Özünüzü də milliləşdirin!

Yalandısa, AFFA-nın hansısa “kiçiktutumlu” məmuru çıxıb təkzib edəcək, həqiqətdisə, sadəcə, susub ictimai reaksiyanın dərəcəsini ölçəcəklər. Həyasızlıq o həddə çatıb ki, bu qədər biabırçılıqdan sonra da özbaşnalıq edir, gic-gic addımlar atırlar. Özərini alverə, bizneslərini çiçəkləndirməyə veriblər, boyunlarının arxasını sipər edib, altdan-altdan iş görürlər.
 
Ola bilsin, AFFA rəsmi şəkildə təklif göndərməyib. Lakin bu qurumda o qədər qulbeçələr, himayədarına arxayın olub, hər yoldan keçənə təklif göndərəcək səlahiyyətdə menecer var ki, mətbuata çıxmış belə xəbərlərin hamısına inanmalı olursan.
 
“Sumqayıt” ötən mövsüm 5-6 futbolçunu bir gecədə milliləşdirmədimi? Əsas millinin yarısını əcnəbilər təşkil etmirmi? Aşağı yaş qrupları azərbaycanlı olmayanlarla dolu deyilmi?
 
Ona görə də "Kayserispor"un yarımmüdafiəçisi Hasan Hüseyinin təsdiqi sıradan açıqlama ola bilməz. 25 yaşlı orta sahə oyunçusu deyir ki, AFFA-dan təklif alıb: "Bəli, Azərbaycan tərəfindən təklif gəldiyi doğrudu. Bu barədə düşünürəm və müsbət baxıram. Millidə oynamağı hər kəs istəyər. A millidə oynamaq istəyərəm, amma Azərbaycan yığmasında çıxış etmək də qürur verər".
 
Ötən mövsüm "Kayserispor"un heyətində Superliqada 17 oyunda meydana çıxan yarımmüdafiəçi 3 qol, 1 assistlə yadda qalıb. Türkiyənin U-20 yığmasının heyətində 3 matçda iştirak edən dutbolçunun klub karyerası parlaq deyil, icarələrdə oynayıb, zəif klubların formasını geyib. Amma nə olsun? Azərbaycan millisinə çağırılmaq üçün bu keyfiyyətlər önəmli deyil, kiminsə dostu, tanışı ol və ya kimlərəsə yaxşı pul qazandır – yetərlidi.
 
Türkiyəli futbolçular heç vaxt millimizdə uğurlu olmayıb. Bernard Lippertin vasitəsilə gələn onlarla oyunçunun adını çəkə bilərik. Səviyyələri çox aşağı olub və 1-2 oyun keçirərək qeyb olublar. Kimlərəsə pul qazandırıblar, özləri klub seçimi zamanı milli amili üzündən daha yaxşı müqaviləyə nail olublar və gediblər. Səviyyələri o qədər pis olub ki, Cihan Özkara, Uğur Pamukun timsalında cavan yaşında karyeralarını bitirənlər də tapılıb.
 
AFFA-nın bəh-bəhlə gətirdiyi Dəniz Yılmaz haradadı? Hətta onu milliləşdirənlər də bu futbolçunu yığmaya çağırtdırmağı lazım bilmir. Maliyyə fırlandı, ciblərə bölüşdü, film bitdi.
 
Təbii ki, AFFA-nın belə addımlarında məqsəd var. Ölkədə ciddi kadr çatışmazlığ göz çıxarır. 11-12 ili havaya sovurublar, heç kimi yetişdirməyiblər və bu gün əsas millidə oynayacaq səviyyədə futbolçu yoxdu. Boşluğu doldurmaq üçün isə hər yola əl atırlar. Halbuki...
 
...Halbuki bu ölkə istedad baxımından heç vaxt ələbaxan olmayıb. Onları üzə çıxarmaq, inkişaflarını təmin etmək üçün şəraitə, bacarıqlı idarəçilərə ehtiyac var.
 
