Elxan Məmmədovun cəh-cəhi, bəh-bəhi

Elxan Məmmədov tapıldı. Neçə vaxtdı kölgəyə çəkilən AFFA-nın baş katibi mətbuatda gedən yazılara reaksiya vermək ehtiyacı duyub danışdı. Avrokubok matçları, yeni mövsümün startı ərəfəsi Məmmədovun varlığını göstərmək zərurətini yaratdı.
 
Dünən apasport.az saytına müsahibəsində klublarımızın avrokuboklardakı çıxışına münasibət bildirən Məmmədov nəticələrdən razı qalmadığını bildirib: “Əlbəttə, birinci mərhələdə təmsilçilərimizin hamısından qələbə gözləyirdik. Ancaq ilk oyunlarda məyusedici nəticələr də qeydə alındı. Cavab qarşılaşmalarını səbirsizliklə gözləyirik və komandalarımızın növbəti mərhələyə vəsiqə qazanacaqlarına ümid edirik”.
 
Elxan bəyin AFFA-dan maliyyələşən “Keşlə” haqda dedikləri maraqlıdı: “Keşlə” klubunun Müşahidə Şurası, rəhbərliyi var və bütün qərarlarla bağlı onlar məsuliyyət daşıyırlar. Əlbəttə, vəziyyət kritik həddə çatarsa, AFFA ictimai qurum olaraq onlara öz tövsiyələrini verə bilər. Hazırda gündəlikdə belə məsələ yoxdu. Baş məşqçinin istefa verməsi və ya işdən çıxarılması klubun daxili işidi. Müşahidə Şurası müvafiq qərar qəbul edibsə, biz buna hörmətlə yanaşmalıyıq”.
 
Elə bu açıqlamanın özündə min məna var. Məmmədovun “Keşlə”yə tövsiyəsi nə ola bilər ki? Zaur Axundov hər an başının üstündə təhlükə hiss etməlidi. Elxan bəy üçün onu devirib, daha sadiq bir adamını kluba təyin etmək adi bir işdi. Müşahidə Şurası ilə bağlı deyilənlər isə cəfəngiyyatdı – şuralı klubların aqibəti elə bu cür olmalıydı.
 
Klubların transfer siyasətinə marketoloq kimi münasibət bildirən Məmmədov məsləhət də verib: “Hazırda dəyişikliklər olur, ancaq yaxşı olardı ki, klublarımız yeni mövsümlə bağlı məqsədini konkret şəkildə azarkeşlərinə, ictimaiyyətə bildirsin. O zaman edilən hər bir transferin məqsədi həm klubların azarkeşlərinə, həm də futbol ictimaiyyətinə aydın olacaq. Mən bunun tərəfdarıyam”.
 
Görəsən, bu açıqlamanı verən Elxan bəy monopoliyasında olan klublardan eyni addımı görürmü? Axı, onlarda da vəziyyət eynidi, heç biri hədəflərini açıqlamayıb, elə bir ucdan futbolçu alırlar. Dünən gələcəyi düşündüyünü deyən komandalar bu gün veteranları yığıb, medal üçün oynayacağını göstərir. Heç bir strategiya yoxdu, hamı say düzəldir. “Keşlə”də nə baş verdiyi bilinmir, milli komandaya namizədlər yetişdirmək üçün maliyyələşən “Sumqayıt” veteranlar evinə dönüb, “Səbail” qarşısına ölkə futboluna yeni adlar qazandırmaq hədəfi qoysa da, bu gün təcrübəlilərlə əcnəbilərin vəhdətinə çalışır.
 
“Xəzər”ə lisenziya vermədikləri üçün özünü qəhrəman sayan Məmmədov AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətini qabartmağa çalışır. “Oğru oğrunu yaxşı tanıyar” məsəlini unudan baş katib eyni qanunsuzluqla Premyer Liqaya buraxılan “Sabah”ın problemlərindən danışmır. Halbuki o, bu kluba lisenziyanın qanunsuz verilməsindən də bəhs etməli, debütantın strukturunun indiyədək bəlli olmamasına aydınlıq gətirməliydi. KOMANDA olan birinin KLUB kimi elitaya buraxılmasının səbəbləri açıqlansa, əla olardı.
 
