Aslan Kərimov: "Bunu fikirləşəndə, mənə qorxulu gəlir"

Azərbaycanın tanınmış veteran futbolçularından olan Aslan Kərimov klublarımızın avrokuboklardakı çıxışını dəyərləndirib.
 
"Qarabağ"ın, "Neftçi"nin, o cümlədən yığmamızın sabiq oyunçusu Sport7.az-a açıqlamasında bunları bildirib: "Oyunlar başlamamışdan öncə mediaya müsahibə vermişdim. Fikrimcə, elə hər şey düşündüyüm qədər də oldu. "Səbail" üçün çətin olacağını əvvəlcədən bilirdik. Baxmayaraq ki, adını tanımadığımız bir komanda idi. Rumıniyada futbolun hansı səviyyədə olması aydın məsələdi. Rumıniyanın istənilən komandası bizimkilər üçün başağrı olmalı idi. Digər tərəfdən "Səbail"in ilk dəfə Avrokuboklarda çıxışı öz sözünü dedi. Yeni futbolçuların uyğunlaşması və sair kimi amillər onların oyunlarına təsir etdi. Şansları çox azdı. "Səbail" üçün narahatam".
 
Kərimov "Qarabağ"la bağlı daha ətraflı danışdı: "Açığı "Qarabağ"dan daha çox şey gözləyirdim. İlk mərhələdə hər zaman gözlədiyimiz rəqiblər olur. Qapanmış müdafiə, geridə oturma, əks-hücumlarda oynamaq və sair. "Qarabağ" demək olar ki, 4-5 ildi ilk mərhələdə yalnız belə komandalara qarşı oynayır. Lakin daxili çempionatda, bəlkə bir neçə oyun istisna olmaqla, eyni stildə oynayırlar. Əslində, rəqibin müdafiəsini yarmaqda çətinlik çəkməli deyildilər. Sadəcə, şəxsi fikrimdi, birinci oyundakı heç-heçəyə səbəb, mövsümün başlanğıcı, yeni futbolçuların transfer edilməsi, bəlkə də Bədavi Hüseynovun müdafiədə olmaması kimi amillər idi. Qol vuran ayaqlarını da hələ tapa bilməyiblər. Bütün xətlərdə aşağı-yuxarı, demək olar özlərini düzəldiblər. Yarımmüdafiə xətti 4 ildi Azərbaycanın ən yaxşı yarımmüdafiə xəttidi. Avropada da yarımmüdafiə xəttinin hesabına çıxış edirlər. "Qarabağ"ın ən böyük problemlərindən biri hücum xəttidi. ÇL-ə vəsiqə qazandıqları komanda ilə müqayisə edəsi olsaq, qoleadorlarının olmaması bu cür çətinliklərə gətirib çıxarır. İkinci oyunda bütün komponentlərdə rəqibləri üstələmişdilər, dominantlıq edirdilər amma qol vura bilmirdilər. Dominantlığı qola çevirmək üçün forvard lazımdı ki, rəqibin oyun sistemi itsin və daha sonra növbəti qollar gəlsin. Məsələn, Dino Ndlovu bizim gözümüzdə texnikalı olmasa da belə, lazım olan anda və yerdə qol vurmağı bacaran futbolçu idi. Azarkeşin gözündə texnikalı futbolçu 4-5 nəfəri aldada bilən, amma mənim gözümdə bir toxunuşla topu qapıdan keçirən oyunçudu. Bu olmadığına görə çətinlik çəkdilər. Növbəti rəqibləri İrlandiya komandasıdı. Oyun stilləri bundan fərqli olmayacaq. Çünki 4-4-2 sistemi ilə  müdafiə olunmağı bacaran komandadı. Ümumiyyətlə Britaniya təmsilçiləri hər zaman müdafiələri ilə seçilib. Buna baxmayaraq, yığmalarından fərqli olaraq, klub səviyyəsində o qədər də güclü rəqib sayılmalı deyil "Qarabağ" üçün. Çünki milli komandalarının futbolçularının hamısı İngiltərə komandalarında çıxış edir. Zatən İrlandiyada bir balaca keyfiyyəti olan futbolçu İngiltərəyə qaçır. Klublarının səviyyəsi o qədər də yüksək deyil. Keçənilki heyətlə müqayisə ediriksə "güclü" məsələsini ortaya çıxarmayaq. Çünki elə də böyük dəyişiklik olmayıb. Yalnız itirdikləri oyunçunun, Dino Ndlovunun yeri görünür. Pedro yaxşı futbolçu idi. Amma indi Mahir, onun qədər iti oynamasa da, Pedronu əvəzləyə bilər. Mahirin müsbət cəhəti müdafiəyə qayıdıb kömək etməkdi. Yarımmüdafiənin mərkəzində Coşqunu itirdilər, amma Qara Qarayev qalır, aşağı-yuxarı eyni tipli futbolçulardı. Zatən mərkəzdə oyunu həll edən futbolçular Almeydadı, Miçeldi, Zubirdi, Dani Kintanadı. Reynaldo gəlmişdi. Ancaq formasından tamamilə uzaqdı. Onun ikinci dəfə transferi uğurlu olmadı. Qapıçı transferləri də uğurlu alınmadı. Ancaq braziliyalı, hazırda Haldorssondan daha yaxşı görünür. Düzdü keçən il yox idi, amma müqayisə edəsi olsaq, Şehiç əməlli-başlı qapıçı idi. Şehiçin getməsi ilə, qapı xəttində də geriləmə var. Yenə də düşünürəm ki, bu olay Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün elə də çətinlik yaratmayacaq. Çətinlik yalnız forvardla bağlıdı. "Qarabağ" çətin anlarda topu özündə saxlamağı bacarır. İrəli gedə bilməsələr də, vaxt udub, fiziki baxımdan dincəlməyi bacarırlar. Qol vurmaq lazımdı ki, yalnız bundan sonra rəqib açılışır və boşluqlar verir. Digər tərəfdən qol vurmağı bacaran, amma qiyməti 1 milyondan aşağı olan futbolçu tapmaq da çətindi. Bunu anlamaq lazımdı. Çox güman ki, Ndlovu da yüksək məbləğə oynayan futbolçu idi. Lap 70 milyonluq büdcən olar, 3 milyonluq forvard alıb gətirərsən, ancaq onun da gəlib 8 komandalı Azərbaycan çempionatında çıxış etmək istəyəcək ya yox, bunu da demək çətindi. Yeganə variant odu ki, "Qarabağ" belə futbolçuları, ÇL-in və ya Avroliqanın qrup mərhələsinə düşməklə aldadıb gətirə bilir. Daxili çempionatla mümkün deyil".
 
