Tələsik atılmış addım

Qurban Qurbanovun milli komandamıza baş məşqçi təyin olunmasından sonra millidə və aşağı yaş yğmalarda islahatların aparılması gözlənilən idi. Bu komandalara yeni baş məşqçilərin təyini həmin islahatların tərkib hissəsi idi. Əlbəttə, dəyişikliklərə, yeniliklərə ehtiyac var idi. Görülən və planlaşdırılan işlərin futbolumuza nə dərəcədə xeyir verəcəyini zaman göstərəcək. Hələliksə, bu yeniliklərdən biri haqqında bəhs edəcəyik.
 
Söhbət bu ildən başlayaraq bəzi yaş qruplarından ibarət milli komandaların liqalarda iştirakından gedir. Daha dəqiq, U-15 yığmamızın U-16 Liqasında, U-16 millimizin isə Gənclər Liqasında iştirakının nəzərdə tutulmasıdır. Bu yenilik millilərə, komandalara, futbolçulara, qısası, futbolumuza nə dərəcədə lazımdır və xeyir verəcəkmi? Prosesin gedişində hansı problemlər ortaya çıxa bilər? Onları necə həll etmək olar?
 
“Şəfa”, “Naxçıvan” nümunəsi
 
Oxşar addım hələ illər əvvəl sabiq AFFA rəhbərliyi tərəfindən atılmışdı. 1997-ci ildə yaradılan “Şəfa" komandası yəqin ki, yadınızdadır. 1997/98-ci illər mövsümündən etibarən elitaya Azərbaycan yığması U-18 adı ilə qatılan komandanın adı sonradan dəyişdirilmişdi. 18 yaşlı futbolçulardan təşkil olunmuş “Şəfa" müəyyən uğurlara da imza atmışdı. 2001-ci ildə UEFA Kubokuna sahib çıxan sabiq “18-lər" ölkəmizin UEFA Kubokunda təmsil etməyə macal tapmışdılar. “Şəfa" 2005-ci ilə kimi yaşadı və tarixin yaddaşına köçdü. Amma bu komanda futbolumuza neçə-neçə istedad bəxş etdi. Hansılar ki, sonradan uzun müddət əsas millimizin aparıcı üzvlərinə çevrildilər.
 
Oxşar hal bir müddət əvvəl də baş vermişdi. Uzaq 1994/95-ci illər mövsümündə  1-ci Divizionda “Naxçıvan" adlı komanda çıxış edirdi. Adı Naxçıvanın, özü Bakının olan komandanın heyəti əsasən 15-16 yaşlı futbolçulardan qurulmuşdu. Bu uşaqlar peşəkar səviyyədə “döyülə-döyülə" bərkidilər. Yaxşı tanıdığımız Samir Əliyev, Samir Musayev, Rizvan Fərzəliyev, Zaur Ramazanov, Fərrux İsmayılov, Müşviq Qənbərov məhz “Naxçıvan" “məhsulu"dur.
 
Praktika göstərir ki, gənclərin peşəkar komandalarda, böyüklər arasında oynaması onların inkişafına təkan verir. Bir növ daha tez bərkə-boşa düşürlər. Bu mənada U-15 və U-16 millilərimizin özlərindan yaşca daha böyüklərin arasına buraxılması doğru addımdır. Təəssüf ki, bu qərar bir qədər gec verildiyindən ortaya müəyyən problemlər çıxır. Hansılardır?
 
