"Futbol haqda sözüm qurtarıb" - MÜSAHİBƏ

İdman camiəsində Coşqun Eldaroğlunu tanımayan yoxdur. Lakin idman mətbuatının ən tanınmış simalarından olan dəyərli jurnalist son illərdə futboldan kənar gəzir. 
 
Daha çox sosial problemlərdən yazıları ilə gündəm olan Eldaroğlunun idmandan uzaqlaşması mənə maraqlı gəldi. Bunun səbəbini özündən soruşdum. Coşqun bəy bütün səmimiliyi ilə bu gedişinin səbəbini Sport7.az-a bölüşdü. 
 
 
- Coşqun bəy, illər öncə sizin futbolla bağlı yazılarınızı oxumuşdum. Ancaq son illər nəsə futboldan kənar gəzirsiniz... Səbəb nədir?
- Mən həyatımda xeyli kəskin qərarlar vermişəm. Məsələn, bir gün yuxudan oyanıb dedim ki, daha belə rejimdə işləmək istəmirəm. Səhər 9-da işə qaçıb, axşam 6-nı gözləmək istəmədim. Hiss elədim ki, bu həyat tərzi məni xoşbəxt eləmir. Həyat gəlib düz yanımdan keçir, xəbərim olmur. Nahar vaxtı təsadüfən yolum yaxınlıqdakı parka düşmüşdü. Mart ayı, çiçəklər açıb... Redaksiyaya qayıdıb dedim ki, sabahdan işə gəlməyəcəm. Futbolla bağlı da təxminən belə qərar verdim. Günlərin bir günündə qərara gəldim ki, daha futboldan yazmayım. Açığı, ölkədə xirtdəyə qədər problem olduğu halda futboldan yazmaq istəmədim. Bir Avstriya yazıçısının II Dünya Müharibəsi dövründə işlətdiyi yaxşı fikri var. Deyir, dünyada bu qədər adam öldürüldüyü halda mən ağacların qırılmasından yaza bilmərəm. Futbol haqda sözüm də qurtarıb.
 
- Sözün bitdiyi yerdi. Elə ilk cavabınızdaca, nöqtəni qoydunuz. Hər halda bir müsahibəlik də olsa bizim üçün futbol xatirələrinizi yada salarsınız...
- Mən mətbuata "Futbol+" qəzetində başlamışam. 18 il əvvəl həm ölkə mətbuatında, həm də futbolunda tamam başqa mənzərəydi. Qəzetə, ümumiyyətlə, çap mətbuatına maraq hiss olunurdu. Tamamilə sıradan çıxardılar. Bilərəkdən, düşünülmüş şəkildə sıradan çıxardılar. Futbolun da bir ayrı romantikası vardı. Pul az idi, amma sanki sevgi çoxuydu. Sonra məmur ədalı, kobud ritorika ilə danışan adamlar gəldi. Hündür maşınlardan düşüb gəldilər. Futbolu elədilər hakimiyyətin təbliğat maşını. Bizimki varlı adamla evlənib, könlü kasıbda olmaq kimi bir şeydi. Biz o kasıbı sevmişdik, bu varlı bizə yaddı. Pulu çoxdu, uğurları da var, amma ruhu yoxdu. Sevə bilmirik...
 
 
 - Elə mətbuatı da yaman günə saldılar. Dediyiniz romantika qalmayıb. Saytlar, sosial şəbəkələr, hər şeyi bir toxunuşla əldə etmək həyatı adiləşdirdi, həyəcanı qalmadı. Yoxsa o vaxtlar qəzetin çıxmasını gözləyərdik, gedib onu alardıq. Ən həyəcanlı məqam isə, qəzeti əlinə alıb vərəqini çevirdiyin an idi.
- Elə bir format düşündülər ki, bizi daha yaxşı idarə eləsinlər. İndi mətbuatla heç hesablaşmırlar. Mən Fuad Musayevin AFFA prezidenti olduğu dövrdə işləmişəm. Necə həssas yanaşırdılar hər yazıya. İndi heç nə təsir eləmir. Ölkədə bu cür bərbad çempionat keçirirlər. Milli komanda eksperiment meydanına çevrilib. Nə qədər tənqid görürəm, veclərinə deyil.
 
- Bəs idman mətbuatının səviyyəsini necə qiymətləndirirsiniz?
- Mən tənqid eləmək, hər hansı şəkildə aşağılamaq istəməzdim. Çox az hallarda idman mətbuatından nəsə oxuyuram. Ümumilikdə ölkə mətbuatı yaxşı gündə deyil. İdman şərhlərini dinləyirəm. Hələ də "soyunub-geyinmə otağı” deyirlər. Bir nəfər çıxıb başa salmır ki, oranın adı "paltardəyişmə otağı”dı.
 
 
- Bu problemlerin kökü haradan, nədən qaynaqlanır?
- Məsələn, mən Elnur Məmmədliyə daha rahat qulaq asıram. Hiss olunur ki, qəzetçilik məktəbi keçib. Çox vacib amildi bu. Bir də mütaliə kasadlığı var.
 
