“Neftçi”də qələbə davası

Dünyaya səs salmış ünlü italyan mütəxəssis Roberto Bordinin rəhbərliyi altında çempionatda qələbələri sıralayan “Neftçi”nin Qələbə səfərindən də 3 xalla qayıtması klubda çalışanlara baha başa gəlib. Hər tur əldə olunan zəfər daxili ab-havanı o qədər yüksəldib ki, adamlar növbəti uğurun ləzzətini çıxarmaq əvəzinə, "kəllə-kəlləyə" gəliblər. Hər şey Bordinin telefon zənginə cavab verməsindən başlayıb.
Futbolçular Vəndamda dükandan alış-veriş etməyə düşəndə avtobusa sükut çöküb. Bu an baş məşqçi ona gələn zəngin fərqinə varıb və dəstəyi qaldırıb. Bir neçə gün öncə İçərişəhərdə nərd oynadığı Nazim kişi imiş. Bakılı day-day Bordini təbrik edəndən sonra qələbəni öz adına çıxarmağa başlayıb. Fakt kimi Qəbələdə dubl edən Mirabdullanın “11-lik”də yer almasının özünün təklifi olduğunu deyib, daha sonra italyana nərd oynayan vaxt söylədiklərini xatırladıb. “Yığmaya dəvət almayan futbolçudansa, Karikarini oynadaram da. Rəhbərlik onu legioner adıyla dəvət edib. Hər dəfə ehtiyatda saxlamağım düzgün olmaz. Bu dəfə Mirini yanımda otuzduracam”,  - siz bu cür düşünürdüz. Amma mən sizə Abbasovun oynamalı olduğunu demişdim. Ona görə də qələbədə pay sahibi mənəm.
Nazim kişinin dediklərini “selektordan” Bordinlə yan cərgədə oturan xarizmatik klub prezidenti Kamran Quliyev eşidib və bərk əsəbiləşib. Onu İçərişəhərə aparanlara Bakıya qayıdandan sonra töhmət verəcəyini qəti şəkildə bildirən rəhbər qələbənin baş memarı özünün olduğunu deyib. Quliyev hər kəsin gözü qarşısında Bordinə acıqlanıb: “Daboyla Darionun Qəbələyə aparılmasının vacibliyini qeyd edən siz deyildiz? Amma bu iki futbolçunun səfərdə azarkeş təzyiqi ilə üzləşəcəyini diqqətinizə çatdırandan sonra mənimlə razılaşdız. Bu gün Daboyla Dario oynasaydı, qələbə nədi, heç-heçə edə bilməyəcəkdik”.
Ceyhun Sultanov ola, səsi çıxmaya? İllərini ölkə futboluna həsr etmiş klub rəsmisinə çəkdiyi əziyyətin qiymətləndirilməməsi yaman yer edib. Yanında oturan Kamran Quliyevə tərs-tərs baxandan sonra üzünü Bordinə tutub: “İndi belə deyərsiz də. Klubun işlərini görən mən, onun-bunu qabağına çıxan mən, ideya verən mən, qələbə sizin? Nə Mirabdula, Dabo, Dario salmısız, futbol savadınız elə bu qədərdi də. O qolları bu yaşda mən də vurardım. Siz oyunu öz üzərinə götürən, hər üç qolun ötürməsini verən Rəhmanla Namiqdən danışın. Bordin onları oynatmaq istəmirdi, mən işə qarışıb yığmaya lazım olduqlarını deyəndən sonra daşı ətəyindən tökdü. Bir-iki yaxşı söz deyərdim...”.
Mübahisənin qızışdığını görən Elnur Eyvazov futbolçuların gözü qarşısında bu cür söhbətlərin edilməsinin ayıb olduğunu deyib, rəhbərlik və məşqçi heyətinə avtobusdan düşməyi məsləhət görüb. “Neftçi”yə gəldiyi gündən adı qalmaqallarda hallanmayan, amma sponsorların xüsusi adamı olduğuna görə hər kəs tərəfindən böyük hörmətə layiq görülən Eyvazov gözünü yumub, ağzını açıb: “Bir-iki qələbə qazanmısız, nə danışdığınızın fərqində deyilsiz. Bordini başa düşdük, italyandı deyə, özünü böyük məşqçi sayır. Kamran Quliyev, Ceyhun Sultanov, sizə nə gəlib? Əməlləriniz haqda sponsorlara nəsə desəm, birinci gün ərizənizi yazıb öz xoşunuzla işdən çıxacaqsız. Ayrı-ayrı futbolçuların oynamasından danışırsız, “mən-mən” deyirsiz. Fasilə dönəmində yoldaşlıq görüşlərinin keçirilməsini təklif etməsəydim və bu komanda “Zirə”ylə “Sabah”ı udmasaydı, Qəbələdə biabır olacaqdıq. Oyun təcrübəsi hər şeydən vacibdi. Ona görə də mənim yanımda heç kim danışmasın. Nə olsun ki, futbolun nə olduğunu “Neftçi”yə gələndən sonra bilmişəm. Amma özümə görə savadım var”.
Kimdi Eyvazovun sözünün qabağına söz qoyan? Hamısı bir ağızdan “oldu, baş üstə” deyib, yuxarı qalxmaq istəyəndə şəxsi maşını ilə yoldan keçən Sənan Qurbanov avtobusun üzərindəki “Neftçi” loqosunu görüncə, əyləcə basıb. Nə baş verdiyi ilə maraqlananda şoka düşüb. Bakılıların qələbəni bayram etməsi “Qəbələ”nin baş məşqçisini yaman dilxor edib. Qonaqları hər nə qədər məğlub olduqlarına inandırmaq istəsə də, xeyri olmayıb. Məcburən telefonu çıxardıb PFL-in saytındakı oyun protokolunu göstərəndə, Kamran Quliyev də 90 dəqiqənin tamamında telefonla çəkdiyi tablonun şəklini göstərib. Sənan Qurbanov gülə-gülə onlardan uzaqlaşıb. Maşının pəncərəsini açıb, tablodakı rəqəmlərin səhv düşdüyünü deyib, dalınca da “forsaj”a basıb, tərpənib.
Sonradan avtobusda əməlli-başlı çaxnaşma düşüb, rəsmilər günahı bir-birində axtarmağa çalışıblar. Hadisələrin Şamaxıdan sonrakı axarı haqda məlumat verəcəyik.(matc.az)
Tarix: 21 Oktyabr [00:20]
Oxunub: 306 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az