“Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov

BİRİNCİ HİSSƏ
Qurban Qurbanovla söhbətimiz uzun çəkdi - hardasa 4 saata yaxın.  Müsahibəyə bu faktı qabartmaqla başlamağım təsadüfi deyil. Ona görə ki, Q.Qurbanovu şəxsən tanımayanların, daha çox isə efirdən görənlərin bir qismində yanlış olaraq belə fikir formalaşıb ki, o, danışıb-dinməyən, qaraqabaq adamdı. Amma bunların əksinə olaraq, yetərincə maraqlı, yumor hissi olan, bütün sualları səbrlə dinləməyi bacaran və o suallara özü lazım bildiyi an tutarlı da cavab verən, yeri gələndə isə diplomatik ustalıqla qaçmağı bacaran biridi.
 
"Qarabağ"ın və millinin baş məşqçisi ilə söhbətimizdə daha çox ictimaiyyətin bilmədiyi, yaxud bilmək istədiyi məsələlərdən danışmağa çalışmışıq. Düzdü, söhbət uzun alınıb, amma Qurban Qurbanov da hər dəfə belə danışmır.

***
- Bizim idman jurnalistlərinin çoxu sizin xətrinizi hər nə qədər çox istəsə də, gileyləndikləri anlar da az olmur. Ən çox da bilirsiniz nədən? Deyirlər, Qurban Qurbanov ya qapalıdı, ya da bütün suallara elə üzdən cavab verir. Mənsə sizi uzun illərdi şəxsən tanıdığım üçün belə düşünmürəm. Amma istənilən halda bu sualı verməli olacağam: niyə siz şəxsi söhbətlərdə açıq birisiniz, amma ictimaiyyət arasına çıxanda qapalı olursunuz?
- Mənə elə gəlir ki, siz əvvəlcə bütün jurnalistlərlə bir yerə yığılıb, məsləhətləşdikdən sonra bura gəlmisiniz (gülür). Nə narazılıqları, etirazları varsa, hamısını sənə çatdırıblar. Qapalı biri olduğumu deməzdim. Olur ki, müsahibələrdə suallara bəzən ətraflı cavab vermirəm. Çünki hansısa məsələnin açıqlanmaması daha məntiqəuyğundur. Amma yenə də konkret nədən gileylənirlər, açığı bilmirəm.
- Aydınlaşdırım. Çox adam görür ki, sizin xarici həmkarlarınız, məsələn, Antonio Konte, Yurgen Klopp müsahibələrində, mətbuat konfranslarında nəsə tikanlı sözlər deyir, kimisə tənqid edir. Amma sizin kimisə tənqid etdiyinizi görən və eşidən olmayıb, əgər olubsa da, çox azdı.
- Hər insanın öz xarakteri var. Açığı, mən elə həyatda da kimisə tənqid etmək istəmirəm. Biz öz ətrafımıza hörmətlə yanaşmalıyıq. O insanlarla  daim görüşüb, ünsiyyətdə oluruq. Kimisə tənqid etməyi sevmirəm. Yəqin ki, hansısa baş məşqçini, komandanı tənqid etməməyimi nəzərdə tutursunuz. Belə fikir bildirmək istəmirəm. Çünki prinsiplərimdən biri də budu ki, ilk növbədə daha çox özüm, öz komandam haqda düşünüm. Tənqid edəndə isə üzdə olmasa da, daxildə komandamı tənqid edirəm.

