Atası Azər Əliyevi yaxın günlərdə Bakıya yola salacaq - MÜSAHİBƏ

Rusiyanın birinci divizionunda mövsümün yekunlarına əsasən "Krılya Sovetov” premyer-liqaya vəsiqə əldə etdi. Bu xəbərə sevinənlər təkcə hər oyunda sevimli komandalarını dəstəkləyən samaralılar deyildi. Onlar qədər azərbaycanlıların da üzü gülürdü. Bu da səbəbsiz deyil.

Çünki vaxtilə "Spartak”ın heyətindən tanıdığımız Andrey Tixonovun çalışdırdığı komandanın aparıcı üzvlərindən biri Azər Əliyev adlı soydaşımızdı. "Krılya Sovetov”un aşağı dəstədəki uğurlu çıxışında "10 nömrə”nin rolu az olmadı. 37 oyunda meydana çıxan yarımmüdafiəçi 4 qol və 10-a yaxın ötürmə müəllifi kimi azarkeşlərin rəğbətini qazandı.

Hazırda bizi maraqlandıran əsas məsələ Əliyevin qarşıdakı oyunlarda yığmada çıxış edib-etməyəcəyidi. Bildiyimizə görə, AFFA başbilənləri 1994-cü ildə anadan olan futbolçuya milli formanı geyməyi təklif etsələr də, tələsmək istəmədiyini deyərək, gözləməyi məsləhət görüb. Bu isə o deməkdi ki, Azərin Rusiya yığmasında çıxış etmək niyyəti var. Futbolçunun atası, həm də oğlunun menecerliyini edən şəxs İlqar Əliyevdi. Ata Əliyev "Futbol+” qəzetinə müsahibəsində bir çox məqamlara toxunub. Həmin müsahibəni sizə təqdim edirik: 

- Sizi də, oğlunuz Azəri də təbrik edirəm. "Krılya Sovetov” premyer-liqada mübarizə aparacaq.
- Çox sağ olsun, Allah razı olsun. Kim idi?

- Sizi Azərbaycandan, "Futbol+” qəzetindən narahat edirəm...
- (bir neçə saniyə pauza verdikdən sonra) Bildim. Nəsə olub?

- Heç nə olmayıb. Azərlə bağlı danışmaq istəyirdik.
- Nə barədə?

- Ümumi söhbətdi... Samaradasız?
- Xeyr, mən Krasnoyarskdayam. Biz burda yaşayırıq.

- Azər orda anadan olub?
- Biz Gürcüstan azərbaycanlısıyıq. Əslimiz Dmanisinin Bəzəkli kəndindəndi. Mən o kənddə doğulub, böyümüşəm. Amma Azər Bakıda anadan olub, 4 saylı doğum evində.

- Bəs Bakın nə vaxt tərk etmisiz?
- Hardasa 1998-99-cu illər idi. Onda Azərin 4-5 yaşı var idi. Uşaqlıq illəri Bakıda keçib, sonradan Krasnoyarskda böyüyüb. O vaxt Bakıda vəziyyət indiki kimi rahat deyildi. Nə qədər çalışsaq da, Bakı qeydiyyatına düşə bilmədik. Ona görə də Azərin doğum haqda şəhadətnaməsini gedib Gürcüstandan aldıq.

- Azər özünü haralı sayır: gürcüstanlı, azərbaycanlı, yoxsa rusiyalı?
- Tər-təmiz azərbaycanlıdı. Hər yerdə də bunu deyir. Biz Azərbaycan oğullarıyıq.

- Sizdə Azərbaycan pasportu var?
- Xeyr, yoxumdu. Məndə ancaq Rusiya pasportudu.

- Bəs Azərdə?
- Onda da həmçinin.

- Azərin işləri necə gedir?
- Allaha şükür, hər şey yaxşıdı. "Luç”la oyun üçün Vladivostoka gediblər. Ora da dünyanın o başıdı. Bu gün axşam gəlməlidilər.

- "Krılya Sovetov”da qalır?
- Bu gün üçün dəqiq söz demək çətindi. "Krılya Sovetov” Azəri saxlamaqda maraqlıdı. Hamı xətrini çox istəyir. Sadəcə, başqa təklifləri də var deyə qalıb iki yol ayrıcında. Seçim etmək istəyir. Görək də, nə deyəcək. Mən onun işinə müdaxilə etmək istəmirəm. Seçimi öhdəsinə buraxmışam. Sabah deməsin ki, ata, sən mənim karyerama ziyan vurdun. 

- Atanın içindən gələn hiss nə deyir?
- Məndən olsa, qalıb Tixonovla işləsin. Evə gəlsin, söhbət edək, görüm fikri nədi. 

