Böyük tumanın altındakılar

Biz uşaq idik. Çox sevinməzdik. Bir tərəfdə müharibə gedər, bir tərəfdə futbolumuzu izləyərdik. Müharibə durdu. Bir az üzülməyə  ara versək də, futbolumuz kefimizin açılmasına imkan verməzdi. Hələ də "Neftçi"miz və millimiz vardı. Elə olurdu ki, ikisinin də qapısında Cahangir Həsənzadə durardı. İkisində də Həsənzadə uşaqlara sevinc bəxş etməzdi. 
 
İndi o qapılarda Həsənzadə durmur. Amma deyəsən, onun qapıda durduğu vaxtlarda ata-anaları barıt iyi ilə böyümüş uşaqlara sevinc bəxş edir.   
 
Martın 27-29-u aralığında Cəbrayıl rayonunun  Cocuq Mərcanlı kəndində AFFA-nın təşkilatçılığı ilə "Cəsur ürəklər" adlı festival keçirilib. Layihəyə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə başçılıq edib. 
 
AFFA-nın rəsmi saytının yazdığına görə, əsas məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olub. Tədbirdə 200-ə yaxın uşaq iştirak edib.  
Layihənin pulunu UEFA-nın Uşaq Fondu verib. 
 
Cahangir adının mənası dünyanı fəth edən deməkdi. AFFA da bu pulu verib Həsənzadəyə ki, dünya lazım deyil, get ordakı uşaqların qəlblərini fəth elə. Ya da ki, heç verməyib.
 
Bəh-bəhli qurumun saytındakı şəkillər və video göstərir ki, uşaq qəlbini fəth etmək üçün UEFA-nın da, AFFA-nın da pulu nə qədər əhəmiyyətsiz, cılızdı. 
 
Açın o saytı! Açın baxın ki, 5 yaşında uşaq 25 yaşlı kişilərin tumanında necə nura boyanıb. Cəmi bir ay öncə keçirilən konfransda "klublar bizdən prezident xahiş edir" deyib əylənən Elxan Məmmədova, elə həmin tribunada hamıdan çox danışıb axırda bunu özü də fərq edən Cahangir Həsənzadəyə elə gəlir ki, bu uşaqlardan nə vaxtsa futbolçu çıxacaq. Ya da ki, heç gəlmir. Cəhənnəmə çıxsın. Məhz cəhənnəmə!  
 
O uşaqların üzündəki nur bəlkə də onları yaxşı yerlərə aparacaqdı. Amma aparmayacaq. AFFA-dakılar bilməz. Bilməz ki, kənarda duran o qaçqın valideynlər qaçanda çadırların, palçığın, soyuğun içində əlacsızlıqdan cəhənnəm əzabı ilə çox belə tumanlar geyiblər. Qadını kişisinin, qızı anasının. Utanıblar, ölüblər, kimisi həyata tutunub. Bu gün o uşaqları o tumanla izləyənlərin xatirələrini, yaralarını qopartdınız, brendli bəylər. O cəsur ürəklər çoxdan böyüyüb. O cəsur ürəklər bu "cəsur ürəklər"ə bir daha böyük tuman geyindirməz. Vallah geyindirməz.
 
Sənan Abdullayev
Tarix: 2 Aprel [20:00]
Oxunub: 271 dəfə
Müəllif: Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az

Elxan Məmmədov məndən niyə qorxur?

Aut.az

Ey oğlan, biz qalibik!

Aut.az

Vurum sizin qolunuzu...

Aut,az

Məkanın dəyişdirməyəcəyi sevgi

Aut/az

Olmayan rayonun olmayan futbolu - YAZI

Aut.az

Qurban Qurbanovun uzun, incə yolu YAZI

Aut.az