- Xaraktercə qalmaqala meylli insan deyilsiniz.
- Bəli, qalmaqaldan uzaq olmaq istəyirəm. Digər tərəfdən elə bir insan yoxdu ki, səhv edəndə, uğursuzluq olanda bundan narahatlıq keçirməsin, özünü tənqid etməsin.
- İspaniyada Joze Mourinyo və Pep Qvardiola arasında bəzən mübahisələr, münaqişələr yaşanırdı. Yaxud elə həmin Mourinyonun İngiltərədə də Arsen Vengerlə oxşar problemləri olur. Təbiətcə sakit insan olan Qurban Qurbanov dəliqanlı həmkarlarının bu cür davranışlarını necə qarşılayır? 
- Qvardiola – Mourinyo, Venger – Mourinyo. İki dəfə Mourinyonun adını çəkdin. Yəni bu, bir nəfərə görə olan bir hadisələrdir.
- Problem Mourinyodadır?
- Problem deməzdim, görünən odur. Amma ola bilər ki, kimsə də mənə xoş olmayan bir fikir bildirsin.
- Fərz edək ki, “Qarabağ” avrokuboklarda “Mançester Yunayted”ə rəqib olub. Oyunun gedişatında, yaxud mətbuat konfransı zamanı Mourinyo sizi qıcıqlandıran nəsə deyir. Sizin buna reaksiyanız necə olar?
- Onlarla hələ qarşılaşmamışıq. Amma kimlərlə üz-üzə gəlmişiksə, hələ belə bir vəziyyətlə rastlaşmamışam.
- Məşqçilərdən söhbət düşmüşkən, adətən nəzakət qaydaları var ki, oyun bitəndə onlar bir-biri ilə görüşüb, sağollaşır, yaxud təbrik edir. Amma mən Madriddə şahidi oldum ki, “Qarabağ”la oyundan sonra “Atletiko”nun baş məşqçisi Dieqo Simeone sizə yaxınlaşıb, görüşmədi.
- Mən ümumiyyətlə, insanları başa düşməyə çalışıram. Çünki hər birimiz o situasiyaya düşə bilərik. Məğlubiyyət, önəmli xal itkisi elə şeydir ki, hər an səni özündən çıxara, fikrini yayındıra bilər. Simeoneni başa düşürəm. “Atletiko” bu gün Avroliqanın finalına vəsiqə qazansa da, iki oyunda “Qarabağ”a qalib gələ bilməyib, Çempionlar Liqasında mübarizəni erkən dayandırıb. O insanın halını başa düşmək olar. Ola bilər ki, matçdan sonra əsəblərini cilovlaya bilmirdi. Amma bizim klub olaraq onlarla normal münasibətimiz oldu.
- Xaricilərdən bizim məşqçilərə gələk. Azərbaycanda yeganə məşqçi rəhmətlik Böyükağa Hacıyev idi ki, “Qarabağ” tərəfə, şəxsən sizin özünüzə bəzən tikanlı atmacalar atırdı.
- Məsələn?
- Onunla Antalyada, təlim-məşq toplanışı zamanı müsahibəm vardı. Bu o vaxt idi ki, “Qarabağ” birinci, “Neftçi” isə ikinci yerdə idi. Bir-iki sual verdim, özündən çıxdı. Sonra zarafatla dedi ki, “Qurban gözləsin, mən mövsümün sonunda ona göstərəcəm”. Bu müsahibə Qol.az-da da yayımlanıb. Həmin mövsümün sonunda “Neftçi” çempion oldu.
- Mən inanmıram o, elə söz desin. Yəni, özünüz də bilirsiniz ki, bizim Böyükağa müəllimlə münasibətlərimiz necə olub. Qeyd elədin ki, zarafatla belə bir fikir deyib. Amma mən kiməsə atmaca atıb, bununla da özümü rahat hiss edə bilmərəm. Mənim təbiətimdə belə bir şey yoxdur. Hətta mən öz ətrafımla da zarafat edəndə çox ehtiyatlı davranıram. Zarafat da ola bilər ki, kiminsə xətrinə dəysin.
- Zarafatlarınızdan inciyən insanlar olub?
- Hər halda olmamış olmaz. Çünki özüm də bəzi zarafatlardan incimişəm.
- Çox adamın yaxın olduğu bir-iki nəfərlə möhkəm zarafatları olur. Sizin daimi zarafat etdiyiniz insanlar cəmiyyətdə tanınan adamlardı, yoxsa necə?
- Açığı, belə çox da zarafat eləmirəm. Belə deyək, son vaxtlar zarafatım komplimentlə bitir. Elə mənim zarafatım komplimentsayağı olur (gülür).
- Sizdən gileyli jurnalistlər də son vaxtlar etdiyiniz zarafatlara görə, deyirlər ki, Qurban müəllim artıq danışmağa başlayıb. Deyəsən, xoşlarına gəlib.
- Komplimentlər demişəm, hə? (gülür)
- Yəqin ki.
- Sağ olsunlar.
- Biz daha bu zarafat söhbətlərini qoyaq bir kənara, gələk ciddi mövzulara. Hazırda “Qarabağ”la yanaşı millini də çalışdırırsınız. Həm də iki fərqli rəhbərliklə işləyirsiniz. Onların arasında futbola baxış fərqi çoxdumu?
- Fərqləndirmək istəmərəm. Düzgün də olmaz. 10 ilə yaxındır “Qarabağ”dayam, millidə fəaliyyətə başlamağım isə hələ 3 aydı. Nə də etsən, nə düşünsən, sonda hamının fikri eyni olur. Əlbəttə ki, nəticə, kollektiv, problemləri yoluna qoymaq və sair. Ancaq bir şey var ki, necə ki, bizim klub rəhbərliyimizlə münasibətimiz qaydasındadır, AFFA rəhbərliyi ilə də elədi. Milli komandaya da nə lazım olsa, bunu sərbəst bir şəkildə, hətta uzaqda -ölkə xaricində də olsalar belə, telefon vasitəsi ilə danışmaq səlahiyyəti verilib. Azərbaycandan kənardadı deyə, danışa, müzakirə apara bilmərik kimi fikir yoxdur. Bu da çox önəmlidir. Elə vaxt olub ki, axşam saat 11-də bizim telefon danışığımız baş tutub. 