- Niyə məhz Tixonovla?
- Çox yaxşı məşqçi və insandı. Azəri çox istəyir, ona dəstək verir. Adi bir nümunə göstərim. Premyer-liqaya vəsiqəni əldə etmişdilər deyə Samaradan Vladivostoka getməyin mənası qalmamışdı. Yəni ehtiyatda qalan futbolçularla gedib qayıda bilərdilər. Amma Tixonov buna qarşı çıxdı. Rəqibə hörmət etməli olduqlarını qeyd edib, hamını apardı. Düzdü, əsas heyət üzvləri zədə və xəstəlik üzündən səfərə çıxa bilmədi. Amma ümumi götürsək, hamı "Luç”la oyuna hazırlaşırdı. Bu cür keyfiyyətlərinə görə Tixonova böyük hörmətim var. Həm də futbolçu olduğu dövrlərdə də oyunu xoşuma gəlirdi. Özünü əsl lider kimi aparırdı. Məncə, Azər ondan çox şey öyrənə bilər.

- Başqa təkliflər dediz. Hansı komandalardandı?
- Premyer-liqanın top-klublarından 2-3 təklif var.

- Buna baxmayaraq, siz "Krılya Sovetov”da qalmasının tərəfdarısız?
- Böyük futbolçu olmasam da, futbolu yaxşı bilirəm. Bu gün top-klublardan təklif var deyə, bu o demək deyil ki, Azər orda daim oynayacaq, parlayacaq. Sabah ola bilsin ki, heyətə düşə bilmədi, adı heç "18-liy”ə salınmadı. Nə qədər bacarıqlı olsa da, elita təcrübəsi yoxdu. Digər tərəfdən ordakı ab-havadan xəbərsizdi. Amma "Krılya Sovetov”da özünü evindəki kimi hiss edir. Həm baş məşqçi onu çox istəyir, həm komanda yoldaşları, həm də azarkeşlərin sevgisini qazanıb. Əlbəttə, premyer-liqanın iddialılarında çıxış etməsi lap yaxşı olar. Lakin bunu pilləli şəkildə etmək lazımdı, birdən-birə yox.

- Azər azərbaycanca bilir?
- Azərbaycan dilini ruscadan yaxşı bilir. Ailədə hamı öz dilimizdə danışırıq. Azərin qulaq asdığı musiqilərin hamısı öz dilimizdədi. 

- Deməli, təmiz özümüzküdü...
- (gülür) Tər-təmiz. Adı da bizimdi, soyadı da, özü də.

- Bəs niyə millidə oynamaq istəmir?
- Mənim ən böyük arzum Azərin Azərbaycan yığmasında çıxış etməsidi. Oğlumu o formada görsəm, elə bil dünyanı mənə verərlər. 

- Özü nə düşünür?
- Açığı, özünün də həvəsi var. Sadəcə, içində qorxu, narahatlıq var. Deyir, ata, millidə oynasam, legioner sayılacam, sonra premyer-liqada oynamaq mənə çətin olacaq. İstər-istəməz ona ikinci dərəcəli gözüylə baxacaqlar. Razılaşın ki, hər yerdə üstünlük əsasən yerlilərə verilir. Təxminən 2 il əvvəl yığmada köməkçi işləyən Elxan Abdullayev bura gəlmişdi. Söhbət etdik, amma Azər tələsmək istəmədiyini dedi. İndi baxıram ki, düz edib. Bəlkə də o vaxt millini seçsəydi, indi "Krılya Sovetov”da olmazdı, premyer-liqaya yüksəlməzdi. Legionersənsə, səni hər yerdə sıxırlar, daha artığını tələb edirlər, daim təzyiq altında olursan.

- Sonu necə olacaq?
- Premyer-liqada yerini bərkitmək, iddialı komandaların birində özünü sübut etmək istəyir. Ondan sonra problem olmaz, məncə.

- Problem onda olacaq ki, Rusiya millisindən təklif gələcək, Azər də dəyərləndirəcək. Bununla da Aleksandr Səmədovun yolu ilə getmiş olacaq.
- Mən istərdim ki, Azərbaycan yığmasında oynasın, nəinki Rusiya millisində. Bu mənim üçün fəxr olar.

- Bir məqam da var ki, 24-25 yaşlı birini nəyəsə məcbur edə bilməzsiz.
- İstəsəm, edərəm, həm də necə. Sadəcə, qorxuram ki, sabah ortaya hansısa problemlər çıxar, futboldan soyuyar, uzaqlaşar. Bunu özümə bağışlaya bilmərəm. Allah haqqı, qorxduğum tək şey budu. Yoxsa günü sabah Azərbaycana gəlib, razılıq verər. Azər bu səviyyəyə öz zəhməti ilə yüksəlib. Ona görə də məcbur etməyi düzgün saymıram.

