Emin Quliyev: “Şişiblər”, adam tanımırlar - MÜSAHİBƏ

Veteran futbolçu Emin Quliyevin müsahibəsi
 
Bir ara “Mançester Yunayted Futbol Məktəbi”ndə çalışdınız. Hazırda nə işlə məşğulsunuz?
- Bir aya yaxındı “Mançester Yunayted Futbol Məktəbi”ndən çıxmışam. Heç bir işlə məşğul deyiləm. Fikrim var ki, basketbola yazılım, məşqlərə qatılım. Başqa nə əlacım qalıb? Futbolda yer yoxdusa, gərək basketbola gedim və ya güləş müəllimi işləyim.
 
 
- Kənarda qalmağınızın səbəbini nədə görürsünüz?
- Bir səbəb görə bilmirəm. Özümdə səhv axtarmaq üçün əsas olmalıdı. Gərək şans versinlər, mən də deyim ki, imkan yarandı, bacarmadım.
 
- Bəlkə vaxtında kiminsə “toyuğuna kiş dediyiniz” üçün kənardasınız?
- Ola bilər. Bunu etmişəmsə də, doğru olduğu üçün “kiş” demişəm. Bəlkə də, biliblər ki, sözü deyən adamam. Yan-yörəmdəki adamlar da mənə deyiblər ki, get, filankəsin “toyuğuna kiş de”. Həmin vaxt arxamda dayandığını deyənlər indi hardasa işləyirlər, mən isə bir sözün güdazına gedirəm.
 
- Həmin vaxt irəli atıldığınız üçün indi özünüzü qınamırsınız?
- İstənilən halda, doğru bildiyim hərəkəti etmişəm. Boş yerə kimisə incitməmişəm. Mənim xasiyyətim belədi: dəymə mənə, dəyməyim sənə. Bəlkə də, düzə “əyri” deyə bilmədiyim üçün vəziyyət belə gətirib.
 
- Sizinlə yanaşı, bir çox tanınmış futbol adamı hazırda işsizdi. Bunu klubların azlığı ilə əlaqələndirənlərlə razısınız?
- Xeyr, məncə, bununla bağlı deyil. Klubların sayı normal olanda da belə idi. Ürəyindən keçən düşünər ki, bu insanın futbolda az-çox xidməti olub, sevimli peşəsindən kənarda qalmasın.
Ad çəkməyim, oxuyan özü söhbəti “tutacaq”. Birlikdə çörək kəsdiyin adam bir hərəkətlə bunun hamısını yerə vurur.
- Uzun illər millinin formasını geyinmisiniz, iddialı klublarda çıxış etmisiniz. İndi düşdüyünüz duruma baxanda futbola gəldiyiniz üçün peşmanlıq hissi keçirmirsiniz?
- Açığı, hərdən bəzi haqsızlıqları görəndə çox peşman oluram. Təkcə işsiz qalmağımla bağlı deyil. Başqa səbəblər də var, onları açmaq istəmirəm. Bir söz də deyim ki, futbol adamlarının çoxu xasiyyətcə dəyişilib, bilmirəm nə məsələdi. Bəlkə də, “şişiblər”, vəzifələri artdığı üçün ayaqlarının altını görmürlər. Adam da tanımırlar. Ad çəkməyim, oxuyan özü söhbəti “tutacaq”. Birlikdə çörək kəsdiyin adam bir hərəkətlə bunun hamısını yerə vurur. Məcbur olub, ona “kres” qoyursan. Buna da adamın heyfi gəlir. Neçə il bir yerdə duz-çörək kəsəsən, bir bayraq altında çıxış edəsən, axırda da belə...
 
- Bəs futbol sahəsində dostluq etdiniz kimsə varmı?
- Alim Qurbanov və Zaur İsmayılovla yaxın dostam. Bir də köhnə uşaqlarla zəngləşirik, arada görüşürük.
 
- Futbolda baş verənləri izləyirsinizmi?
- Vallah, bəzən futbolumuzla maraqlanmıram.
 
- Bunun səbəbi inciklikdi?
- Arada inciklik də olur. Baxanda adamın ürəyi ağrıyır. Futbolumuz 10-11 il əvvəlki səviyyədə deyil. Həmin vaxt çempionatda çox klub olurdu, 5-6 komanda çempionluq uğrunda “vuruşurdu”, azarkeşlər oyunlara gəlirdi. Futbol da azarkeş üçün oynanılır. İndi tribunalarda azarkeş olmur. Belə vəziyyətdə futbol oynamağa dəyməz. Çempionatın səviyyəsi əvvəlki illərdən çox aşağıdı. Cəmi 8 klub var, onun da çoxu eyni yerdən maliyyələşir. Cəmi 2-3 klubun öz sponsoru var. Allah axırını xeyirli etsin.
 
- Futbolçu vaxtında elə də çox tanınmayan şəxsləri indi milli və klublarda görəndə əsəbləşmirsiniz?
- Bayaq dediyim kimi, fikirləşirsən ki, kaş bu qədər əziyyət çəkməzdim. Futbola aidiyyəti olmayanların işləməsi, əlbəttə ki, hamıya pis təsir edər.
 
