Öldürülən “Neftçi”di!

Məşhur tamaşada deyildiyi kimi, “dütdülü”. Görün indi “Neftçi”ni nə ilə təbrik edirlər, “dütdülü” ilə...
Növbəti mövsüm də belə getdi. 4-5 ildi “sə-bir” deyə-deyə birinci yerdən, titullardan əllər üzülüb. Yaradan doğru yol getməklə səbr deyib. “Sə-bir” isə nərd oynayanlara aiddir...
İstənilən klubda uğursuz zolaqlar olur. Böyük klubların böyüklüyü tez bir zamanda bunun qarşısının alınmasını şərtləndirir. “Neftçi”də artıq uğursuz zolaq deyil, illərdi aparılan məqsədyönlü “perestroika”dır. Mənasız “perestroika”lar isə nəinki böyük klubları, dövlətləri, imperiyaları da məhv edir, axırına çıxır...
Səbrlə doğru-dürüst təhlillər aparmaq əvəzinə xaos, araqatmalar, şaiyələr baş alıb gedir. “Neftçi” cameəsində artıq elə parçalanmalar müşahidə edilir ki, tarixi klubda tarixboyu belə durum yaşanmayıb, komandanın iddiaları bu qədər kiçildilməyib.
Futbolda, yaşıl meydanlarda müdafiəni qura bilməyənlər öz ətraflarında yalanlardan ibarət “saxta qala” formalaşdırıblar. Dərk etmirlər ki, “5-li müdafiə” kimi özləri üçün qurduqları “qala” da heç müəyyənləşdirdikləri bilet qiymətində də deyil. Tarixi klubda “ilklər” belə yazılmır...
Son illərdə neçə-neçə rəhbər, məşqçi, futbolçular əlcək kimi dəyişdirilib. Biri gedib, digəri gəlib. Sonda da nərd oynaya-oynaya, çay içə-içə “Neftçi”ni “ev”dən qaçırmaq istəyi...
Yeri gəlmişkən, hər mövsüm klub iki stadion sifariş edir. Bu, mütləq tələb, qaydadır. Son matçı ehtiyat stadionda keçirmək üçün rəqibin, hansısa qurumun qarşısında “baş əyməyə” ehtiyac yox idi.
Öncədən məlumat verib ehtiyat stadionda oynaya bilərdilər və heç kim də onlara qadağa qoya bilməzdi. Bunun üçün sonda 50 manatlıq “ilklər”in atılmasına nə ehtiyac var idi?!
İlklər, zəfərlər belə qazanılmır. Biletdən gedirsə söhbət, ancaq Milan “İnter”i ilə görüşdən “Neftçi” 300 min dollardan çox gəlir götürüb. VİP sektoru çıxmaq şərtilə biletlərin qiyməti nəinki 50, heç 25-30 manat da olmayıb. Çünki, azarkeşlər düşünülüb...
Müasir “Neftçi” rəhbərliyi analoqu olmayan “ilklər”ə imza atır. Çox gec atılmış addımdır. Son turda deyil, ilk turdan belə addım atılsaydı, “Neftçi” rəhbərliyinin heç sponsora ehtiyacı qalmazdı.
Mötəbər, dolu tribunalar qarşısında keçirilən açıq “Bakı birinciliyi”ndə ancaq bilet satışından klub özü-özünü təmin edərdi. Bu da olardı “analoqu” yox, “çıfrovoyu” da geridə qoyan inkişaf modeli. Ən azından indiki “Neftçi” rəhbərliyi futboldan savayı tv-komunikasiya sistemini yaxşı bilir...
Tükənirlər! “Pul yoxdu” ağlaşması ilə sponsorlar “yüklənilir”, azarkeşlər, futbol ictimaiyyəti SOCAR-a qarşı yönləndirilir. Şirkətdəkilər də kluba hər mövsüm bir ətək pul ödəyə-ödəyə belə mənzərəni seyr edirlər. Təəccüb doğurmaya bilməz.
Nə yaxşı ki, UEFA-nın tələbi ilə klublar büdcələrini primitiv də olsa açıqlamaq məcburiyyətində qaldılar. Ancaq 2018-də “Neftçi”yə 11 milyondan çox vəsait xərclənilib. Klub idarəçiliyində ardıcıllığı, davamlılığı, illik hesabatı deyil, mövsümləri nəzərə alsaq, bu vəsaitin öncəsi də var, sonrası da...
Yəni, mövsümü götürdükdə qış fasiləsindən sonra kluba xərclənən pullar, edilən transferlər buraya daxil deyil. Bu, son 5 ilə 50-60 milyon edir. Azərbaycan şərtləri, futbolu üçün çox böyük məbləğdir. Rəqabətsiz çempionatda nə nəticə var, nə də ki, çempionluqlar, kuboklar...
