12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

Azərbaycan futbolu dərin böhran içindədi. İllərdi qalaqlanan problemlər, səriştəsiz fəaliyyət, işə barmaqarası münasibət nəticəsini verməkdədi.
 
AFFA rəhbərliyindəki dəyişiklikdən, xüsusilə də baş katib Elxan Məmmədovun futbol təsərrüfatına ağalıq etməsindən 12 il keçib. Və həmin dönəmlə - 2007 ilə müqayisədə ancaq yerimizdə saymışıq. Bu insanın əlinin çatmadığı, idarəçiliyinə qarışa bilmədiyi klublar düzgün idarəetmə səbəbindən tarixi nəticələrə imza atıb. “Neftçi”nin sabiq rəhbərliyinin nail olduğu Avropa Liqasının qrup mərhələsinə adlamaq siftəsini daha sonra “Qarabağ” və “Qəbələ” gətirib. Xüsusilə ağdamlılar daha böyük uğurlara nail olub – biri Çempionlar Liqasında olmaqla, ardıcıl 5 dəfə qrip mərhələsinə düşmək sıradan nəticə deyil.
 
Təəssüf ki, eyni nəticələr millilərin timsalında təkrarlanmır. Ötən 12 ildə AFFA-nın illik büdcəsi orta hesabla 30 milyon manatdan aşağı olmayıb. SOCAR-ın birbaşa maliyyələşdirdiyi komandalar da böyük vəsaitdən istifadə edib. Üstəlik, məhz dövlətin açdığı “kanallar” vasitəsilə qidalanan onlarla klub bu illər ərzində böyük məbləğləri dağıdıb. Xərclənən ümumi vəsait 2 milyard manatdan çoxdu. Bunun tən yarısı məhz AFFA rəhbərliyinin nəzarəti ilə havaya sovrulub, mənasız layihələrə, faydasız işlərə sərf olunub.
 
12 illik fəaliyyətin nəticəsi olaraq milli komandamız dünya reytinqində yenə ilk “100-lük”dən kənardadı. Halbuki bu siyahıya düşən ölkələrdən minimum yarısı bizdən az pul xərcləyib, üstəlik, futbol ənənələrinə görə də Azərbaycandan üstün deyil. Məmmədov AFFA-ya baş katib gələndə reytinqdə 115-ci olan əsas millimiz 12 ildə milyardların xərclənməsi fonunda cəmi 5 pilləlik irəliləyiş əldə edib.
 
Ölkə futbolu o qədər bərbad vəziyyətdədi ki, müxtəlif milli komandalarımızın nəticələri durmadan pisləşir. Hazırda Avro-200-nin seçmə mərhələsində ilk 3 oyundan sonra xal toplamayan yığmamız tarixinin ən pis göstəricisinə imza atmağa yaxındı. Bu il qələbə üzü görməyən komandamız evdə ardıcıl 2 oyunda uduzmaqla (Macarıstan 1:3, Slovakiya 1:5) azarkeşlərin ümidlərini startdaca puç etdi. Nikola Yurçeviçin yetirmələrini payızda daha 2 çətin oyunun gözlədiyini nəzərə alsaq, azarkeşlərin narazılığı, həyəcan təbili çalması başadüşüləndi.
 
Bir həftə ərzində digər millilərimiz də biabırçı nəticələrə imza atdı. U-21 seçmə mərhələdə Lixtenşteynə tarixinin ilk xal(lar)ını bəxş etməklə sabaha olan ümidlərimizi də öldürdü. Milan Obradoviçin rəsmi debütündəki fiasko AFFA-nın təkcə məşqçi seçimindəki yanlışını göstərmədi, həm də uşaq futbolunda durumun bərbadlığını çılpaqlığı ilə ortaya qoydu.
 
İyundakı oyunlarda yeganə qələbəni 19 yaşlılar qazandı. Belarusla 2 sınaq matçına çıxan Samir Əliyevin yetirmələri 1:0-dan öncə 0:4 uduzmuşdu. İstənilən halda, bütün millilərimiz içində qalib başa vurduğumuz bircə oyunda sükan arxasında nəhz azərbaycanlının durması faktı düşündürücüdü.
 
Vüqar Məmmədin başçılıq etdiyi U-17 Bosniya və Hersoqovinada ilk oyununda 0:3 hesabıyla yenildi. İkinci matçdakı 0:0 isə daha çox rəqibin ehtiyat qüvvə ilə meydana çıxması ilə bağlı idi.
 
Miloş Velebitin başçılıq etdiyi U-16 da qələbə üzü görmədi. Şimali Makedoniyadan olan həmyaşıdların 1:3 hesabıyla yenilən komandamız cavab görüşündə heç-heçəyə (2:2) nail oldu.
 
Beləliklə, millilərimiz iyunun ilk yarısında 9 oyuna 1 qələbə, 2 bərabərlik və 6 məğlubiyyətlə yadda qaldı. Seçmə mərhələ çərçivəsindəki 3 oyunun hamısında məğlubiyyətin qeydə alınması, uduzulmayan 3 görüşün sınaq matçı olması faktı göstərir ki, perspektivlə bağlı nikbin düşünmək olmaz. Ümumiyyətlə, layiqli yeni nəsil yetişdirilməyib.
 
İş ondadı ki, milli komandalarımıza yenə əcnəbi məşqçilər doldurulub. Yurçeviş, Obradoviç və Velebitin müqavilələrinin dəyəri birlikdə 1,75 milyon avro, yəni, 3,5 milyon manatdı. Halbuki yeganə qələbənin memarı Əliyev aya 3 min manat məvacib alır. Bu azmış kimi 2008-ci ildən bu yana AFFA-nın texniki direktoru olan, uşaq futboluna, milli komandalara nəzarət edən Bernard Lippert də ilinə 300 min avronun arxasına keçir. Onun fəaliyyəti heç bir fayda vermədiyi halda burada kök salıb və indiyədək təkbaşına 7 milyon manatdan çox məvacibi cibinə qoyub.
 
Bax, AFFA bu cür idarə olunur, dövlət büdcəsi belə talanır. Hər hansı inkişafdan, nəticədən isə danışa bilmərik.(futbolinfo)
Tarix: 18 İyun [12:00]
Oxunub: 111 dəfə
Müəllif: Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sumqayıt"ın bütün rəqibləri müəyyənləşdi

Aut.az

Tahir Süleymanov: "Xırda bir təxribat böyük fəlakətlərə yol aça bilər"

Aut.az

"Qəbələ"yə qarşı 8 legionerlə...

Aut.az

"Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

Aut.az

"Şüvəlan" fəaliyyətini dayandırdı

Aut.az

"Dandolk" "Qarabağ"la oyunlar üçün 22 futbolçu sifariş etdi - SİYAHI

Aut.az

“Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti məlum oldu SİYAHI

Aut.az

“Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

Aut.az

"Sabah" Təmkini şərtlə bağışlayıb

Aut.az