“CBC Sport”dan “Neftçi” azarkeşlərinə hörmətsizlik

“Neftçi”nin Avropa Liqasının ilk təsnifat mərhələsindəki səfər oyunu ekranlara gəlməyəcək. “CBC Sport”un günahı, rəhbərliyinin səriştəsizliyi üzündən “Sperantsa” ilə Moldovadakı matçı izləyə bilməyəcəyik. İlkin görüntü belədi.
 
Səbəb aydındı, eyni zamanda gülməlidi. Belə ki, moldovalılar oyunun yayımı üçün bizimkilərdən 15 min avro istəyir. Və SOCAR-dan qidalanan varlı telekanalımız bu məbləği verməkdə acizdi. Düzdü, qarşı tərəf oyunu ümumiyyətlə, çəkmək, yayınlamaq niyyətində deyil. Və bu işi də bizimkilərin etməsini istəyirlər. “CBC Sport” isə ümumi xərclərin 100 min manata çatacağını düşünərək yayımdan imtina edib.
 
Təbii ki, matçın çəkilməsi üçün STS aparmaq, xeyli əməkdaş ezam etmək, onların müxtəlif xərclərini qarşılamaq üçün böyük vəsait tələb olunur. Lakin problemin başqa, ucuz həlli yolu da var.
 
Əvvəla, danışıqları daha peşəkarcasına aparmaq lazım idi. Vəziyyəti moldovalılar da başa düşərdi. 15 min avro tələbi mütləq ehkam deyil. Bildiyimizə görə, qarşı tərəf indi bu məbləğin yarısına da razıdı. Bundan başqa, səfərə heç də böyük işçi qüvvəsi, texnika aparmaq gərək deyil. Sözügedən ölkədə oyunu ekrana gətirmək üçün mütəxəssislər tapmaq mümkündü. Və bunu 3000-3500 avroya, bəlkə də daha ucuza reallaşdırmaq olar. Yaxşı prodakşn tapmaq, Bakıdan böyük köç etmədən, icarə qaydasından yararlanıb matçı yayımlamaq mümkündü.
 
Bəzi araşdırmalar apardıq və məlum oldu ki, 20-25 min manat qarşılığında “Sperantsa” – “Neftçi” oyununu azarkeşlərə izlətmək mümkündü. Bunun necə mümkün olduğunu qarşıdakı günlərdə açıqlayacağıq və “CBC Sport” rəhbərliyinin sadəcə, özünü əziyyətə salmadığını sübut edəcəyik.
 
Kanalın türkiyəli rəhbəri Volkan Üstün istirahətdən başı açılsaydı, işinə məsuliyyətlə yanaşsaydı, indiyədək azarkeşlərin narahatlığına son qoyulardı. Bu şəxsin bir aylıq maaşından da az məbləğə oyunu yayımlamaq mümkündü.
 
“CBC Sport” pis öyrəşib. Əziyyət çəkmədən hazıra nazil olmaq istəyirlər. Bu telekanal Premyer Liqanın yayım hüququna havayı sahib olduğu kimi, avrokubok oyunları üçün də xərcə düşmək istəmir. Sanki hamı bunlara xidmət etməli, onlarsa özünü qəhrəman kimi göstərməlidi. Eyfelin kölgəsində bir ay mənasız çəkiliş etməyə vəsait tapanlar bu gün ölkənin ən qocaman klubunun qitə matçına biganədi.
 
Peşəkar Futbol Liqası ötən qış “CBC Sport”a əla dərs keçmişdi. Qurumun 2-3 fədakar işçisi klublarımızın təlim-məşq toplanışından internet yayımını bu telekanalın böyük işçi qrupundan daha keyfiyyətli təşkil etmişdi. Təbii ki, avrokubok matçı fərqlidi, lakin xərci bir qədər artırmaq, kamera sayını çoxaltmaqla hər şey mümkündü.
 
Bu məsələdə klubu günahlandırmaq absurddu. “Neftçi” hətta satmalı olduğu məhsulunu “CBC Sport”a peşkəş edib, ev matçını problemsiz yayımlayacaqlar. Bakılıların səfər qarşılaşmasına görə əlini cibinə atması yolverilməzdi. “CBC Sport” heç olmasa, Moldovadakı matça görə kiçik xərcə düşməlidi.
 
“Niyə başqa telekanal yox, məhz “CBC Sport” sualını verməyin. Çünki tənqid edilməyi AFFA-nın telekanalı özü istəyir. “İdman Azərbaycan” və digərləri ilə rəqabətdə məhz “CBC Sport” haqsız üstünlük qazanıb, “İdman Azərbaycan”ı belə kənarda qoyub.
 
Qondarma tenderin qalibi olublar, sonra isə aydınlaşıb ki, rəqəmlər saxtadı, gözdən pərdə asmaq üçündü. Premyer Liqanın yayım hüququna yiyələnmək üçün hansısa məbləğin ödənəcəyi bəyan edilib, amma illərdi heç kim qara qəpuk görmür. Sadəcə, AFFA-nın kanalı olduğu üçün çempionatı monopoliyaya alıblar.
 
İndi də avrokuboklarla bağlı eyni vəziyyətdi. Klublar bu kanalla işləməyə məcbur edilir. “CBC Sport”  isə asan olanı edir – ev matçlarını yayımlamağı boynuna götürür, səfər görüşləri üçün xərcə düşmək istəmir. Məhz bu üzdən “Neftçi” azarkeşləri I təsnifat mərhələsinin Moldovadakı oyununu izləməkdən məhrum qala bilər.
 
Telekanal 3 mövsümdü “Neftçi”yə ödəməli olduğu 200 min manatdan artıq məbləğin dalına keçib və bütün klublarla bağlı vəziyyət eynidi. İndi isə həmin vəsaitin 10-15 faizini xərcləmək lazımdı. Yalandan məbləği 100 min manata kimi şişirtməklə deyil. Normal əlaqələr qurulsa, işi peşəkarlar görsə idi, problem çoxdan həllini tapmışdı. “CBC Sport” isə bu oyunu çoxdan arxa plana atıb və “Səbail”in havayı başa gələcək ev oyununu yaımlamağa hazırlaşır. 1 saat fərqlə start götürəcək Moldovadakı oyun isə ümumiyyətlə, unutdurulub.
 
Volkan Üst “Neftçi” fanatlarına hörmətsizlik etməməlidi. Hələ vaxt var, əlaqələri işə salmaq, zəhmət çəkib Moldovaya yollanmaq və problemi çözmək lazımdı. Mümkündü! Biz sübut etmədən siz tərpənin. İpuclarını verdik, oyun günü biabır olmaq istəmirsizsə, yumşaq kreslolardan qalxın, iş görün.(futbolinfo)
Tarix: 8 İyul [12:40]
Oxunub: 200 dəfə
Müəllif: Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sumqayıt"ın bütün rəqibləri müəyyənləşdi

Aut.az

Tahir Süleymanov: "Xırda bir təxribat böyük fəlakətlərə yol aça bilər"

Aut.az

"Qəbələ"yə qarşı 8 legionerlə...

Aut.az

"Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

Aut.az

"Şüvəlan" fəaliyyətini dayandırdı

Aut.az

"Dandolk" "Qarabağ"la oyunlar üçün 22 futbolçu sifariş etdi - SİYAHI

Aut.az

“Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti məlum oldu SİYAHI

Aut.az

“Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

Aut.az

"Sabah" Təmkini şərtlə bağışlayıb

Aut.az