1-ci problem: ziyan klublara dəyəcək
 
Hər iki millinin klubların nəzdində fəaliyyət göstərən futbol akademiyalarının və ya məktəblərinin üzvlərinin hesabına formalaşdıraldığı məlumdur. Yəni, komandalarında özlərini yaxşı tərəfdən göstərən futbolçular milliyə çağırılırlar. Aparıcı üzvlərini millilərə peşkəş etməyə məcbur olan komandalar ziyan görəcəklər. Xüsusilə, liqalarda həmişə öndə olan “Qəbələ", “Sabah" (əvvəlki “Vətən" - İ.T.), “Keşlə, “Neftçi", “Zirə" kimi komandalar liderlərinin itkisində ortabab komandalara çevriləcəklər. Üstəlik, futbolçuların üzərində indiyə kimi çəkilən əziyyət, komanda formalaşdırma yönündə görülən işlər heçə enəcək. Bütün akademiyaların əsas məqsədinin futbolçu yetişdirmək və onların milli səviyyəsinə yüksəltmək olduğunu nəzərə alsaq, klublar bunu “həzm etməlidirlər". Digər tərəfdən aparıcı komandaların zəifləməsi çempionatda komandaların güclərinin nisbətən bərabərləşməsinə səbəb olacaq ki, bu da birincilikdəki mübarizəni daha maraqlı edəcək. Başqa nüans, komandalarında əsas heyətə düşməyən futbolçuların daha çox oynamasına imkan yaranacaq. Amma onu da nəzərə alaq ki, güclülərin mübarizəsi daha maraqlı olur. Hər halda, çempionatların səviyyəsinin aşağı düşəcəyi dəqiqdir. Əsas odur ki, milliyə futbolçu buraxan komandalar aldadılmasınlar. Necə ki, bunu bu yay U-14 Liqasında izlədik. AFFA-nın yaratdığı “Mançester Yunayted" klubların perspektivli uşaqlarından qurulmuşdu. Bir neçə il “Bakcell"in yardımı ilə həyata keçirilən layihə sponsorun imtinasından sonra ləğv edildi. “Mançester Yunayted" artıq, yoxdur. Deməli, futbolçular klublara qaytarılmalı idilər. Amma AFFA-nın “balası" “Səbail"ə keçdilər. Ziyan kimə dəydi? “Qəbələ"yə, “Keşlə"yə, “Neftçi"yə... İllərdir əziyyət çəkib futbolçu yetişdirəsın, sonda məcburən onları AFFA-nın yaratdığı komandaya hədiyyə edəsən. Eyni halın bu dəfə U-15 və U-16 milliləri ilə təkrarlanmayacağına kim zəmanət verə bilər?
 
2-ci problem: uşaqlar “sınacaqlar”
 
Millilərin böyük yaş qrupları arasında çıxışı təqdirəlayiq haldır. Bunu yazının girişində də qeyd etdik. U-15 millisinin U-16 Liqasına buraxılması əla ideyadır. Lakin U-16 yğmamızın Gənclər Liqasında çıxış etməsi... Bax, burada fikirlər bir qədər haçalanır. Bir qrup mütəxəssisin fikrincə, 16 yaşlı futbolçunun özündə 2-3 yaş böyük futbolçulara qarşı oynaması yaxşı haldı. İndidən bərkə-boşa düşən gənc sabah Avropa miqyaslı yarışlarda atletik cəhətdən güclü futbolçulardan qurulmuş komandalara qarşı bir növ hazır çıxacaq. Amma bunun əksini fikirləşənlər də az deyil. Məsələn, 16 yaşlı uşağın 19 yaşlı kişiyə qarşı oyunlarda psixoloji və fiziki cəhətdən sınma ehtimalının böyük olması. Psixoloji “sınma" ilə razılaşmamaq olar. Çünki qorxaq futbolçudan gələcəkdə futbolçu olmasa yaxşıdı. Amma bir məqamı da gözdən qaçırmamaq lazımdı. Özlərindən böyüklərlə oyunda daha tez-tez məğlubiyyətlə üzləşən uşaqlarda qələbə ruhu zəifləyəcək, məğlubiyyətə alışqanlıq yaranacaq. Fizioloji baxımdan isə... Həqiqətən 16 yaşlı futbolçunun fizioloji quruluşu ilə 19 yaşlı futbolçunun fizioloji quruluşu arasında yerlə-göy qədər fərq var. 16 yaşlı uşaq inkişaf dövrunu yaşayır, əzələlər inkişafdadır, sümüklər möhkəmlənməyib. Bu mənada onların ağır zədə almaları ehtimalı yüksəlir. Belə zədələr isə çoxlarının karyeralarına son qoya bilər.
 
3-cü problem: oyunsuz qalan milli üzvləri
 
Millinin üzvləri oyun praktikası sarıdan əziyyət çəkə bilərlər. Bəziləri çəkəcəklər də. Məsələ burasındadır ki, millilərin düşərgəsinə azı 23-24 futbolçu dəvət alacaq. U-16 Liqasında 7, Gənclər Liqasında isə 5 əvəzetməyə icazə verilir. Bu isə hər tur U-15 millisinin 18, U-16 millisinin isə 16 futbolçusunun meydana çıxması deməkdir. Başqa sözlə, “15-lər"in düşərgəsində olan 5-6, “16-lır"ın isə 7-8 futbolçusunun turun oyunundan kənarda qalması deməkdir. Üstəlik, nəzərə alaq ki, meydana çıxacaq futbolçuların çox az qismi oyunboyu meydanda olacaq. Amma bu uşaqlar öz komandalarında qalacaqları halda nəinki öz yaşıdları arasında əsas heyətdə oyunlara çxacaqdılar, hətta yuxarı yaş qruplarına da dəvət alacaqlar ki, bu da həftədə 2 oyun deməkdir. Hansı yaxşıdır? Millinin heyətində böyüklərə qarşı ehtiyatda yatmaq, yaxud, öz komandasında həftədə 2 oyuna çıxmaq? Əlbəttə, 2-ci variant.
 
