Oynayacaqlar - AFFA-nın “havası”na

Təxminən bir il əvvəl idi. AFFA İcraiyyə Komitəsi Azərbaycan futbolunu yeni limit bəlasına – “6+5” həddinə qovuşdurmuşdu. Həmişəki kimi, İcraiyyə Komitəsində təmsil olunan futbola aidiyyatı olan və olmayan üzvlər barmaq qaldırmışdılar, çəpik çalmışdılar. Bu qərarın futbolumuzun inkişafına təkan verəcəyini demişdilər. Demişdilər ki, bundan sonra azərbaycanlı futbolçular daha çox oynamaq imkanı qazanacaqlar və ildırım sürətilə inkişaf edəcəklər. Elə adını “futbol mütəxəssisləri” qoyduğumuz “kadrlar”ımız da bu qərarı dəstəkləyirdi. Klub rəsmiləri, işli-işsiz məşqçilər “urra” deyirdilər. Təkcə idman mətbuatı bəlanı görürdü. Görürdü və “səhv qərardı” deyirdi.

 

Üstündən bir il keçib. Amma heç zad olmayıb. Yerli futbolçular nəinki ildırım, heç tısbağa sürətilə də inkişaf etməyiblər. Sadəcə qiymətləri qalxıb, cibləri şişib. Vəssalam. İndi limitin dəyişdirilməsi məsələsi gündəmə gəlib. Türkiyənin başı daşdan-daşa dəydi, səhvini düzəltdi. Rusiya da düzəldəcək. Azərbaycan da başının üstündən daşı götürməlidi. Götürcəklər, yəqin. Yəqin ki, yenə də İcraiyyə Komitəsinin futbola aidiyyatı olan və olmayan üzvləri barmaq qaldıracaqlar, çəpik çalacaqlar, limiti ləğv edəcəklər. Sonra da çıxıb deyəcəklər ki, bu qərar futbolumuzun inkişafına təkan verəcək. İşli-işsiz məşqçilərimiz, klub rəhbərləri nə deyəcəklər? Axı bir il əvvəl bu adamlar tam başqa havaya “oynayırdılar”. Əminəm ki, onlar da dəstəkləyəcəklər bu qərarı. Bir il əvvəlki “havanı” unudub oynayacaqlar. 

 

“Futbol mütəxəssisləri” dediklərimiz hər havaya oynaya bilirlər. Onlar “təqaüd” havasına, AFFA ilə “səfər” havasına da oynayırlar. İşi olanlar “işimi itirərəm” havasına, işsizlər “bəlkə iş verdilər” havasına köklənirlər. Beləcə, Azərbaycan futbolunda bütün havalar səslənir, bütün havalara oynayanlar tapılır. Təkcə futbol havası çalınmır ki, çalınmır. Futbol havasının olması üçün bizə ilk növbədə kadr lazımdı. Şəxsiyyəti, əqidəsi, peşəkarlığı, ədaləti olan kadr. Belə kadrlar AFFA-dan gələn havaya qulaq kəsilməyəcəklər. Belə kadrlar savadlarına, düşüncələrinə, əqidələrinə düşən havaya oynayacaqlar. Təəssüf ki, bizim hələ belə kadrlarımız azdı, çox az. Azərbaycan futbolunda inkişafa nail olmaq üçün əvvəlcə kadr tapmaq lazımdı. Peşəkarlığın, savadın, ədalətin diqtə etdiyi havaya oynayan kadrlar.

 

Bir aydan sonra yığışacaqlar. Ötən il təntənə ilə qəbul etdikləri limiti ləğv edəcəklər. Barmaq qaldıracaqlar, çəpik çalacaqlar, “dəstəkləyirik” deyəcəklər. Sonra da utanmadan AFFA-nın “havasına” oynayacaqlar. 

 

 Natiq Muxtarlı
  Rekord.az
Tarix: 10 Yanvar [00:08]
Oxunub: 572 dəfə
Müəllif: Aut.az

AFFA, yoxsa Cavadov?

Aut.az

Bordin xilaskardırmı?

Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az