"Pul yox idi, ailəni dolandıra bilmirdik" - MÜSAHİBƏ

"Makkabi" zəfərinin 20 illiyində "Qarabağ" veteranları ilə danışdıq.
 
Yaşar Hüseynovla söhbətimiz daha geniş alındı və qərara aldıq ki, oxucularımıza veteran futbolçunun ayrıca müsahibəsini təqdim edək.
 
- Uzun müddət "Qarabağ”da məşqçi kimi çalışmısız. "Səbail”ə keçidiniz necə baş tutdu?
- Mən üç il Aftandil  Hacıyevlə bir yerdə "Qarabağ”ın əvəzedici komandasında işləmişəm. Aftandil müəllimi dəvət elədilər "Səbail”ə, o da istədi ki, mən onunla birlikdə işləyim. Sözün düzü, bilmirdim gedim getməyim. Sonra getdim Qurban Qurbanovla söhbət elədim. Qurban müəllim də sağ olsun, məsləhət elədi ki, bir yerdə işləmisiz, köməkləşin, yenə biryerdə işləyin. Hamı ilə məsləhətləşib razılaşandan, sonra getdim. Qərar verə bilmirdim gedim, ya yox. Çünki mən 40 ildi "Qarabağ”da idim. Uşaq illərimi saymasam 21 il ardıcıl oynamışam, ayrılmaq çox çətin idi. Başqa komandadan dəvət gəlsəydi, getməzdim. Dəfələrlə birinci dəstədən dəvət olub, getməmişəm. Aftandil müəllimlə münasibətim yaxşıdı deyə ayrıldım "Qarabağ”dan. Ayrılsam da ürəyim həmişə "Qarabağ”ın yanındadı.
 
- Debütünüz uğurlu alındı, məncə, heç kim mövsümü üçüncü bitirəcəyinizi gözləmirdi.
- Heç kim gözləmirdi. Düzü, heç rəhbərlik də gözləmirdi. Biz bura gələndə qabağımıza üçüncü yer tutmağı məqsəd qoymamışdılar. Birinci il idi, məqsəd o idi ki, komanda çempionatda qalsın, mehriban kollektiv qurulsun. Aftandil müəllimlə qarşımıza məqsəd qoymuşduq ki, mehriban kollektiv formalaşdıraq, məqsədimizə çatdıq. Çünki mehribanlıq olan yerdə hər şey olur, arxası gəlir. Biz təcrübədə görmüşük bunu. Qurban müəllimlə işləyəndə də mehriban kollektivimiz var idi. 
 
 
- "Səbail” avrokuboklarda ilk dəfə çıxış edəcək. Hazırlıqlar necə gedir?
- Hazırlaşırıq. Çatışmayan şeylər çoxdu. Legionerlər hamısı komandadan ayrıldı. İstədiyimiz futbolçuları saxlaya bilmədik. Kubeni saxlamaq istədik, qalmadı. İki illik müqavilə təklif etdik, razılaşmadı. Qınamaq olmur, futbolçudu, kim daha çox pul verir, ora gedirlər. Çatışmazlıqları düzəltməyə çalışırıq. Danışıqlar gedir. Aftandil Hacıyevlə bizim birinci ilimizdi, bir az təcrübəmiz də azdı. Çalışacağıq yaxşı olsun. 
 
- Sizin futbol oynadığınız dövrlərdə futbolda böyük pullar yox idi, amma yaxşı futbolçular yetişirdi. İndi pul var, futbolçu yetişmir.  Səbəb nədi sizcə?
- Köhnə futbolçuların hamısının yaralı yeridi bu. O vaxt pul yox idi, futbolçu çox idi, indi cavan uşaqlara deyirsən, başa salırsan, ya qulaq asmırlar, ya da qulaq asırlar  əməl eləmirlər.  Bizdə indi peşəkarlıq çatışmır. Mən həmişə  bunu demişəm, yenə də deyirəm. Bugünkü gənclərin ən böyük bəlası telefondu. 5-6 yaşlı uşağın da əlində telefon var. Baş qarışır telefona, futbol yaddan çıxır. Peşəkarlıq çatmır bizdə. Qulaqlarında qulaqcıq, əllərində telefonla oyuna hazırlaşırlar. 
 
- Necə oldu ki, bir ailədən iki qardaş çıxdı və hər ikisi "Qarabağ”ın əfsanəsi ola bildi?
- Mən o vaxt Ağdamda 1 nömrəli məktəbdə oxuyurdum. Adil Nadirov məktəbə gəlmişdi. Dərsdən icazə alıb uşaqlara futbol oynadırdı ki, içindən futbol oynaya bilənləri seçib aparsın. Məni də o vaxt seçmişdi.  Bir müddətdən sonra qardaşımı görmüşdü. Görüb ki, iki ayağı da yaxşı işləyir. Rəhmətlik Allahverdi Bağırov məşqçi işləyirdi. Müşfiq birinci onun məşqinə getmişdi. Nadirov sevinirdi, istəyirdi ki, o böyük futbolçu olsun. 1990-cı ildə Müşfiq Sank Peterburqda "Saturn” komandası vardı, orda oynayırdı. 6 ay orda oynayandan sonra Ağdama gəlmişdi. Ağdamda yavaş-yavaş qızışırdı müharibə. Dəstələr yaranırdı. İmarət stadionunda Fred Asifin dəstəsi var idi. Onun evi də stadiona bitişik idi. Fred Asif eşitdi ki, Müşfiq gəlib, gəldi görüşdü, söhbət elədi, dedi ki, qayıt gəl. Müharibə başlayır, komandanı yaşatmaq lazımdı. Onun bir kəlməsi ilə Müşfiq qaldı, Rusiyaya qayıtmadı. Bütün formaları, əşyaları, nəyi var idisə hamısı qaldı orda. 
 