Ramil Şeydayev elə dünən bu həqiqəti bir daha təsdiqlədi. O da azərbaycanlıdı və Rusiyanın ən köklü klublarından birinə keçdi. Onu nə Riad Rəfiyev harasa calaq etdi, nə də kimsə xahiş etmək zəhmətinə düşdü. Ramil bacarığı, istedadı, əmkarlığı sayəsində bu dəvətə nail oldu. Milli komandanın ən bərbad dönəmində belə Şeydayev parlamağı, Xorvatiyaya, Slovakiyaya qarşı təkbaşına mübarizə aparıb qollar vurmağı bacardı. Bu da nəticə!
 
Moskva “Dinamo”su tarixən bizimkilər üçün uğurlu klub olub. Ələkbər Məmmədov, Valeri Hacıyev uzun illər bu komandada oynayıb, Vəli Qasımov yarım mövsümə ilk Rusiya çempionatının bombardiri olmağı bacarıb, İsgəndər Cavadov bu formayla avrokubokda qol vurub, Dmitri Kramarenko müəyyən müddət əlcək geyib, neçə-neçə “Neftçi” yetirməsi olan qeyri-azərbaycanlı paytaxt klubunda möhkəmlənib. İndi də Şeydayev yola davam edəcək.
 
Azərbaycandakı bataqlıqdan tez çıxması ən böyük uğurudu, AFFA-nın menecerlərinin onu hər ay bir kluba sürüyüb pul qazanması da Ramili sındırmadı. Xarakter göstərdi, özünü sübut etdi. Çünki istedadı var, əla məktəb keçib. Bəlkə də millimizi seçməsəydi, çoxdan “Zenit”in heyətində idi. 19, 21 yaşlılar arasında Rusiya yığmasının heyətində Avropa futbolu tarixinə düşmüş Şeydayevin potensialı mütləq partlamalıydı.
 
Və Ramillə bağlı xoş xəbərin ertəsi AFFA-nın hansısa yoldankeçəni milliləşdirmək istədiyi yazılır. Səriştəsizliyin son həddi...
 
Şeydayev bu transferlə sübut edir ki, problem azərbaycanlıda deyil, sistemdədi. Azərbaycanda uşaq futbol təsərrüfatı düzgün qurulmayıb, AFFA bu işi bacarmır. Rusiyada bizimkilərə qarşı bu qədər ayrıseçkilik olduğu halda Şeydayev üzə çıxa bilirsə, deməli, ölkəmizdə yüzlərlə istedad kəşf etmək, yetişdirmək realdı. Amma uşaq futbolunda sistem olsa, düzgün strategiya qurulsa...
 
Başı ancaq pul qazanmağa qarışan əməkdar marketoloq Elxan Məmmədovlamı? Mümküsüzdü!
Bu adam futbol təsərrüfatında qaldıqca neçə-neçə istedad məhv olacaq və yalnız Azərbaycandan uşaq yaşlarında qaçan həmyerlilərimizin uğurlarına sevinəcəyik. Milyonlar xərclənən Dadaşov qardaşları, anqolalı Eddi və başqaları yox, əsl azərbaycanlı Şeydayev kimilərin.
 
İmkan varsa, özünüzü də milliləşdirin, Azərbaycanı, azərbaycanlıları bu ölkənin pulunu, taladığınız sərvətini sevdiyiniz qədər sevin. O zaman hansısa Hasan Hüseyin axtarmayacaqsız, İmişlidə, Gəncədə, Tovuzda yetişib Moskva “Dinamo”suna gedən Məmmədov, Qasımov, Şeydayev və başqalarının uğuruna sevinəcəksiz.(futbolinfo)
Tarix: 9 İyul [00:01]
Oxunub: 77 dəfə
Müəllif: Aut.az

Aslan Kərimov: "Bunu fikirləşəndə, mənə qorxulu gəlir"

Aut.az

Matçın adamı - SADIQOV

Aut.az

"Qarabağ"ı izləmişəm" - "Dundalk"ın baş məşqçisi

Aut.az

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - Gözlənilməz zəng

Aut.az

Rəşad Sadıqov "Qarabağ"da 80-ə çatdı

Aut.az

“Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

Aut.az

"Həyatını bir peşəyə sərf edib, sonra da kağız parçası kimi..." - Quliyev

Aut.az

Çempionlar Liqası: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri

Aut.az

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Aut.az

"Sumqayıt" loqosunu dəyişdi - FOTO

Aut.az