Fotolar: Ramin Aslanov
- Adətən, belə danışıqlarınız Rövnəq Abdullayev, yoxsa Elxan Məmmədovla olur?
- Daha çox Elxan Məmmədovla. Yəni, bu cür münasibətlər qurulub. Biz istədiklərimizi, düşündüklərimizi bir ayın, beş ayın içində həyata keçirə bilmərik. Klub elədir ki, gündəlik iş rejimindəsən. Milli komandada isə il ərzində 3-4 dəfə yığışıb, 5-10 gün birlikdə oluruq. Münasibətlərimiz çox rahat və azaddır.
- Sizin təyinatınızdan əvvəl belə fikirlər vardı ki, AFFA-da müəyyən adamlar neçə illərdi Qurban Qurbanovun milliyə gəlməyinə qarşı çıxıb.
- Aydın, mən ümumiyyətlə, “belə bir şey var, belə deyiblər” tipli söhbətlərə fikir vermirəm. Həmişə hər şeyə real baxıram. Dəqiq cavabı o zaman verirəm ki, bəli, özüm buna şahid olmuşam, ya da şəxsən eşitmişəm. Açığı, mən çox da tərif etməyi xoşlamıram. AFFA-da iş otağım 5-ci mərtəbədədi. İndiyədək federasiyada - ilk ayaq basdığım birinci mərtəbədən ta beşinci mərtəbəyə kimi - məni normal qarşılamayan olmayıb. Qapıda duran mühafizəçidən başlayaraq bilirsən ki, sənə necə salam verir, necə qarşılayırlar. Elə bir şəxs görməmişəm ki, ondan özümə qarşı antipatiya hiss edim. Ona görə mən sizə necə fikir bildirə bilərəm ki, mənə qarşı orda qruplaşma olub və sair. Mən ümumiyyətlə, belə şeylərin tərəfdarı deyiləm. Bənzər suallar mənə “Qarabağ”a gələndə də verilirdi. Deyirdilər, “ağdamlılar istəmirlər, Qurban orda olsun” və yaxud “müəyyən qrup istəmir” filan.  Özünüz də fikir vermisiniz ki, mən nəyəsə fikir verməmişəm. Ona görə bu şeylərə o qədər də önəm vermək istəmirəm. Məni çox da maraqlandıran söz-söhbətlər deyil.
- “Qarabağ”da çalışdığınız vaxtlara toxundunuz. Fəaliyyətinizin ilk illərində tribunalarda sizinlə bağlı istefa şüarları səslənmişdi. Hətta o vaxt siz açıq şəkildə demişdiniz ki, istefa vermək fikrindəsiniz.  Bəs, o ərəfədə sizi kim fikrinizdən daşındırıb “Qarabağ”da saxladı?
- Hər bir halda, bütün qərarları rəhbərliklə birgə vermişik. Etirazım da, narazılığım da olsa, rəhbərliklə müzakirə edib, razılaşmışıq, bir-birimizi başa düşmüşük.
- 10 ildir “Qarabağ”da çalışırsınız. Bu müddətdə rəhbərliklə fikir ayrılıqları olub?
- Ola bilməz ki, olmasın. Mən sizə nə olub, onu deyə bilmərəm. Amma inanmıram ki, elə bir sahə, iş yeri olmasın ki, orda fikir ayrılıqları yaranmasın. Fikir ayrılıqları deyəndə ki... Məsələn, sən deyirsən ki, jurnalistlər mənim qapalı biri olduğumu düşünür, amma mən sənin kimi düşünmürəm. Sonda isə bir-birimizi başa düşürük. Klubda da mütləq belə hallar olub. Ancaq sonda çalışmışıq ki, ən doğru qərarı verək.
- Çox insan bir yerdə uzun müddət çalışanda sıxılır, mühitini dəyişmək istəyir. Bəs, sizdə bu 10 illik müddətdə “Qarabağ”dan getmək fikri olubmu? Ya ölkə xaricinə, ya yerli kluba...
- Mənim ən çox narahat olduğum məsələ buradan getmək yox, buradan nə vaxtsa uğursuz getməkdir. Və bu adı bir azərbaycanlı kimi həmişə qoruyub saxlamaq istəmişəm. Bu, çox vacibdir. Eyni qaydada bu narahatlıq məndə milli komandaya görə də var. Milli komanda, “Qarabağ” – yəni, bundan o tərəfi yoxdur. Bu gün mən bu ikisini bir-birindən ayırmaq istəmirəm. Öz üzərimdə də böyük məsuliyyət hiss edirəm. Narahat olduğum odur ki, belə bir işdə uğursuz olum və buna görə fəaliyyətimi dayandırım. Amma onu da deyim ki, məndə heç vaxt “Qarabağ”dan getmək kimi bir fikir olmayıb. “Bundan daha yaxşı təklif olsa, gedərdim” kimi fikirlər məndə yaranmayıb. 

