"Zona" söhbəti türmədə olur" - RUBRİKA

"Gülməli xatirələr" rubrikamız davam edir. Futbol ictimaiyyətinin nümayəndələri futbolda başlarına gələn, gördükləri, eşitdikləri gülməli hadisələri bizimlə bölüşüblər. 
 
Keçək xatirələrə...
 
Hüseyn Cəbrayıloglu ("Xəzər Lənkəran"ın sabiq mətbuat katibi): "1982-ci ildən müntəzəm olaraq Lənkəran stadionuna "Xəzər"in məşqlərinə gedib gəlmişəm. 7 yaşımdan bəri futbolla bağlı yetərincə xatirələrim var və bu mənada o illərə aid nəyisə paylaşsam yalnız stajlı oxucular, azarkeşlər üçün maraqlı olar. Ona görə yaddaşımı qurdalayıb yeni bir şey tapmaq lazımdır. 2012-ci ildə "Xəzər Lənkəran"la Avstriyaya yay təlim məşq toplanışına yollanmışıq. Hamı bilir ki, Yunis Hüseynovun çox ciddi aerofobiyası var. Həmin il baş məşqçi də Yunis müəllim idi. Marşurut elə idi ki, təyyarə ilə səhv etmirəmsə Almaniyanın Frankfurt hava limanına enib, bir az gözlədikdən sonra növbəti təyyarə reysi ilə məskunlaşacağımız otelin yerləşəcəyi qəsəbəyə yaxın hava limanına uçmalı idik. Yunis müəllim təyyarəyə minmək istəmir və komandadan ayrı maşınla uzaq yolu qət etmək haqqında düşünsə də, klub rəhbərliyi Yunis müəllimi bir təhər yola gətirmişdi ki, eybi yox Almaniyaya qədər uç, ikinci reysi ləğv edirik ki, oradan otelə avtobusla gedərsiniz.
 
 
Nə isə 4 saatlıq Bakı-Frankfurt hava yolçuluğunu başa vurduq və oradan avtobusla gecə ilə uzun bir yol qət edib, Avstriyadakı toplanış məkanına çatdıq. Düşünün hamı yorğun. Futbolçular və ümumən bütün heyət özünü güclə yemek belə yemədən otağındakı yataqlara atdı. Yunis Hüseynovun köməkçisi vardı Zakir Mahmudov. Çox mədəni, sakit bir adam idi. Futbolçu kimi də bir müddət 80-ci illərdə Lənkəranda oynayıb və həmin vaxtdan onu tanıyırdım. Özü isə, sumqayıtlıdır və Yunis müəllim üçün ən etibarlı məşqçilərdən biri idi.
 
Mətləbdən uzaqlaşmayım. Demək hamı otağına çəkilib ki, uzaq, yorğun yolçuluğun dincini alsın. Avstriya və Almaniyada toplanışda olanlar bilir ki, otellər çox da böyük olmur. Bir də gördük ki, oteldə səs küy düşüb. Bir hay həşirdir gəl görəsən. Sən demə Zakir müəllim saatını Bakı vaxtı ilə saat 9-a qurub ki, futbolçuların oyanmasına və nahar yeməyinə getməsinə nəzarət etsin. Amma nəzərə almayıb ki, Bakı ilə Avstriya qurşağı arasında 3 saat fərq var və Avstriyada hələ saat sübh saat 6-dır. Oyanıb görüb ki, hamı yatır. Bir-bir qapıları filan döyür, uca səslə "Podyom" qışqırır. İnzibatçımız Fərrux səs küyə gəlib ki, "Zakir müəllim nə olub səhər-səhər?" O da qayıdıb ki, "Hamınız yatmısız. Komanda bir azdan nahar etməlidir". Fərrux onu sakitləşdirib başa salıb ki, 3 saat fərq var və hələ saat 6-dır".
 
 
 
Ramil Məmmədov (Azarkeş): "Bakı"nın ev oyunlarından birində pankart açmışdıq. Qara parça üzərində ağ boya ilə yazı yazmışdıq. Yəqin ki, uzaqdan nə yazıldığı tam görsənmirmiş. Ki, AFFA nümayəndələri tərəfindən Yaşar Seyidova zəng olunub və azarkeşlərin bu bayrağı yığışdırmaqları tapşırılıb. Dərhal Yaşar müəllim mənə zəng etdi ki, "Bu nə bayraqdı açmısız, yığışdırın. Kluba böyük cəza gələ bilər." Mən də başa salmağa çalışdım ki, sadəcə parkartdı. Heç bir bayraqla əlaqəsi yoxdu. Ancaq yığırdırmalı oldu. AFFA da klubu 5000 manat cərimə eləmişdi". 
 
