar [16:44]
Oxunub: 686 dəfə
Müəllif: Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az