Vüqarla dəvətsiz görüş

Sənan Şəfizadə
 
Deyəsən 2010-cu il idi. İyulun 24-ü səhər müsahibə almaq üçün Vüqar Həşimovla danışdım. 
 
Şahmatçımızın dediyi sözlər indiyə qədər yadımdadır: "Axşam gəl bağa, həm çay içərik, həm də rahat danışarıq. Bütün suallara cavab verəcəm. Amma mütləq gəl, gözləyəcəm”.
 
Təəssüf ki, həmin gün TV-də veriliş gec başa çatdığı üçün bağa getmədim. Üç gün sonra müsahibəylə bağlı görüşdük, iki saatdan artıq dərdləşdik. Sonda iyulun 24-ü bağa gəlməməyimi təəssüflə yadıma saldı. Sən demə iyulun 24-ü Vüqarın ad günü idi. Xəbərim olmadan həmin gün bağda ailə üzvlərinin iştirakıyla yığıncağa dəvət olunmuşam. Vüqar bilərəkdən şad günü olduğunu söyləməyib. Yəni hədiyyə almağımı istəməyib.
 
Bir il sonra iyulun 24-nü Bakıda keçirmədi, ad gününü xaricdə qeyd etdi. Sonradan isə müalicəyə yollandı. Müalicədən qayıdandan sonra ad gününə dəvət olunmadım. 2014-cü ildən etibarən dəvət gözləmədən iyulun 24-ü görüşünə tələsirəm. Dəvət olunmadan ən yaxınları Fəxri Xiyabanda Vüqarla görüşür, yenidən xatirələrimizi yada salırıq.
 
2009-cu ildə şahmat millimiz Serbiyada tarixdə ilk dəfə olaraq Avropa çempionatında qələbə qazandı. Bununla bağlı xüsusi film hazırlamaq istəyimi söyləyəndə, Vüqar hər zaman tələsməməyi xahiş edirdi. Deyirdi dünya çempionatı ya olimpiada da medal götürək sonra danışarıq. Müalicəyə yollanmazdan 3 ay əvvəl film hazırlamaq istədiyimi yenə söyləmişdim. Demişdi ki, hara tələsirsən, bir az vaxt keçsin, səfərdən qayıdım, sonra o barədə danışarıq. Həqiqətən 2014-cü ilin yanvarında qayıtdı, amma söhbət etmək imkanımız olmadı.
 
Doğma insanlar bizi tərk edəndən sonra nömrələrini telefondan pozmuram. Bilmirəm bəlkə unutmağa qorxduğum üçün nömrəsini hələ də silməmişəm. Ötən il təsadüfən əlim dəydi, nömrəsinə zəng getdi. Qəribə hisslər keçirdim, sonra zəngi dayandırdım. Çünki telefona Vüqarın cavab verməyəcəyini bilmək istəmirdim. İki gün sonra qardaşı Sərxan Vüqara zəng vurduğumu söyləyəndə inana bilmədim. Sən demə Vüqarın nömrəsini indi ailə üzvləri işlədir.
 
Vüqar çox maraqlı insan idi. Sözün əsl mənasında. Həmişə VÜQARLI görünər, hətta məğlubiyyətdən sonra belə gülümsəməyi bacarardı. Uduzmağı sevmirdi, amma məğlubiyyəti hiss etdirməzdi. Hər zaman komanda yoldaşlarına, eləcə də yeniyetmələrə dəstək olardı. Bu gün onun yeri çox görünür. Həm millidə, həm də həyatda.
 
24 iyul fəxrimiz Vüqar Həşimovun doğum günüdür. Son illər olduğu kimi yenə dəvət olmayacaq. Amma dəvətsiz belə görüşünə gələcəyik.
 
BAKU.WS
Tarix: 24 İyul [14:50]
Oxunub: 44 dəfə
Müəllif: Aut.az

İdman jurnalisti qətlə yetirilib

Aut.az

UEFA kiberfutbol üzrə Avropa çempionatı keçirəcək

Aut.az

Azərbaycan yığmasının heyətindən 2 oyunçu kənarlaşdırıldı

Aut.az

Günün oyunları - TV

Aut.az

Milli komandamıza müvəqqəti baş məşqçi təyin olundu

Aut.az

Milli komandamız Sloveniyaya qalib gəldi

Aut.az

Günün oyunları - TV

Aut.az

Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı

Aut.az

Günün oyunları - TV

Aut.az

Dünya Karate Federasiyasının Hakimlər Komissiyası Bakıda seminar təşkil edib

Aut.az