4-cü problem: məğlubiyyətə alışqanlıq qorxusu
 
Millinin əsas heyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bir qrup futbolçu daim heyətdə olacaq. Belə demək mümkünsə, komandanın “onurğa sütunu"nu təşkil edəcək. Digər qrup isə milli ilə komandası arasında qalacaq. Fikrimizi bir qədər açıq ifadə edək. Milliyə çağırılan futbolçu özünü yaxşı tərəfdən göstərməyəcəyi halda təbii ki, komandasına qaytarılacaq. Onun yerinə milliyə başqa namizədlər çağırılacaqlar və bu proses mövsümboyu davam edəcək. Əlbəttə, hadisələrin belə gedişi bəzi futbolçuların psixologiyasına təsirsiz ötüşməyəcək. Millidən komandasına göndərilən futbolçuların bəzilərində özünəinam hissi aşağı düşəcək ki, bu da həmin uşağın bəlkə də futbolu atması ilə nəticələnə bilər. Belə məqamda həmin uşaqlara məşqçiləri tərəfindən dəstək vacibdir. Məşqçilər bunu nə dərəcədə bacaracaqlar, zaman göstərəcək.
 
5-ci problem: Oxuma, oxuma, yenə də, oxuma!
 
Milli üzvlərinin təhsillərində “axsama" müşahidə olunacaq. Əsas da bölgə komandalarından düşərgəyə dəvət alan uşaqlarda. Nə mənada? Hesab edək ki, “Qəbələ"nin hansısa futbolçusu milliyə çağırıldı. Bu halda həmin uşaq Bakıdakı məktəblərin birinə getməlidir. Bunu Təhsil Nazirliyi ilə əməkdaşlıq edən AFFA-nın yoluna qoyacağı kimdəsə şübhə yaratmır. Amma baxaq, həmin uşaq nə dərəcədə dərslərə davamiyyətli olacaq, dərslərinə fikir verəcək? Yenə də ehtimal edək ki, qəbələli uşaq mövsümün gedişində məşqçini qane etmədi və komandasına qaytarıldı. Həmin uşağın yerinə “Qəbələ"nin başqa futbolçusu milliyə çağırıldı. O halda 1-ci uşaq yenidən əvvəlki məktəbinə dönməli, onu əvəzləyən isə Bakıdakı məktəbə getməlidi. Buna el arasında “xala-xala oyunu" deyirlər. 
 
Çıxış yolu var, amma...
 
Sadaladıqlarımız gözə çarpan əsas problemlərdir. Prosesin gedişində başqalarının da ortaya çıxması mümkündü. Güman ki, çıxacaq da. Hər bir problemin həlli yolu var. Bəs yarana biləcək bu problemləri necə həll etmək olar? Toxunduğumuz ilk 2 problemin həlli ilə bağlı fikir bildirmək çətindir. Çünki birinci halda əsas futbolçularını milliyə buraxan komandalar böyük zərbə alacaqlar. 2-ci halda isə... Daha yaxşı olardı ki, U-16 millisi U-17 Liqasında çıxış edərdi. Bu halda futbolçuların psixoloji və fiziki “sınma"ları minimuma enəcəkdi. Onsuz da həmin futbolçular öz klublarında 1-2 yaş yuxarı komandadalara mütəmadi dəvət alırdılar.
Göstərdiyimiz 3-cü problemin həlli də çətin deyil. U-16 Liqasında oyunların həftənin cümə axşamları keçirilməsi nəzərdə tutulub. U-16 Liqasının oyunları isə həftəsonu keçiriləcək. Deməli, millinin heyətində oyunlara çıxmayanlar 2-3 gün sonra öz komandalarınının heyətində oynaya bilərlər və oyun praktikası sarıdan əziyyət çəkməzlər. U-16 millisində də eyni işi görmək olar. Gənclər Liqasının oyunları həftənin çərşənbə günü keçirilməlidi. 1 gün sonra isə U-16 Liqasının oyunları baş tutacaq. Deməli, çərşənbə günü millinin heyətində yer almayan və ya az oynayan futbolçu ertəsi gün həm öz komandasına kömək edə bilər, həm də oyunsuz qalmaz. 
 