- Amma sizə təkliflər olub yəqin ki..
- Nə yalan deyim, ciddi bir təklifim olmayıb. Ölkə xaricindən olmayıb, yerli klublardan isə heç kim bura addım atmaz ki, Qurbanı “Qarabağ”dan ayıraq.
- Hər halda  “Neftçi”, “Qəbələ” kimi klublardan sizə təklif olmayıbmı? Çünki onlar həm maddi olaraq sizə imkanlar yarada bilər, həm də şəraitinə görə. Həm də yadımdadı ki, bir ara “Neftçi”nin sizinlə maraqlanması haqda da xəbərlər yayılmışdı.
- Yenə deyirəm, olmayıb. Mən bəzi klub rəhbərləri gördüm ki, onların çoxu “Qarabağ”ın uğurlarının daha artıq olmasını istəyir. Ad sadalamaq istəmirəm, amma bəzi klub rəhbərləri ilə yaxın münasibətim var. Onların çoxu deyib ki, sənin “Qarabağ”da qalmağın daha yaxşıdır.
- Özünüz də yaxşı bilirsiniz ki, AFFA-nın indiki fəaliyyətindən milli komandaların uğursuz nəticələrinə görə futbol ictimaiyyətində kütləvi narazılıq var. Sizə ümidin olmasına baxmayaraq, bu gün də o narazılıqlar davam edir. Siz AFFA rəhbərliyi ilə görüşəndə ilk tövsiyəniz nə oldu?
- Bu, belə bir şeydi ki, mən tövsiyə etdim, onlar qəbul etdi, ya da onlar dedi, mən qəbul etdim, kimi fikirlər bildirmək düzgün olmaz. AFFA tam fərqli bir qurumdur. Dediyim kimi, ordakı insanlarla lazım olduqca görüşə və bəzi müzakirələr apara bilirik. Bu tövsiyə məsələsi haqda nəsə desəm, iş prinsiplərinə uyğun olmayan fikirlər olar. Amma bir şeyi deyim ki, futbolu yaxşılaşdırmaq üçün bizim çox müzakirəmiz olur. Düşünməyin ki, bu, bir günün, üç günün ərzində düzələn şeylərdi. Mən bunların hamısını desəm ki, aramızda nə söhbətlər olub, AFFA hansı axtarışlar edib, nələrə əl atıb və s. çox böyük mövzu olar, mənim də açıqlamağım düzgün olmaz. Bu gün rəhbərliyin, görüşdüyümüz hər kəsin bir fikri var ki, futbol ildən-ilə daha yaxşıya doğru getsin. Ola bilər ki, bu gün biz məğlub olaq, istədiyimiz nəticəni qazanmayaq. Amma aşağıdan işi elə qurmaq istəyirik ki, sabah qazandığımız uğur daimi olsun.
- Aşağı deyəndə uşaq futbolunu nəzərdə tutursunuz?
- Təkcə o deyil. Çox detal var. Bu günə kimi necə gəlibsə, indi daha da yaxşılaşdırmağa doğru getmək istəyirik.
- Diqqətimi bir məqam çəkdi. Siz gələndən sonra milli komandaların bütün yaş qruplarına dəvət alan legionerlərin sayı xeyli azalmağa başlayıb. Bu da ictimaiyyətdə razılıq doğurur. Amma yenə də xüsusilə, aşağı yaş qruplarına legionerlər cəlb olunur. Sizin baxışınız necədi bu məsələyə? Deyək ki, U-17 millisinə legionerin dəvət olunması nə dərəcədə doğrudur?
- Məni ümumiyyətlə, narahat edən cəmiyyətimizdə, bir çox sahədə işə peşəkar münasibətin, sevginin azalmasıdır. İstəyir, bizim futbolçular küssün məndən, incisin, amma bu gedişlə bizi çox böyük problemlər gözləyir. Və mənim Qurban olaraq bundan çox narahatlığım var. Bu günə kimi heç yerdə bu haqda danışmamışam. Milli komandaya gələndən sonra yerli futbolçularımıza diqqəti daha da çoxaltmışam. Onlara daha yaxın olmuşam. Bu gün məndə ciddi narahatlıq, hətta narazılıq var ki, bizim futbolçuların böyük əksəriyyəti, 70 faizimi deyim, 75 faizimi deyim, mənim gördüyüm, düşündüyüm kimi öz işini sevmir, öz işinə ciddi yanaşmır. 
- Rəqəmin belə böyük olduğunu təsəvvürümə gətirməzdim!
- Mən ayrıseçkilik etmirəm, amma legioner futbolçunun öz yeri var, yerli futbolçunun öz yeri. Cavan futbolçularımıza demişəm ki, peşəkarlığı legioner futbolçulardan öyrənin. Görün, onlar öz işini nə cür sevir, nə cür yanaşırlar. 