 
Ceyhun Əzizli ("Aut.az" saytının rəhbəri): "Neftçi"nin qızlar komandasında işlədiyim vaxtlardı. Bizə yeni uşaq gəlmişdi. Uşaqlar yollandı soyunub-geyinmə otağına formalarını geyinməyə. Biz də koridorda gözləyirdik. Gördüm yeni gələn uşaq qapının önündə ağlayır. Dedim, "Ay qızım, niyə ağlayırsan? Get paltarını dəyiş. Məşq başlayır". Dedi ki, bəs mən girə bilmərəm, içəridə kişi var. Qapını döydük öyrənək görək içəridəki kişi kimdi. Sən demə, kişi adlandırdığı elə komandanın futbolçusudu. O uşaq biraz oğlan stilində idi deyə, bu qız da onu kişi hesab edib. 
 
***
 
Futbol oynadığım vaxtlar idi. Bizim də cəmi 11 şortumuz vardı. Köynək vardı, ancaq şort cəmi 11 dənə idi. Bizdə əvəzetmə olanda, futbolçular qaçırdı "razdevalka"ya. Oyundan çıxan futbolçu tez şortunu meydana daxil olan futbolçuya verərdi. (gülür)...
 
***
 
"Qızıl oyun"dan əvvəl Gəncəyə Bakıdan 50 avtobus azarkeş yollanmışdıq. Matçdan sonra 49 avtobusun şüşələri hamısı sındırılmışdı. Ən maraqlısı bu idi ki, 50 avtobusdan ancaq bizim avtobusa heçnə olmamışdı. Bizim də yanımızda əslən Lənkərandan olan "Neftçi" azarkeşi vardı. Dedik, "Ay Pərviz, olmaya sən avtobusun önündəki "Neftçi" adını "Xəzər Lənkəran"la əvəzetmisən?  Ki, bizim avtobusa dəyən olmadı. Ancaq baxdıq ki, avtobusun önündə "Neftçi" adı var. Hələ də maraqlı gəlir ki, niyə 49 avtobusu qırıb sındırdılar. Bir bizim avtobusa heçnə etmədilər. 
 
***
 
Köhnə "Neftçibaza"da məşq gedirdi. Biz də məşqi izləyirdik. Məşqi izləyənlər sırasında "Neftçi"nin rəsmilərindən də vardı. Məşqçi uşaqlardan birinə dedi ki, "Balam, qayıt zonana". Bu adam uşağı mövqeyinə qayıtmaq mənasında dedi. Həmin anda "Neftçi"nin rəsmisi başladı müəllimi danlamağa, az qala işdən çıxaracaqdı, töhmət verdi. Müəllim də aydınlaşdırmaq istəyir ki, nə məsələdi, mən nə etdim, məşq keçirəm burada. Həmin şəxs də dedi ki, "Sənin futboldan anlayışın yoxdu. "Zona" söhbəti türmədə olur. Niyə uşağa deyirsən ki, "zona"na qayıt? Bu türmə söhbətidi. Səni cəzalandıracam". 
 
Röya Kərimli
Sport7.az
Tarix: 1 Mart [17:00]
Oxunub: 128 dəfə
Müəllif: Aut.az

UEFA prezidenti erməninin Bakıya gəlməməsindən danışdı

Aut.az

Paytaxtın mərkəzindəki hotellər Avroliqanın oyunu ilə bağlı 100 faiz bron edilib

Aut.az

Bəxtiyar Soltanov 29 yaşında məşqçiliyə başladı

Aut.az

“Qarabağ”ın bütün potensial rəqibləri – Çempionlar Liqası

Aut.az

Kim gəlir, kim gedir? - YENİLƏNİR

Aut.az

"Sabah" Təhsil Liqasının qalibi oldu

Aut.az

Gəncəli veteran: "Nə vaxtsa futbolçu olduğumuz heç kimin yadına düşmür"

Aut.az

Nazir açıqladı: "Bakıya 30 mindən çox azarkeş gələcək"

Aut.az

Ağdamdan Ankaraya...

Aut.az

“Qəbələ” Qriqorçukun bütün kadrlarını göndərdi

Aut.az