Burada ortaya başqa sual çıxır. Rayon uşaqlarını necə etməli? Axı, əyalətlərdən milliyə gələn futbolçuların öz komandalarında oynamaları üçün rayona gedib-gəlmələri lazımdı. Bu yerdə dalana dirənirik. Düzdür, elə futbolçuların komandası Bakıda oynayacaqsa, bəxti gətirəcək. Yox, “ev"də oynayacaqsa, futbolçular sadəcə, futbolsuz qalmağa məcbur olacaqlar.
 
Gənclər Liqasında reqlamentə görə 5 əvəzetmənin olduğunu bir qədər əvvəl yazdıq. Millinin xətrinə sayı artırmaq olar. Azından bu tətbiq bütün komandalara şamil olunmasa da, U-16 millisinə aid edilə bilər. Bu halda hər oyunda 16 deyil daha çox futbolçu iştirak edəcək. Əksəriyyəti yarım hissə olsa belə.
 
Dördüncü problemin həlli ilə bağlı elə həmin hissədə qısaca yazdıq. Bu üzdən keçən sonuncu və ən vacib məsələyə. Təhsillə bağlı ortaya çıxacaq çətinliklərə. 
 
Bakıda yaşanlar üçün hansısa problemin ortaya çıxacağı dəqiqdir. Milliyə düşüb-düşməməsindən asılı olmayaraq Bakıda yaşayan uşaqlar məşqlərin axşam saatlarında olacağını nəzərə alaraq ilboyu oxuduqları məktəblərə rahat gedib gedib-gələ biləcəklər, təhsildən yayınmacaqlar. Rayonlardan gələn uşaqlarla bağlı isə problemin yegənə həlli həmin uşaqların adlarının rayonlardakı məktəblərdə saxlanmasıdır. Onlara Bakıda xüsusi hazırlıq kursları təşkil etmək olar. Bu, elə də asan iş deyil. Üstəlik, həmin uşaqların dərslərinə necə hazırlaşdıqlarına nəzarət olmalıdır. Millidən kənarlaşdırılacağı halda həmin uşaqlar təhsillərini yenidən öz rayonlarındakı - adları gedən məktəbdə davam etdirməlidirlər. Bənzər praktika qızlar yığmamızın bəzi üzvləri ilə həyata keçirilib. Əslində, bu da problemdən tam çıxış yolu deyil. Məktəbli dərsə getməlidir! Dərsə davamiyyət aşağı olacaqsa, savaddan söhbət gedə bilməz.
 
U-15 və U-16 millilərimizin liqalarda iştirakı ideyası yaxşıdır. Heyf ki, bir qədər gec atılmış addımdır. Yaranacaq probleməri əvvəldən düşünüb vaxtında həll etməklə ortaya daha keyfiyyətli iş qoymaq olardı. Təəssüf ki, bu çatışmazlıqların aradan qaldırılması mövsümün gedişinə qaldı. Bunların isə görüləcək işlərə kölgə salacağı qaçılmazdı. Yaxşı olardı ki, bu haqda ötən mövsüm başa çatan kimi qərar qəbul edilərdi. O halda problemləri vaxtında həll etmək mümkün idi. İndiki halda isə, fikrimizcə, daha 1 il gözləyib növbəti ildən bu vacib işə başlamaq olar. 
 
İlqar TAĞIYEV
“Het-trik news” qəzeti
Tarix: 19 Sentyabr [18:40]
Oxunub: 34 dəfə
Müəllif: Aut.az

“Neftçi” dən qələbə

Aut.az

Gürcüstanla fərqimiz

Aut.az

Yaradılan “şərait”ə görə xərc - “Qəbələ”

Aut.az

AFFA-dan “Sumqayıt”ın cəzasına endirim

Aut.az

“Sabah”da intriqa - Prezidentlə baş məşqçinin qarşıdurması!

Aut.az

“CBC Sport” müqavilə şərtlərinə əməl etmir!

Aut.az

“Sabah”ın prezidentinin “gizli oyun”u

Aut.az

“Azərbaycan millisində demək olar ki, bütün futbolçular rusca danışır” - Rüfət Dadaşov

Aut.az

Almeyda 2-ci, Qarayev 4-cü oldu

Aut.az

AFFA-dan gizli müqavilə: Stuxlik onu Azərbaycana göndərən adama “çörək verdi”

Aut.az