- Legionerlərin futbol sevgisi necədi ki, Qurban müəllim?
- Hər zaman narahatdılar və qorxurlar ki, sabah heyətə düşməzlər və yerinə başqa futbolçu cəlb olunar.
- Belə başa düşdüm ki, bizimkilərdə işə məsuliyyətsiz yanaşma var.
- Deməzdim ki, məsuliyyətsiz yanaşma var. Sadəcə, əcnəbi futbolçular öz üzərlərində daha çox çalışırlar. Onlar daha çox futbolla yaşayırlar, nəinki bizimkilər. Bunları niyə deyirəm? Çünki bunu hamı düşünməli və narahat olmalıdı. Bu, təkcə futbolçunun özü ilə bağlı bir şey deyil. Həm öz komandası, həm onun valideynləri, dostu, tanışı, ətrafı, yaxını – futbolçunu məcbur etməli, ona kömək olmalıdılar. Çox insan görmüşəm ki, dostluğa sadiqdir. Buna bir söz demirəm. Amma o sadiqliyə görə öz peşəsini, futbolunu itirməli deyil.  Bura onların yaşayış tərzi, ailəsinə olan münasibəti, futbola və öz ətrafına ayırdığı vaxt da daxildir. Əvvəllər daha yaxşı idi, nəinki indi.
- Bu dediyiniz problemlər daha çox gənc futbolçular arasındadı, ya ümumi?
- Yerli futbolçuların sayı elə də çox deyil. Ümumiyyətlə, hər klubda 5-6 yerli futbolçu çıxış edir. Bu da ümumən 35-40 futbolçu deməkdir. Bir şey də deyim. Bu o demək deyil ki, həmin futbolçular düzgün yolda deyillər. Ümumən normal həyat yaşayırlar. Vaxtında məşqə gəlir, hazırlıq keçir, sonra dost-tanışı ilə gedir bir yerdə oturur. Amma düşdükləri mühit onlara futbolu unutdurur. Bundan sonra futbolçu futbol haqda az düşünməyə başlayır.
- Elə bu məsələlərə görə siz “Qarabağ”ın oyunçularını nəzarətdə saxlayırsınız? Bu haqda ilk dəfə bir müddət əvvəl mənimlə müsahibədə Rəşad Sadıqov danışmışdı. Bu günlərdə sizin keçmiş futbolçunuz Dino Ndlovunun da Rəşadın fikirlərini təsdiqləyən açıqlaması oldu. Maraqlı bir fikir səsləndirmişdi ki, onu burda təkrarlamaq istəyirəm: “Qurban Qurbanov rahatlıqla futbolçularından evə nə vaxt gəldiyini və gecəni harda keçirdiyini soruşa bilər. Futbolçunun nə cavab verəcəyi isə önəmli deyil. Onsuz da hər şeyi bilir”. Həmin açıqlamadan mənə elə gəldi ki, siz sanki öz “KQB”nizi, yaxud gizli bir təşkilat yaradıb, futbolçularınızın məşqdən sonrakı həyatına daim  nəzarət edirsiniz.
- Açığı, hər hansı təşkilat yaratmamışam (gülür). Amma Bakı kiçik şəhərdi. İstədiyin insana nəzarət edə bilərsən. Çünki hər yerdə tanışlarımız, dostlarımız var. Əlbəttə ki, əlavə də bu işlə özləri maraqlanan insanlar var.
- Könüllü şəkildə?
- (pauza) Könüllü, könülsüz... (gülür). Yəni bu bir az başqa məsələdi. Mənim bir düşüncəm var. Kim milli komandanı, Azərbaycan futbolunu təmsil edirsə, onlar bunun məsuliyyətini hiss etməlidilər. Mənim üçün bu gün hər iki komandada işləmək çox ağırdı. Həm “Qarabağ”, həm milli komanda elə bir yerdi ki, burada mən vaxt keçirmərəm. Bu işə məsuliyyətsiz yanaşsam, bir azərbaycanlı kimi özümü bağışlaya bilmərəm. İstəyirəm ki, bizim futbolçular bunu dərk eləsinlər. Futbolçuların da hansıyla oturub, söhbət eləyəndə, ümumən onların heç birinə etirazım yoxdur. İnsani keyfiyyətlərindən xoşum gəlir. Söhbət edib, baxacaqsınız ki, bunlardan yaxşı, saf insanlar yoxdur. Mən bir qardaş, müəllim, dost kimi üzərimə düşəni edirəm. Bizim cəmiyyət bir az başqa cür formalaşmağa başlayıb. Bununla mübarizə aparmağa da hər gəncin gücü çatmır. Ona görə də mən onları nəzarətdə saxlamalıyam. Tək mən yox, hamı nəzarət etməlidir. Bir dəfə mən müsahibədə o cavanların hətta ailələrinə öz fikrimi çatdırmışdım ki, onlar özləri övladlarına kömək olmalıdılar.

