Qara, qapqara və qarabala

Nihat Ağasoy
 
"Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində olmayacaq. PSV Bakıya gəlməyəcək... Milyonlarla azarkeşin yenə Avropanın ən mötəbər klub turnirinin qrupunda görmək istədiyi ağdamlılar bu payız ən yaraşıqlı futbol vitrinində məmləkətimizi reklam etməyəcək. Dünya "divlər”iylə duellərdə qazandığı nəticələrlə zəfərə ac  könüllərə yaz yağmuru ələməyəcək. Azərbaycan futbolunun çılğın səyyahı ən yaxşı halda növbəti dəfə qapısını çoxdan taybatay açdığı Avroliqanın qrupunda oynayacaq. 
 
Əlbəttə, uman yerdən küsərlər. ÇL-in qrupunda oynaya biləcək yeganə ölkə təmsilçisindən umanların pərişanlığını anlamaq asandı.  Ancaq "köhlən atlar” özündən güclü olmayan BATE-yə uduzaraq dayanıbsa, Belarus təmsilçisi oyun planında Ağdam komandasından daha səviyyəli kollektiv olduğunu isbatlaya bilməyibsə, qübarlanmağa dəyməz...
 
BATE dünən idi. Bu gün köhnə-yeni rəqib "Şerif” var. Qurban Qurbanovun və yetirmələrinin artıq bir dəfə mübarizədən kənarlaşdırdığı Moldova komandasıyla görüşlərin prinsipial, ağır və maraqlı alınacağına şübhə yoxdu. Sadə məntiqlə, "Şerif” eyni komandaya avrokuboklarda ardıcıl ikinci dəfə boyun əyməmək üçün bacardığından artığını etməlidi. Qurbanov isə bir qədər yenilənmiş kollektivi moldovalılarla matçlara daha səylə kökləməyə çalışmalı və buna nail olmalıdı. 
 
Avroliqanın qrupuna düşmək mümkün olsa, üfüqlərdə yeni hədəflər açılacaq: qrupdan çıxmaq, bacardıqca daha çox irəliləmək, tərəfdarların ürəyini dağa döndərməklə yanaşı, büdcəni də uğurlu nəticələr hesabına zənginləşdirmək. Yuxarıda qeyd etdiyim kimi, ÇL-lə AL-i tərəzinin bir gözünə qoymuram. Ancaq Avropanın sambalına görə ikinci klub turnirinin iştirakçılarından birinə çevrilmək də bu yay hər komandanın başı üçün deyil. Mənzil başına aparan yolların nə dərəcədə labirintləşdiyindən hamımız xəbərdarıq. Dino Ndlovu, Riçard Almeydanın timsalında gücünün 20 faizini itirən, Dani Kintananın ağır zədəsi ilə barışmalı olan kollektiv AL meydanına sıçrasa, böyük yox, çox böyük iş görmüş sayılacaq.
 
Hərçənd ümidverici məqamlar da unudulmamalıdı. Əvvəla bu komandanın bir neçə QARA adamı var. Qarışqa kimi işləyən Qara Qarayevi, məsuliyyəti boynuna götürən, səhvlərinin minnət yükünün altında qalmayan QARA kapitanı, QARA xalqının sevgisiylə, inamıyla xeyir-dua almış  QARA çalışdırıcısı, hücum xəttindəki QARA boşluğu hələ formaya düşməmiş varlığıyla dolduran QARAbalası haqda yenidən danışmaq uzunçulur olar. 
 
Yeri gəlmişkən, bu QARA o qaralardan deyil. Ulu türkcəmizdə QARA sözün bütün anlamlarında həm də böyük deməkdi. QARA Xaqan kimi, QARA Yusif kimi, QARAbağ kimi, "QARAbağ” kimi... Odur ki, QARA başınızı ağ əllərinizin arasına alıb ala qayğıların qoynuna düşməyin. Bu, hələ böyük yolun başlanğıcıdı.
Tarix: 18 Avqust [17:20]
Oxunub: 131 dəfə
Müəllif: Aut.az

“Xəzər Lənkəran”a vurulan “dubinka”

Aut.az

Əsgər harayı - YAZI

Aut.az

Qara, qapqara və qarabala

Aut.az

Zaur Axundovun işgüzar imici

Aut.az

Ay dalay-dalay, xırdala!

Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az

Elxan Məmmədov məndən niyə qorxur?

Aut.az