DÇ-2018-lə bağlı danışan Məmmədov təşkilatçılığı çox bəyəndiyini dilə gətirib, könüllülərin fəaliyyətindən razı qalıb. Amma katib bu təcrübədən faydalanmamalarını gizlətməyə çalışıb. O, ümumi danışıb, konkret misal çəkməyib.
 
Məmmədov daha bir layihəsinin uğursuzluğunu etiraf edib, lakin buna görə başqalarını günahkar bilib: “Media Komitəsi yaxşı layihə idi. Xüsusilə də, qurumun fəaliyyətinin birinci ilini vurğulamaq istədim. AFFA-nın İcraiyyə Komitəsinin qərarı ilə bu layihəyə start verildi və stimullaşdırıcı konsepsiyamız var idi. MK-nın fəaliyyətinin birinci ilində buna nail olduq. Amma növbəti ildə bəzi çatışmazlıqlar ortaya çıxdı, müəyyən qədər layihələrdən süni şəkildə faydalanmaq cəhdləri ilə qarşılaşdıq. Lakin faydasını gördüyümüz layihələr də oldu. İki illik fəaliyyətin nəticəsi İcraiyyə Komitəsində müzakirəyə çıxarıldı və qərara alındı ki, komitə ilə bağlı yeni konsepsiya hazırlansın. Hazırda bu konsepsiya ilə bağlı düşünürük, fərdi şəkildə media nümayəndələri ilə görüşlər keçirir, fikirlərini dinləyirik. Böyük ehtimalla, İcraiyyə Komitəsinin növbəti iclasına yeni təkliflərimiz təqdim ediləcək”.
 
Elxan bəy komitəylə komunikasiyadakı qüsurları gizlədib, hədəf kimi media işçilərini göstərib. Halbuki MK hələ təsis olunanda iflasa məhkum idi, strategiya düzgün seçilməmişdi. Qurumla münasibətlər diqtə prinsipinə əsaslandığından, əlavə işgüzar yardımlar olmadığından, ən əsası, niyyətdəki qeyri-səmimilik bu aqibəti qaçılmaz edirdi. Məmmədov öz kadrlarının bacarıqsızlığını həm də İcraiyyə Komitəsinin qərarıyla ört-basdır etmək istəyir.
 
Baş katibin İK-nın növbəti iclasında divizionla bağlı müzakirələrin ön planda olmasını deməsi də maraqlıdı. Konsepsiyabaz katib daha bir uğursuz layihəsini bu qurumun vasitəsi ilə reallaşdırmaq istəyir. Əvəzedicilərin yarışının ləğvi və bu komandaları hesabına divizionun fərqli şəkildə qurulmasını planlaşdıran Məmmədov, deyəsən, qumarın bütün klublara yayılmasında maraqlıdı. Bu addımla bölgələrdə klubların fəaliyyətinə birdəfəlik nöqtə qoyulacaq.(futbolinfo)
 
Elxan bəy problemli məsələlərdən danışmayıb. Məsələn, o deməyib ki, Region Liqasının qalibləri hələ də mükafatlandırılmayıb. Sayt elanı ilə yeni mövsüm üçün komanda yığan baş katib baş aldatmaqla məşğuldu. Yenə festivallardan, könüllülərdən, bir sözlə, peşəkar futbolun kənarında olanlardan cəh-cəh vurur.
Tarix: 19 İyul [16:40]
Oxunub: 105 dəfə
Müəllif: Aut.az

İsgəndər Cavadovun komandasını "Bakı"nın bazasından qovdular

Aut.az

AFFA-nın təşkil etdiyi daha bir yarışdan qan qoxusu gəlir

Aut.az

“El-klasiko”ya görə tez başlayacaq - “Neftçi” - “Qarabağ” matçı

Aut.az

Əliyar Ağayev “Bayer”in oyununda!

Aut.az

Azərbaycan Premyer Liqasının 8-ci turunda neçə azarkeş qeydə alındı?

Aut.az

“Qarabağ” - “Vorskla”: İsraillilərə tapşırıldı

Aut.az

"Neftçi"nin havaya sovrulan büdcəsi

Aut.az

“Sabah”la “Keşlə” tək qolla sevindi

Aut.az

"Zəngilan" millimizi məğlub etdi

Aut.az

“Sumqayıt” “Sabah”a, “Keşlə” “Zirə”yə qarşı - BU GÜN

Aut.az