- Mahir Mədətovun atasını qeyd etmişdiniz.
-Mən tövsiyə edirəm həmişə. Elə bir valideyn tanımıram ki, öz övladına inanmasın, güvənməsin. Amma iş orasındadır ki, futbolçu var ki, özü düşünmədən, bilmədən gedib başqa həyat formalaşdırır. Yenə deyirəm, siqaret çəkmir, içki içmirlər. Kimi də dindirirsən, dost-tanışımlayam deyir. Bu gün haradasa bir saat,  sabahı üç saat oturur və bir də gözünü açır ki, artıq səhər saat 5 olub.
- Bu hallar “Qarabağ”ın yerli oyunçularında da var deyə, siz artıq belə narahat olmağa başlamısınız.
- Mən var deyə fikir bildirə bilmərəm. Məni narahat edir. Hər şey ora doğru gedir. Biz bunların qarşısını almalıyıq. Əsas da futbolçuya öz yaxınları nəzarət etməlidir.
- Siz deyirsiniz ki, futbolçu ancaq futbolla yatıb, futbolla da dursun?
- Başqa cür mümkün deyil. Başda mən olmaqla, biz öz işimizə həddindən artıq çox vaxt ayırmalıyıq. Əgər biz bu məsuliyyətin altına girmişiksə, bizə güvənirlərsə, birinci özümüzü doğru aparmalıyıq, iş başında olmalıyıq. Açığı, mən bəzən evə gedəndə çox olub ki, evdəkilər - uşaqlar yatıblar. Səhər çıxmışam, axşam gec qayıtmışam. Əsas da milliyə gəldikdən sonra. Biz mütləq şəkildə Azərbaycan futbolçularından ibarət yaxşı bir ailə, kollektiv yaratmalıyıq. Buna da hamı kömək etməlidir. Bu gün Qurban yaxşıdı deyə, bütün gecəni onunla oturum, söhbət edim, gün keçirim, belə olmaz, olmamalıdı. Bu, birbaşa həmin adamın özünə, karyerasına ziyandı. Bizim, Azərbaycan futbolunun bir-birinin köməyinə ehtiyacı var. Onsuz da indi 3-5 yaxşı futbolçumuz qalıb. İnşallah, düşünürəm ki, millidə ən azından, 15-20 bir-birimizə yaxın, dost-qardaş olan bir qüvvəmiz yaranacaq. Mən buna əminəm. Neçə dəfə görüşlərimiz oldu futbolçularla. Hiss edirəm ki, mənim onlarla görüşümdən, söhbətimdən sonra yaxşıya doğru dəyişikliklər olur. Amma bu gün bu, azdır. Biz daha tez, yaxşı addım atmaq istəyiriksə, bir az da bərkiməliyik.
- Dediyiniz problemlə bağlı klubların baş məşqçiləriylə hər hansı müzakirəniz olub?
- Mən ümumiyyətlə, xoşlamıram ki, məşqçiylə futbolçusu haqda müzakirə edim. Çünki hər bir futbolçunu özüm də tanıyıram. Arada olur ki, görüşümüz olanda bəzi məşqçilərlə söhbətlər edirik. O, bizim, mən onların futbolçuları ilə maraqlanıram. Amma futbolçunun sırf xarakteri, yaşam tərzi barədə o qədər də dərinliklərə getməyi xoşlamıram.
İKİNCİ HİSSƏ SABAH
 