- Futbola rəhbərlik edən şəxslərdən kiminləsə görüşünüz olubmu və sizə hansısa irad bildirilibmi?
- Nə irad bildirəcəklər? Bir “Rəvan” oldu, 20 gün ərzində komanda yaradıldı. Futboldan başı çıxmayanların yarısı orda idi. “Rəvan”da işləmək qeyri-mümkün idi. Mənim səhvim ora getmək oldu. Bunu da özümə bağışlamayacam.
 
- Bəlkə “Rəvan”ın danışılmış oyunlarda iştirakı sizin də taleyinizə təsir etdi?
- Bilmirəm nə qədər təsir edir. Mən çıxandan sonra eşitdim ki, bəzi futbolçular kimlərinsə istəyi ilə oyunları “vermişdilər”. Halbuki, klubda olanda bunları bilsəydim, həmin futbolçunun gözlərini deşərdim.
Hamısı imkanlı ailələrin uşaqlarıdı. Görünürdü ki, onların gələcəkdə futbolçu olmaq şansları yoxdu. Sırf ada görə gəlirlər. O uşaqlara söz demək olmaz...
- İstər əsas, istərsə də, aşağı yaş qrupu üzrə yığmalarımız bu il bir neçə yoxlama və rəsmi oyunlar keçirmələrinə baxmayaraq, heç biri qələbə qazana bilməyib. Bu gedişlə futbolumuzu gələcəkdə nə gözləyir?
- Belə çempionatla millimiz hansı nəticəni verə bilər? Güclü yığma istəyirsənsə, ölkə xaricində ən azı 6-7 yüksək səviyyəli legionerin olmalıdı. Yığmaların baş məşqçilərini qınamağa dəyməz. 1-2 oyunda nəsə alınır, qələbə qazana bilirsən, vəssalam. 60-70 dəqiqə mübarizə aparırlar, amma getdikcə səviyyə fərqi öz sözünü deyir. Akademiyalardakı, aşağı yaş qruplarındakı uşaqlara fikir vermək lazımdı.
 
- Qısa müddət də olsa, “Mançester Yunayted Futbol Məktəbi”ndə çalışdınız. Aşağı yaş qruplarında vəziyyət, həqiqətən də, ürəkağrıdıcıdı?
- “Mançester Yunayted Futbol Məktəbi”nin kommersiya qrupunda işləyirdim. Ora da kimlərin övladları gəlmirdi ki. Hamısı imkanlı ailələrin uşaqlarıdı. Görünürdü ki, onların gələcəkdə futbolçu olmaq şansları yoxdu. Sırf “Mançester Yunayted” adına görə gəlirlər. O uşaqlara söz demək olmaz ki, filankəsin oğludu, gedib şikayət edər. Orda da ada baxmırlar, deyirlər ki, bu lazım deyil, çıxsın. Amma seçilmiş uşaqlar arasında yaxşıları var idi.
 
- Güclü legionerlərin olmasının vacibliyini vurğuladınız. Amma indi futbolçular ölkə daxili ilə kifayətlənirlər. Xaricə çıxmaqdan qorxurlar, yoxsa pula görə qalırlar?
- Dəqiq deyə bilmərəm nəyə görə. Amma gedənlər də 2-3 aydan sonra qayıdırlar. Perspektivli uşaqları xaricə çıxarmağın yollarını tapmalıyıq. İstedadlı futbolçularımız var ki, burda 1-2 il oynayır, sonra yoxa çıxır. Ancaq xaricdə yoxa çıxmaq söhbəti yoxdu.
 
- Dediyiniz kimi, gedənlər də tez qayıdırlar. Bəzisi səbəb kimi darıxmağı, bəzisi ordakı münasibəti göstərir...
- Belə çıxır ki, ölkə xaricindəki əziyyətə dözə bilmirlər. Əsgərliyə gedəndə il yarım ailəni görə bilmirsən. Amma darıxmaq tədricən keçib gedir. Bunu bəhanə etmək olmaz.(apasport.az)
Tarix: 6 Aprel [19:40]
Oxunub: 394 dəfə
Müəllif: Aut.az

Kafu Bakıda “Qarabağ”dan danışdı - Müsahibə

Aut.az

Çox şeyi təzədən başlamaq lazımdı - Qurban Qurbanov

Aut.az

Nazim Süleymanov hədəfini açıqladı: Avroliqaya vəsiqə...

Aut.az

“Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov

Aut.az

“Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov

Aut.az

Ramin Quliyev: «Qurban Qurbanovun oğlu olduğu üçün Musanın kapitan seçilməsi haqqında deyilənlər boş söz-söhbətlərdi»

Aut.az

Qurban Qurbanov: "Sumqayıtda çempionluğu təmin etməyi hamımız istərdik"

Aut.az

Sərxan Abışov: "Məqsədimiz Moskvada ölkəmizi layiqincə təmsil etməkdi" - MÜSAHİBƏ

Aut.az

Emin Quliyev: “Şişiblər”, adam tanımırlar - MÜSAHİBƏ

Aut.az

Cavid Hüseynov Rasim Əliyevin öldürülməsi ilə bağlı ilk dəfə BÜTÜN GİZLİNLƏRİ AÇDI - MÜSAHİBƏ

Aut.az