Ağdamda 2-3 nəfər sayılan adam var idisə, onun biri Fred Asif, biri Allahverdi Bağırov idi. Onlar böyüklə böyük, uşaqla uşaq idilər. Asifin bir sözü ilə qaldı Müşfiq, oynadı, oyununu artırdı, milliyə də çağırılmışdı.
 
 
O vaxt milli komanda ilə təlim məşq toplanışına getmişdilər. Orda Ağasəlim Mircavadovla ziyarətgaha da getmişdilər. Ordan gələndən sonra qardaşım namaz qılmağa başladı. 26 ildən çoxdu artıq.
 
O vaxtdan bəri elə "Qarabağ”da oynadıq. Sonra bilirsiz arada bir-iki dəfə vəziyət yaxşı olmadı. Iki qardaş bir yerdə olduq, pul yox idi, ailəni dolandıra bilmirdik. Onda mən Müşfiqə dedim ki, sən təklifləri dəyərləndir, get başqa klublarda oyna, mən burda qalım. Ona görə o, arada ayrıldı komandadan. Bir ara getdi İranda da oynadı. Mən heç vaxt "Qarabağ”dan ayrılmadım, ailə vəziyətinə görə Müşfiqi ayırmışam.  Həm yaş fərqimiz vardı, həm də onun oyun təcrübəsi məndən daha yaxşı idi. "Makkabi" oyununda mənim 36 yaşım var idi. 
 
- "Makkabi" oyununu necə xatırlayırsız? Necə hazırlaşırdız oyuna?
- O vaxt nə rəqibi təhlil eləmək olurdu, nə biz bilirdik ki, "Makkabi" kimdi. Rəqibin ancaq adın eşitmişdik. Sovet hökuməti dağılandan  sonra az-az oynadıq UEFA-da, amma "Makkabi"ni tanımırdıq. Çox çətin idi hazırlaşmaq. Vəziyətimiz yaxşı deyildi. Indiki kimi legionerlərimiz yox idi, yerli uşaqlar idi hamısı. Səfərdə yaxşı oynadıq. Müşfiqin vurduğu qollar heç yadımdan çıxmır. Birinci qolda iki üç nəfəri cərimə meydançasında aldatdı elə vurdu. İkinci qolda rəqib qayda pozuntusuna yol verdi.  Cərimə meydançasından çöldə  bizim komandamızdan kimsə pas verdi, sol ayağı ilə uzaqdan birbaşa qapıya vurdu. Cavab oyununda Bakıda hava çox isti idi. Düzdü, İsraildə də isti idi. Biz öyrəşməmişdik belə istiyə. Burda çox ağır, çətin oyun oldu. 8-ci dəqiqədə künc zərbəsi vururdular. Təbriz Həsənov əllə oynadı. Rəqib penaltidən hesabı açdı. Ondan sonra daha da çətin oldu oyun. Mən həmin oyunda ikinci hissədə meydana daxil olmuşdum. Çətin oldu, amma məğlub olsaq da mərhələni keçə bildik. Heç kim gözləmirdi bunu. O dövrdən bəri bizim yaxşı kollektivimiz olub. Elə kollektivin hesabına bunu bacardıq. Bu gün də həmin heyətin 80-90%-i ilə tez tez görüşürük, çox yaxşı münasibətlərimiz var.
 
Sevinc Məmmədova
Sport7.az
Tarix: 19 İyun [14:40]
Oxunub: 32 dəfə
Müəllif: Aut.az

Aslan Kərimov: "Bunu fikirləşəndə, mənə qorxulu gəlir"

Aut.az

Matçın adamı - SADIQOV

Aut.az

"Qarabağ"ı izləmişəm" - "Dundalk"ın baş məşqçisi

Aut.az

Mourinyo “Qarabağ”ın rəqibini təbrik etdi - Gözlənilməz zəng

Aut.az

Rəşad Sadıqov "Qarabağ"da 80-ə çatdı

Aut.az

“Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

Aut.az

"Həyatını bir peşəyə sərf edib, sonra da kağız parçası kimi..." - Quliyev

Aut.az

Çempionlar Liqası: “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri

Aut.az

"Qarabağ" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Aut.az

"Sumqayıt" loqosunu dəyişdi - FOTO

Aut.az