- Elnur Məmmədlini dinləyirsinizsə, demək ki, oyunlara baxırsınız. Ölkə çempionatının matçlarını izləyirsiniz?
- Qarşıma çıxırsa, heç olmasa, 10-15 dəqiqə baxıram. Heç bir zövq almıram. Hərdən düşünürəm ki, nə üçün mübarizə aparırlar? Hamısı eyni atanın uşağı deyilmi? Sanki formal çempionat keçirirlər. Ölkədəki seçkilərə bənzəyir. Seçkini imitasiya eləyirlər ki, Qərbə göstərsinlər. Elə FİFA, UEFA da Qərbdə yerləşir. Çarələri olsa, heç çempionat keçirməzlər, cədvəldə hər komandanın qabağına bir az xal yazıb, dəftəri bağlayarlar.
 
- Yuxarıda qeyd etdiyiniz kimi, nə qədər tənqid olunsa da, veclərinə deyil. Hərdən dərindən düşünəndə, bütün bu yazılar, müzakirələr, müsahibələr, tənqidlər, hər şeyin mənasız olduğunu görür insan. Sadəcə ürəyimizi boşaldırıq. Öz danışdıqlarımız elə özümüzə qalır.
- Mən bunu bir dəfə yazmışam: ölkənin siyasətində, təhsilində, səhiyyəsində nə baş verirsə, futbolunda da o baş verir. Bəzən yoldaşlar ürək yanğısıyla yazır ki, niyə Azərbaycanda futbol yoxdu? Niyə olsun ki, qardaş? Ölkədə nə var ki, futbol da olsun. Məqsəd futbolu inkişaf elətdirmək deyil axı. Məqsəd pul silməkdi, bir də müəyyən mövsümi uğurlarla inkişaf görüntüsü yaratmaq.
 
 
- Coşqun bəy, gəlin biraz keçmişdən danışaq. Futbolda ən yadda qalan xatirələriniz hansılardır?
- Başıma çox hadisə gəlib. Bir dəfə Bədən Tərbiyəsi İnstitunun stadionunda oyun gedirdi. O tərəflərdə bir neçə məcburi köçkün ailəsi yerləşdirmişdilər. Çempionat oyunu gedəndə onlar heç meydançaya baxmırdılar, gündəlik qayğıları ilə məşğul olurdular. Bir dəfə topu necə vurdularsa, gedib dəydi əlində paltar dolu vanna ilə gedən qadına. Çevrilib nə qədər qarğış elədi...
 
- Heç qalmaqala qarışmısınız?
- Yox, heç vaxt döyməyiblər. (gülür)... Bəlkə yadınıza gələr, futzalçı vardı - Camal Məmmədov. Gənclər yığmasına çağırmışdılar. Məşqlərinə baxıb onu tənqid eləmişdim. Zabratda gördü məni, üstümə gəldi. Başqa futbolçular davaya imkan vermədi. Sonra baş məşqçi Vaqif Sadıqov bu hərəkətinə görə onu yığmadan uzaqlaşdırmışdı.
 
- Nə vaxtsa yenidən idman mətbuatına qayıtmaq ehtimalınız varmı? Və ya özünüz sayt, qəzet təsis etmək barədə düşünürsünüz?
- Yəqin ki, heç vaxt idman mətbuatına qayıtmayacam. Mən yaradıcılıqla məşğul olmaq istəyirəm. Özümü media orqanı rəhbəri kimi görmürəm. Publisistika ilə məşğul olmaq ürəyimcədi. Yazmaq istəyirəm. Amma ürəyim istəyən mövzularda, məni narahat eləyən məsələlər haqda.
 
Röya Kərimli
Sport7.az
Tarix: 9 Aprel [14:45]
Oxunub: 76 dəfə
Müəllif: Aut.az

"Futbol haqda sözüm qurtarıb" - MÜSAHİBƏ

Aut.az

Kafu Bakıda “Qarabağ”dan danışdı - Müsahibə

Aut.az

Çox şeyi təzədən başlamaq lazımdı - Qurban Qurbanov

Aut.az

Nazim Süleymanov hədəfini açıqladı: Avroliqaya vəsiqə...

Aut.az

“Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov

Aut.az

“Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov

Aut.az

Ramin Quliyev: «Qurban Qurbanovun oğlu olduğu üçün Musanın kapitan seçilməsi haqqında deyilənlər boş söz-söhbətlərdi»

Aut.az

Qurban Qurbanov: "Sumqayıtda çempionluğu təmin etməyi hamımız istərdik"

Aut.az

Sərxan Abışov: "Məqsədimiz Moskvada ölkəmizi layiqincə təmsil etməkdi" - MÜSAHİBƏ

Aut.az

Emin Quliyev: “Şişiblər”, adam tanımırlar - MÜSAHİBƏ

Aut.az