- Yalnız Elxan Abdullayevlə görüşmüsüz. Vəssalam?
- 3 ildə mütəmadi telefon danışıqlarımız olub. AFFA-da İslam Abbasov var, tez-tez zəng vurur. Sağ olsunlar, Azərbaycandan maraqlananlar çoxdu.

- Nəslinizdə futbolçu olub?
- Mən özüm yaxşı oynamışam (gülür). Amma Rusiya premyer-liqasında yox, rayonlararası, kəndlərarası birinciliklərdə. Həvəskar səviyyədə olsa da, məktəbdə ən güclü sayılırdım. Ən böyük arzum futbolçu olmaq idi. Hamı deyirdi ki, İlqar böyük futbolçu olacaq. Amma alınmadı. Azərin sayəsində arzuma çatdım.

- Futbolçu olmağı Azər özü istədi, yoxsa siz yönəltdiz?
- Yox-yox, mənlik bir şey olmadı. Cavanlıqda bir oyunu buraxmazdım. Bakıdakı oyunlarda stadionlara gedirdim, televiziyada göstərəndə matçdan bir saat əvvəl televizorun qarşısında otururdum. Bir dəftərim vardı, dünya və Avropa çempionatlarındakı nəticələri ora yazardım. Azərin 2-3 yaşı olanda axşamlar Çempionlar Liqasının oyunlarına baxırdım. Futboldan əvvəl yatızdırırdıq ki, rahatlıq olsun. Oyunun gedişində bir də baxırdım ki, gözlərini ova-ova yanıma gəlib, üzümə baxır. Soruşurdum, ay bala, nə oldu? Əliylə divanı göstərirdi ki, məni yanında oturt. Mən sevinəndə sevinirdi, təəssüflənəndə təəssüflənirdi. O vaxtdan hiss edirdim ki, bu uşaq futbolçu olacaq.

- Futbola Bakıda başladı, yoxsa Krasnoyarskda?
- Burda başladı. Məhəllədə özündən 3-4 yaş böyüklərlə oynayırdı və aralarında ən yaxşılardan sayılırdı. Hamı deyirdi, futbola yazdır, məhəl qoymurdum ki, hələ tezdi... Bir dəfə azərbaycanlı və rus dostlarla yığışıb futbol oynamağa getmişdik. Azəri də özümlə aparmışdım ki, top daşısın. O vaxt 6 yaşı vardı. Rəqibin heyətində bir nəfər çatmadı deyə Azəri götürdülər. Sən demə, rus dostlarımızdan biri məşqçi imiş, mənim də bundan xəbərim yoxdu. Həmin oyunda Azərin hərəkətlərinə fikir verər, gözaltı edər. Oyundan sonra yaxınlaşıb, mənimlə soğru-sual etdi. Əl çəkmədi ki, bu uşağı mənə ver, rəhbərliyim altında oynasın. Ertəsi aparıb futbola yazdırdım. Beləcə, futbol həyatı başladı.

- Azərbaycana gəlib-gedirsiz?
- Əlbəttə. İldə bir-iki dəfə gəlib-gedirik. Elə dünən atamı Bakıya yola saldım. Getsin, bir ay dincəlib gəlsin. Atam bizimlə qalır, yayda Bakıya gedib qayıdır.

- Azərbaycanda yaxın qohumlarınız var?

- Düzü, ən yaxınlarımın hamısı Krasnoyarskdadı. Atam, bacılarım, qardaşlarım. Bakıda bibim oğlanları, dayım uşaqları yaşayır. Yeri gəlmişkən, ola bilsin, yaxın günlərdə Azəri də Bakıya yola saldım. Nə qədər ki, fasilə dönəmidi, gedib istirahət eləsin.
 
Mənbə: "Futbol+" qəzeti
Tarix: 15 May [13:30]
Oxunub: 97 dəfə
Müəllif: Aut.az

Elxan Məmmədovun sayəsində ¾

Aut.az

145 gündü...

Aut.az

"Qarabağ" - "Vorskla": nə qədər bilet satılıb?

Aut.az

AFFA “Qarabağ”ı necə boğur?

Aut.az

"Qarabağ" azarkeşlərə müraciət etdi

Aut.az

Azərbaycan millisi Norveçə böyük hesabla uduzdu

Aut.az

AFFA baş məşqçini 5, 4 futbolçunu isə 9 oyunluq cəzalandırdı

Aut.az

"Qarabağ"ın protokol olayının bir tək günahkarı Vaqif Sadıqovdu

Aut.az

Rəşad Sadiqov Premyer Liqada məşqçi dəyişir?!

Aut.az

Öncə Qurban Qurbanov, sonra Saçko

Aut.az