“Neftçi” büdcəsindən qat-qat öndə olan klublarla amansız rəqabətdə, çempionluq, tarixi qrup təmin ediləndə, əsas heyət, rəhbər, məşqçi, yerli, legioner futbolçulara xərclənən vəsait heç 4,5 milyon dollar deyildi.
“Neftçi”nin indiki illik, mövsümlük büdcəsi nəinki çempionluqlar, kuboklar qazanmağa, ölkə şərtlərini, futbolumuzu nəzərə alaraq qruplar yolunu getməyə də yetərlidir.
Eyni zamanda “Neftçi”nin hesabatda qeyd olunan büdcəsi sırf kluba aiddir. Nə bazanın inşası, nə də digər kənar xərclər buraya daxil deyil. Bu barədə klub tərəfi dəfələrlə rəsmi açıqlamalar verib, hətta tikintinin başa çatmaması ilə bağlı birbaşa havadarlarını günahlandırıb.
Təəssüf ki, hesabatda göstərilən “qeyri xərcləri”n bazanın inşasına aid olduğunu qeyd edən səlahiyyət “dəstə”ləri də tapılır. Qurduqları saxta “qala”nın əldən çıxmaması, müdafiəsi, ictimaiyyətin aldadılması üçün küt “qılınc-qalxan”lar işə salınır...
Artıq maliyyə ilə bağlı “ağlaşma” keçmir. Büdcə açıqlamasından sonra futbolun içində olan bir çox təcrübəlilər də belə təəccüblənirlər. Bu, illərdi aparılan “büdcə oyunlarının” ifşasıdır.
“Lal Hüseyn”ın sözü olmasın, “deyərsiz ki, pullar yeyilib, üstünün açılmasını görüb özünü çaya atıb öldürüb”. Hələ ki, öldürülən “Neftçi”dir...
Tükəndikcə, ifşa olunduqca manevr imkanları da daralır. Özlərini, vəzifələrini qorumaq üçün “Neftçi” cameəsinə “toxumlar” səpilir, uğursuzluqlar başqa səmtə yönləndirilir. “Günahkarlar” dairəsinin azalması artıq kütləvi halda futbolçulara çatıb.
Birlik olmayan, şübhə, inamsızlıq toxumları olan yerdə uğur ola bilməz. “Parçala - hökm sür” hiyləsinə böyük “Neftçi” camiəsi aldanmamalıdır. Rəhbər, məşqçi zəifliyi, nüfuzu olmayan yerdə ancaq nifaq toxumu səpilə bilər.
Vaxtilə aparıcı klubların, millinin futbolçuları şəxsi istəkləri ilə yanımıza gəlib, “Neftçi”də çıxış etmək istədiklərini bildirirdilər. Bir daha vurğulayıram, öz istəkləri ilə. Əsas səbəb bir idi, “biz də çempion olmaq istəyirik”. Çünki, pullarını digər aparıcı klublarda da artıqlaması ilə qazandırdılar.
“Neftçi”nin çempionluqlarının isə bir strategiyası var idi, az sayda səviyyəli yerli futbolçular, legionerlər və özünün yetişdirdiyi gənc oyunçuların birgə vəhdəti. Çempionluqlar, kuboklar qazanılaraq çəkinmədən heyətdə tədricən10-dan yuxarı 18-22 yaşlı futbolçular oynadılırdı...
Bu gün isə “Neftçi”dən qaçırlar. Belə mühitdə heç kim qalmaq istəməz. “Neftçi” böyüklüyünü dərk etməyən, klubu, komandanı, fanat, azarkeşləri qoruya bilməyən, rəqiblərdən çəkinən, məğlub psixologiyalı rəhbərlik və meydanda taktiki hiyləgərliyi deyil, şəxsi, öz xeyirini güdən hiyləgər məşqçi yanında futbolçu oynamaq istəməz...
“Neftçi”nin onlarla istedadlı yetirmələri didərgin salınıb, digər klublarda çıxış etməyə məcbur edilib. İllərlə əziyyət çəkilərək yetişdirilən futbolçulara sahib çıxılmayıb, “Neftçi” kökündən dağıdılıb, gələcəyi məhv edilib...
Fərdi halda futbolçu klubu tərk edirsə, bu onlara aid olur. Kütləvi axın baş verdikdə isə birbaşa klub rəhbərliyinin, məşqçilərin səriştəsizliyinin, bacarıqsızlığının nəticəsidir.
Futbolu, “Neftçi” dəyərini dərindən bilməyən, ikinçiliklə öyünən idarəçilər “Qarabağ”ın 35 minlik “çempionluq” biletləri ilə tarixi klubu aşağılayır, rəqib qarşısında öz ruhlarına uyğun kiçildilir. Bu azmış kimi, klub rəsmiləri fərqli fikirlər səsləndirməklə vahid idarəçilik sisteminin olmamasını göstərir.
