“Üst” sevən “Səbail”in qəribə nəticələri – Araşdırılsın!

Son günlər “Səbail”in adının danışılmış oyunlarda hallanması sizə qəribə gəlməsin. Hələ ötən mövsümdən etibarən bu komanda izləmədədi və UEFA-dan AFFA-ya gələn siqnallarda da bu, əksini tapıb.
 
Yaxşı ki, hələ söhbət yalnız əvəzedici komandadan gedir, virus Premyer Liqaya kimi yayılmayıb. Divizionda oynayan “Səbail-2” isə bu mənada ən məşhurlardandı. Hətta “Turan Tovuz”, “Ağsu” kimi “kontor komandaları” da onlara çata bilməz.
 
Əvəzedici komandanın bu durumu gözlənilən idi. Bu heyətin bir çox üzvü əvvəllər U-19 komandasında oynayıb. Hansı ki, həmin liqanın oyunlarına hətta canlı pul qoyuluşu var və neçə ildi bir çox futbolçu və məşqçilər öz oyunlarına “stavka” edə, sonra da nəticəni “gətirə bilirlər”. Sadəcə, bu yarış diqqətdən kənarda qaldığı üçün həqiqətlərdən də xəbərsizik.
 
Divizion isə nisbətən çox izlənilir. Bölgə klublarının bu yarışda olması üzündən matçlara azarkeşlər gəlir və onlar meydanda nələrin baş verdiyini daha yaxşı görürlər. Son günlər “Səbail-2”-nin adının qumarda hallanmasının və klub rəhbərliyinin təcili iclas keçirməsinin də səbəbi budur – şaiyələr, söz-söhbətlər çoxalıb.
 
Martın 1-də Ağsuda yerli komandayla baş tutan oyundan sonra isə kartlar daha da açılıb. Çoxdandı belə işlərlə məşğul olduğu, komandasının dəfələrlə danışılmış oyunlarda iştirak etdiyi deyilən “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev də həmin matçdan sonra ifşa edilib. Qonaqların 4:3 qalib gəldiyi matça həm ölkəmizdən, həm də xaricdən çoxlu pul qoyuluşu edildiyi deyilir – “Səbail-2”-nin qələbəsinə, 7+-a və s.
 
Ümumiyyətlə, “Səbail-2”-nin oyunlarının statistikasına baxsaq, qəribə mənzərəyə şahid olarıq. Nəticələr də Bayıl təmsilçisinin “kontor komandası” olduğunu deməyə əsas verir. Təsəvvür edin, Siyasət Əsgərovun yetirmələri 18 turda cəmi 4 dəfə “alt” oynayıb. “Üst”ə pul qoymaq və onu təmin etmək futbolçular üçün asan və risksizdi. Qol vura bilmədinsə, özün buraxırsan və “stavka” etdiyin proqnoz gəlir. 14 matçda bunu bacarmaq “xüsusi istedad” tələb edir.
 
Komanda bu mövsümün ilk 9 turunda “üst” oynayıb. Düzdü, 2 oyun texniki məğlubiyyətlə nəticələnib, amma onlarda da yekunda 0:3 reallaşıb. Ən maraqlısı odur ki, texniki nəticəyə çevrilən hər 2 oyunda qol sayı üçə çatmayıb. Bəlkə də bilərəkdən limit pozulub ki, sonradan nəticə dəyişsin.
 
Ardıcıl 3 matçda – 10-12-ci turlarda – “Səbail-2” “alt” oynayıb. Görünür, daim bolqollu oynadıqlarından əmsallar aşağı düşüb və həm rəqəmləri “qaldırmaq”, həm də bazarı dəyişmək naminə bu ssenari fikirləşilib. Ardınca daha 5 oyunda “2,5 üst” reallaşıb, son turda isə “alt” seriyasına start verilib, yəqin daha bir neçə oyun belə keçəcək.
 
Bayıl klubunda ən çox diqqəti cəlb edən 2 hesab var. “Ağsu”ya 3:4 hesabıyla qalib gəldikləri matçdan başqa, fevralın 15-də “Sumqayıt-2” ilə oyun da çox şübhəlidi. 5:5 hesabının nə demək olduğunu mərc oyunundan xəbərdar olanlar yaxşı bilir. Həmin oyunda 3 qolun 87-ci dəqiqədən sonra vurulması da araşdırma üçün əsas verir.
 
Hələ heç kimi ittiham etmirik. Şübhə doğuran məqamları qeyd etdik. AFFA-nın müvafiq komissiyası UEFA-dan gələn siqnallara bu qeydlərimizi də əlavə edib araşdırsa, pis olmaz.
 
Yeri gəlmişkən, danışılmış oyunları araşdıran komissiyanın tərkibi gizli saxlansa da, mətbuatda həmin şəxslərin siyahısı üzə çıxmışdı. Bildiyimizə görə, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da o qurumdadı. Həqiqətən belədisə, Vaqif bəyi bu işdən kənarlaşdırmaq lazımdı. Çünki haqqında siqnallar gələn əsas klublardan birini – “Ağsu”nun baş məşqçisi Sadıqovun çox yaxın qohumu Rüfət Quliyev olub. Ola bilsin, bu fakt araşdırmaların obyektivliyinə mane olar.(Futbolinfo.az)
Tarix: 11 Mart [13:20]
Oxunub: 92 dəfə
Müəllif: Aut.az

UEFA prezidenti erməninin Bakıya gəlməməsindən danışdı

Aut.az

Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib

Aut.az

Bəxtiyar Soltanov 29 yaşında məşqçiliyə başladı

Aut.az

“Qarabağ”ın bütün potensial rəqibləri – Çempionlar Liqası

Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sabah" Təhsil Liqasının qalibi oldu

Aut.az

Gəncəli veteran: "Nə vaxtsa futbolçu olduğumuz heç kimin yadına düşmür"

Aut.az

Nazir açıqladı: "Bakıya 30 mindən çox azarkeş gələcək"

Aut.az

Ağdamdan Ankaraya...

Aut.az

“Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

Aut.az