Söhbətləşdi: Aydın BAĞIROV
Tarix: 7 May [14:20]
Oxunub: 471 dəfə
Müəllif: Aut.az

Kafu Bakıda “Qarabağ”dan danışdı - Müsahibə

Aut.az

Çox şeyi təzədən başlamaq lazımdı - Qurban Qurbanov

Aut.az

Nazim Süleymanov hədəfini açıqladı: Avroliqaya vəsiqə...

Aut.az

“Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov

Aut.az

“Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov

Aut.az

Ramin Quliyev: «Qurban Qurbanovun oğlu olduğu üçün Musanın kapitan seçilməsi haqqında deyilənlər boş söz-söhbətlərdi»

Aut.az

Qurban Qurbanov: "Sumqayıtda çempionluğu təmin etməyi hamımız istərdik"

Aut.az

Sərxan Abışov: "Məqsədimiz Moskvada ölkəmizi layiqincə təmsil etməkdi" - MÜSAHİBƏ

Aut.az

Emin Quliyev: “Şişiblər”, adam tanımırlar - MÜSAHİBƏ

Aut.az

Cavid Hüseynov Rasim Əliyevin öldürülməsi ilə bağlı ilk dəfə BÜTÜN GİZLİNLƏRİ AÇDI - MÜSAHİBƏ

Aut.az