Futbolun əsas 4-5 faktorundan biri psixologiyadır. Müasir futbolda psixoloji amilin rolu fiziki, taktiki, futbolçuların nəzəri, fərdi ustalıq səviyyəsi qədər önəmlidir.
Futbolçular səngərdə/yaşıl meydanda olan əsgərlərdi. Qorxudan başını qaldıra, əsgərlərini hərtərəfli hazırlayıb qələbələrə inandıraraq ayağa qaldırıb arxaları ilə apara bilməyən saxta generallar rəqib qarşısında ancaq ağ bayraq qaldıra bilər. Sərkərdəlik qalibiyyət ruhunda olur!
Futbol biliyi, bacarığı ilə yanaşı məsuliyyət, qətiyyət çox önəmlidir. Bəhanələr gətirib “Neftçi”yə məğlub psixologiyasını aşılamaq yolverilməzdir. İkinçilik damğası, təbliğatı “Neftçi” böyüklüyünə yaraşmaz!
Vaxtilə bəzi klublarda rəhbər, məşqçi heyətlərinin transfer siyasətlərində sponsorları aldatmaq üçün taktiki hiylələri olurdu. Öncədən gələcək uğursuzluqları sığortalamaq üçün hər mövsüm heyətə 10-15-20, hətta 25-30 legioneri 100-150-200 minə transfer edirdilər. Toplam məbləğ milyonlar edirdi...
Zamanı yetişəndə, sponsor, azarkeş qarşısına çıxılırdı, “100-200 minlik futbolçularla çempionluğu necə qazanaq?” Beləcə illər, milyonlar gedirdi. Ən azından sual da verilmirdi ki, başqa yolu yoxdu?
Çempionluğu, kuboku düşünən, məsuliyyətini dərk edən, işini bilən, qalibiyyət ruhu olanlar fərqli yol gedirdi. Ən azından 10-15 futbolçuya ödənilən vəsaitin əvəzinə daha keyfiyyətli 5-6 legioner transfer edilirdi, hələ ümumi məbləğə qənaət də olunurdu.
Bahalı, səviyyəli futbolçuların yükü çox ağır olur. Belədə bəhanələr gətirməyə imkan olmur. Ya çempionluq, kubok, uğurlu yol, ya da ki, “sağol”. Keyfiyyətli futbolçuları, çempionluğu, kuboku, tarixi uğurların təmin olunması üçün ilk öncə rəhbər, məşqçilərin özləri bacarıqlı olmalıdır...
Təsisçilər, sponsorlar “Neftçi”də gedən proseslərə biganə qalmamalıdır. İllərdi xalqın, dövlətin milyonlarla vəsaiti xərclənir. Nə nəticə var, nə də azarkeşlərin mənəvi rahatlığı...
Uğuru gətirə biləcək qəti addımların atılmaması təsisçi-sponsorları da son illərin antirekordlarına, fiaskolarına şərik etmiş olur.
Kadr islahatları, yerdəyişmələr “Neftçi” böyüklüyünü qoruya, təmin edə bilmirsə, deməli futbol, ümumi idarəçilik təhlilləri yerində deyil.
Fanat, azarkeşlər hər zaman “Neftçi” ruhunu qoruyub saxlayır. Bununla yanaşı daxildə parçalanmaya yol verilməməlidir. Əsas məqsəd, məram hər zaman olduğu kimi fərdlərin müdafiəsi yox, böyük “Neftçi” adı olmalıdır.
Emosiyalara, çılğınlığa, təhqirlərə yol verilmədən çıxış yolları axtarılmalı, daxildə şaiyələrin yayılmasına şərait yaradılmamalıdır. “Neftçi”nin rəngləri kimi ağı qaradan seçmək mütləqdir. Əks halda qara buludlar “Neftçi”nin başının üstündən yox olmayacaq.
 
Tarix: 15 May [14:45]
Oxunub: 25 dəfə
Müəllif: Aut.az

UEFA prezidenti erməninin Bakıya gəlməməsindən danışdı

Aut.az

Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib

Aut.az

Bəxtiyar Soltanov 29 yaşında məşqçiliyə başladı

Aut.az

“Qarabağ”ın bütün potensial rəqibləri – Çempionlar Liqası

Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sabah" Təhsil Liqasının qalibi oldu

Aut.az

Gəncəli veteran: "Nə vaxtsa futbolçu olduğumuz heç kimin yadına düşmür"

Aut.az

Nazir açıqladı: "Bakıya 30 mindən çox azarkeş gələcək"

Aut.az

Ağdamdan Ankaraya...

Aut.az

“Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

Aut.az