"Ə, bə biz Roberto Karlosu almışıq?" - RUBRİKA

Bu gündən etibarən saytımızda "Danışan xatirələr" adlı yeni rubrikaya start veririk. 
 
Bu rubrikada futbol ictimaiyyətinin fikirlərinə yer verəcəyik. Hər həftə seçdiyimiz fərqli müsahiblərimiz futbolda üzləşdikləri qalmaqallı xatirələrini bizimlə paylaşacaqlar. 
 
Əlavə şərhə ehtiyac duymadan, keçək birbaşa qonaqlarımızın "şirin xatirələrinə". 
 
 
İlkin Xəlilov ("ATV" kanalının İdman Departamentinin rəhbəri): "2001-ci ilin yayı idi.  Yaşlı və orta nəsil yaxşı xatırlayar, AFFA-nın himayəsi altında olan "Şəfa" adlı bir klub vardı. Bu komandaya bəzən federasiya tərəfindən əsassız güzəştlər edilir, bəzi oyunlarda hakimlərdən aşkar dəstək görürdülər. Federasiya prezidenti Fuad Musayevin də hökumətlə münasibətlərinin gərginləşdiyi vaxtdır. "Şəfa"da əksəriyyət gənc oyunçular olduğundan bir neçəsinin hərbi xidmət vaxtı çatıb və bu futbolçular  MOİK-ə çağrılıb. Amma Fuad Musayev qanunlara meydan oxuyaraq bunları hərbi xidmətə buraxmır. Bununla bağlı "Futbol+" qəzetindəki yazımda Fuad Musayevi və futbolçuları kəskin tənqid etdim. Həmin vaxt da "Şəfa" ilk dəfə UEFA Kubokunda oynayır,  rəqib də Sloveniyanın "Olimpiya" klubudur.  İndiki "İnter Arena"da (o vaxt "Şəfa" stadionu adlanırdı) keçirilən oyunda bizimkilər 0:3 uduzdu. 
 
Oyundan sonra hamı əsəb və gərginlik içində. Stadiondan həmkarım İxtiyar Əsgərovla çıxdıq və gördük ki, futbolçular - Aftandil Hacıyevlə Emin İmaməliyev iş yoldaşım Mehman Süleymanovla mənim yazımla bağlı danışır. Biz də yaxınlaşdıq. Söhbət çox mədəni şəkildə gedirdi ki, birdən ora "Şəfa"nın yeganə təcrübəli oyunçusu, bir müddət əvvəl intizamsızlığa görə çempion "Şəmkir"dən qovulan Faiq Cabbarov gəldi. Faiqlə də mənim hələ o "Şəmkir"də oynayarkən mübahisəm olmuşdu. Tənqid yazmışdım, o da tərbiyəsizlik etmişdi.  Faiqin söhbətin mənim futbolçuların hərbi xidmətdən yayınması ilə bağlı yazıdan getdiyiin bilincə, aranı qarışdırdı. "Sən həmişə qərəzli yazırsan", "nə istəyirsən bizdən" və s. bu tip söhbətlər. Belə əl-qolla danışanda özü də bilmədən əli bizim İxtiyarın sifətinə dəydi və bununla ara qarışdı. İxtiyar da ona yumruq atdı. Bu zaman Dmitri Spirinlə Ramal Hüseynov uzaqdan gəlirdi. Qarışıqlıq yarandığını görüb qaçaraq ora yaxınlaşdılar və nə baş verdiyini araşdırmadan dalaşanları aralamağa çalışan həmkarım Elşən Məmmədovu vurdular. Yalnız bundan sonra yaxınlıqdakı polislər tökülüb gəldi. 
 
Hər zaman  mərifəti ilə seçilən Adil Şükürov və Elçin Rəhmanovun da müdaxiləsi ilə ara sakitləşdi. Heç nədən, özü də arxadan zərbə alan Elşən hirsindən özünə yer tapmırdı. Nə olsun  Ramal futbolçu idi, Elşən də kəl kimi idi. Həmin vaxt Ramal onun əlinə düşsəydi, yerlə bir edərdi Hüseynovu. Amma o qaçıb aradan çıxdı. O vaxt mobil telefon çox az adamda vardı.  Elşən onların ev telefonunun nömrəsini tapdı, zəng etdi. Ramalın valideynlərinin üzrxahlığından sonra əl çəkdi ondan. Bu mənim 20 illik jurnalist karyeramda gördüyüm yeganə kütləvi jurnalist-futbolçu qarşıdurması olub. Allah bir daha göstərməsin. 
 