Aslan bəy "Neftçi"nin də çıxışına toxunub, "Arsenal"a qarşı necə oynaya biləcəyi haqda danışdı: "Bizim klublarımız Moldova təmsilçilərindən qat-qat irəlidədi. Transferlərə baxsaq, "Qəbələ"lədən gələnlər, o cümlədən hücum xəttində olan digər futbolçular qol vurmaq baxımından heç bir problem yaşamırlar. Mərkəz müdafiəçisini gətirməklə, "Neftçi" müdafiə xəttini də bir balaca düzəldə bilmişdi. Qısası bu mərhələni keçməkdə heç bir problem görmürəm. Bizimkilərin Rusiya təmsilçisinə qarşı oynaması elə də asan məsələ deyil. Çünki aşağı-yuxarı biz də o mentalitetdə, mədəniyyətdə böyüyən insanlarıq. Baxmayaraq ki, müstəqilliyimizi əldə etmişik, 70 ilin izləri qalmamış deyil. Oyun, ruh baxımından onlar da bizim komandalarımızın hansı səviyyədə olduğunu bilirlər. Rusiya çempionatı Moldovadan çox fərqlənir. Rusiya çempionatında bir neçə milyonluq oyunçular çıxış edir. Yəqin ki, "Arsenal"ın heyətində də kifayət qədər bahalı oyunçular olacaq. Onlar limiti də ləğv etmək istəyirlər. Legioner gətirməyə daha çox maraqlıdılar. "Neftçi" bu səddi keçməkdə çox çətinlik çəkəcək. Əlbəttə, azarkeş kimi mən də keçməsini istəyirəm. Ancaq Rusiya təmsilçisi olduğunu fikirləşəndə mənə qorxulu gəlir. Qol vurmaq baxımından imkanları olacaq. Amma buraxmamağa gəlincə, ölkədaxili çempionatda da digər rəqiblərə qarşı oyunda müdafiədə səhvlər olurdu. Keyfiyyəti yaxşı olan futbolçular bu səhvlərdən istifadə edirlər. Mənə elə gəlir "Arsenal"ın heyətində də belə futbolçular olacaq. Nəinki "Neftçi", digər komandalarımız da təzyiqə tab gətirə bilmir. Ümumiyyətlə Azərbaycan futbolunun ən böyük çatışmazlıqlarından biri təzyiq altında oynaya bilməməyimizdi. İstənilən zəif komandaya qarşı ÇL səviyyəsində oyun göstərə bilərik. Ancaq təzyiq yüksəldikcə, tələskənlik yaranır, ötürmələr əyri verilir, hələ rəqib müdafiədən oyun qurursa işimiz daha da çətinləşir. Yaxud rəqib sürətli keçidlərlə oynayırsa, o zaman hücumdan müdafiəyə qayıtmaq bizim üçün çətinlik yaradır. 4-5 saniyə ərzində buraxılan səhv qolla nəticələnə bilir. Aşağı səviyyəli komandalara daha çox zaman lazım olanda, 10 saniyə müddətində müdafiəni bərkitmək mümkündü. Yüksək səviyyəli rəqiblərə isə 4-5 saniyə kifayət edir. Bütün bu faktorları cəmləsək, "Neftçi" üçün növbəti səddi keçmək çox çətin olacaq".
Tarix: 18 İyul [20:00]
Oxunub: 32 dəfə
Müəllif: Aut.az

"Neftçi" rəhbərliyi azarkeşləri stadiondan qovdurdu - FOTOLAR

Aut.az

Azərbaycanlı menecer macar futbolçuları izləyəcək

Aut.az

Qanalı futbolçu "Neftçala"nı xatırladı

Aut.az

UEFA-dan Bakıya 70 nəfər gəldi

Aut.az

“Qəbələ”dən “Sumqayıt”a

Aut.az

Millimizin üzvü Küveyt klubunda

Aut.az

“Linfild”in sahibi: “Qrupa düşməklə oyun sayımızı artırmış olacağıq”

Aut.az

Əsəbi azarkeş qapının şüşəsini qırdı - Azərbaycanda

Aut.az

"Sabah"ın "Neftçi" sınağı - BU GÜN

Aut.az

“Səbail”ə bir qol bəs etdi

Aut.az