 
2000-2001-ci illərdir, güləşdə Namiq Abdullayevin "bərk gedən" vaxtlarıdır. Onun çəkisində Namiq Sevdimov adlı bir gənc pəhləvan da var, yazıq nə qədər nəticə versə də, Abdullayev olimpiya çempionu olduğu üçün mötəbər yarışlara onu aparırlar. Sevdimovun gördüyü isə Azərbaycan çempionatı və Dağıstanda-filanda kiçik turnirlərdir. Bununla bağlı güləş federasiyasını,  Namiq Abdullayevin özünü və məşqçilərini tənqid edən yazı hazırladım. O vaxt tələbə idim, günün birinci yarısı dərsdə olurdum. Demək, səhər yazı qəzetdə çıxan kimi Namiq Abdullayevin şəxsi məşqçisi Vahid Məmmədov bir dəstə güləşçini yığaraq gəlib redaksiyaya ki, mənimlə "haqq-hesab" çəksinlər. Bəxtim gətirib ki, dərsdə olmuşam, bəlkə də məni 2-ci mərtəbədən atardılar aşağı. Nəsə, bunların qarşısına həmkarım, hazırda İsveçrə səfirliyində çalışan Atəş Sultanov çıxıb. Hay-küy, haray-qışqırıq, bunları birtəhər sakitləşdirib yola salıb. 
 
Bir neçə gün sonra bu dəfə ağır atletikadan tənqidi yazı yazdım. Yazı dərc olunan səhər məşqçi Vahid Nəzərov redaksiyaya hücum çəkdi. Yenə mən dərsdə olduğumdan bunun qarşısına Atəş çıxıb. Mübahisə, hay-küy, bunu da sakitləşdirib yola salıb. Növbəti gün qəzetin iclasında Atəş dedi ki, xahiş edirəm, İlkin daha tənqidi nəsə yazmasın, bu yazır gedir, mən qalıram idmançıların əlində. Bir gün atacaqlar məni binadan aşağı... (gülür)...
 
Ceyhun Əzizli ("Aut.az" saytının rəhbəri): "Ultra Neftçi"nin vaxtları idi. Elnur Əşrəfoğlu mənə zəng etdi ki, bəs Sadıq müəllim səni çağırır. Getdim yanına öyrənəm ki, məsələ nədi. O da bərk əsəbiydi. Səbəb isə, Ruslan Abışovun komandanı tərk etməsi idi. Dedilər ki, bəs Ruslan komandanı pula satıb. Mənə də bəs fan-klub adından Ruslanın satqınlıq etməsi barədə bəyanat yaymağı tapşırdılar. Həmin günlərdə isə çempionatda millinin oyununa görə fasilə yaranmışdı. 3-4 gün sonra yığmamız meydana çıxacaqdı. Mən etiraz etdim ki, bəs belə bəyanat yaya bilmərəm. Səbəb kimi isə, Ruslanın millinin üzvü, kapitanı olmasını göstərdim. Hətta Sadıq müəllimə də dedim ki, axı sabah-birigün o millinin heyətində meydana çıxanda, siz AFFA rəhbərliyinin yaninda, biz isə tribunada onu alqışlayacağıq. Mən futbolçunun klubunu dəyişməsinə normal yanaşıram. Gedib, yolu açıq olsun. Azərbaycan klubuna keçib də, başqa bir yerə getməyibki. Biz ona niyə pis baxaq?! Bizi sevmiyən insanlara pis baxa bilərik. Ancaq bir şey üçün çox peşmanam. O vaxt Ruslana vəkillik edirsən deyə qınandım. İllər keçdi, günlər keçdi. Ruslan yenə qayıtdı. Və həmin haqqında bu sözləri dediyim Abışov mənə salam vermir. 
 
***
 
"Ultraslan"ın vaxtından bir xatirə danışım. Millimizin oyunu ərəfəsi idi. Oyuna 6-7 gün qalmışdı. Bizim fan-klubun üzvləri çox idi. Açığını deyim, həmin vaxtlarda da biraz maliyyə sıxıntımız vardı, bilet ala bilmirdik. AFFA-ya müraciət etdik ki, bəs üzvümüz çoxdu, bizə bilet barədə köməklik edin. Biz də gələk yığmamıza tribunada dəstək olaq. Nəisə. AFFA-dan məni çağırdılar. Mən də elə o vaxtlardan indiyə kimi AFFA-nın baş katibi Elxan Məmmədovla razılaşa bilmirik.  Çünki o insan futbolu bilmir, sevmir, yəni futbol adamı deyil. O, Azərbaycan futbolunu inkişaf etdirmək istəmir. Elxan Məmmədov o postda olmasa idi, bu gün Azərbaycan futbolu daha yaxşı səviyyədə olardı. Halbuki milyonlarla pullar xərclənən futbolumuz bərbad vəziyyətə düşüb. Elxan Məmmədovun sayəsində. Nəisə. Getdim AFFA-ya Elxan Məmmədovun yanına. Bilet məsələlərinə də Elnur Məmmədov baxırdı. Mənə dedilər ki, bəs istəyirsiz tələb kimi, istəyirsiz xahiş kimi qəbul edin, amma bileti bir şərtlə verəcəyik. Tribunada AFFA-nın bayrağını qaldırarsız. Dedim "Başınız xarabdı, nədi? AFFA-nın bayrağını qaldırmaq nədi?! Orada milli oynayır. Dövlət bayrağını dalğalandırmalıyıq, nə AFFA?!" Elə biabırçılıq gördümki. Heç olmasa başqa şərt qoyardılar. Onların şərti də özləri kimi gülüncdü. AFFA-nın bayrağını yelləsəniz, sizə bilet veriləcək. Dünyanın heç bir yerində azarkeşlər federasiyanın bayrağını yelləmir. Çünki milli oynayanda ölkə bayrağı dalğalandırılır. Onlar ölkə bayrağı ilə federasiya bayrağını səhv salan səriştəsiz, düşüncəsiz idarəçilərdir. 
 
 
Hans-Yürgen Gedenin "Nefçi"də baş məşqçi olduğu vaxtlar idi. Hər halda onunla azarkeşlər arasında olan qalmaqalı xatırlayırsız?! Azarkeşlərlə yaşanan qalmaqaldan sonra, döyüldükdən sonra, nəhayət, urvatsız şəkildə yola salındı. Komandanı pis günə saldı, kimləri qovdu. Aləm qarışmışdı. Həmin vaxtlar idi. "Nefçi"də İlqar Quluzadə vardı, o dönəm komandanı idarə edən o idi. Aylarca məni axtarıb. "Neftçi"nin mühafizə sisteminin rəisi Vüqar Niftiyev, özü də dünya çempionu olmuşdu, mənlə dost idi. Məhlə uşağımdı. Utanırdım, üzünə çıxmaq istəmirdin. O da, məni axtarırdı ki, bəs rəhbərlik səni çağırır. Onda fan-klub dağılmışdı. Bir-neçə uşaq yığılardı, "İstefa" qışqırıb qaçardıq. Aylarca qaçdım gizləndim. Bir gün Vüqar mənə dedi ki, bəs mənim xətrimə gəl bazaya.
 
İsti yay gün idi. Gəldim "Neftçibaza"ya. İlqar Quluzadə yanında 4-5 nəfər "oxran" ilə çıxdı qarşıma. Hal-xoşdan sonra mənə dedi ki, bəs "Neftçi"nin bu gün sizə ehtiyacı var, gəlin kömək edin. Mən də dedim ki, yox, mən sizinlə işləmək istəmirəm. Siz futbol adamı deyilsiz.  Qayıtdı ki, "Ə, sən mənim üzümə belə söz deyirsən?" Elə bu anda meydançada məşq edən futbolçulardan legionerimiz Karlos topa zərbə vurdu və top "udar"la setkaya dəydi. Bu an İlqar bəy topun ona dəyəcəyini düşünüb qorxdu. Mübariz Xudiyevə dedi ki, "Ə, Mübariz bu kimdi?"  İzah elədilər ki, bəs futbolçumuz Karlosdu. İlqar bəyin cavabına diqqət edin. "Ə, bə biz Roberto Karlosu almışıq?" Mübariz Xudiyev də ətraflı izah verdi ki, bəs bu başqa braziliyalı Karlosdu. 3 ildi "Neftçi"də oynayır. Mən də fürstdən istifadə dedim ki, "İlqar müəllim, indi gördünüz ki, siz futbol adamı deyilsiz?! Buna görə sizinlə çalışmaq istəmirik, sizi sevmirik, istefa verməyinizi istəyirik. O da əsəbləşib məni qovdu, "oxranlar"ı məni bazadan çıxartdılar.
 
Ondan sonra mən stadiona qorxa-qorxa gizlicə gedirdim. Yay vaxtı idi, papaq-şərf də taxmaq olmur. Bir oyun gedirdim, bir oyun getmirdim. Bilirdim ki, mühafizəçilərinə döydürəcək mənim. (gülür)... Azərbaycanda belə insan "futbol adamı" olub. Əslində bu gün də elə bir fərq yoxdu. Bir çempionatda çıxış edən 8 komandanın 6-sının rəhbəri eynidirsə, heç kim deyə bilməz ki, haqq-ədalət var, nəticələr əvvəlcədən təyin olunmayıb. Nə qədər ki, Elxan Məmmədov Azərbaycan futbolunun başında olacaq, bu ölkədə futbol günü-gündən məhv olacaq".
 
Röya Kərimli
Sport7.az
Tarix: 20 Fevral [14:00]
Oxunub: 346 dəfə
Müəllif: Aut.az

"Qarabağ" darmadağınla qalib gəldi

aut.az

Futbolçu itkin düşüb - Azərbaycanda

Aut.az

"Neftçi"nin sabiq futbolçusu Region Liqasında

Aut.az

“Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

Aut.az

Region Liqasına qeydiyyat başladı

Aut.az

“Qarabağ” bizim qanımızı içmək istəyəcək” - “Linfild”in baş məşqçisi

Aut.az

Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

Aut.az

“Sabah” “Keşlə”yə, “Qarabağ” “Qəbələ”yə qarşı - BU GÜN

Aut.az

“Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

Aut.az

“Neftçi”nin futbolçusu Qvineya yığmasında

Aut.az