Rəfiyevli “Sumqayıt”ın şübhəli gələcəyi - YAZI

Son vaxtların gündəm mövzusu “Neftçi" və “Sumqayıt"ın rəhbər postu ətrafında yaşananlardı. Bir müddət əvvəl AFFA öz kurasiyasında olan iki klubun ən yüksək postlarına “əl gəzdirərək" “Sumqayıt"ın prezidenti Kamran Quliyevi “Neftçi"yə göndərdi , daha çox menecerlik fəaliyyəti  ilə tanınan Riad Rəfiyevi isə onun yerinə “Sumqayıt"a prezident təyin etdi. Quliyev də “Neftçi"yə gedər-getməz baş menecer Ceyhun Sultanovu  yanına apardı. Bütün bu baş verənlər isə mətbuatda və futbol ictimaiyyətində birmənalı qarşılanmadı. 
 
Görünən budur ki, hər şey “Neftçi"nin yaxşı olması, “qara zolaq"dan çıxması üçün edilib. Yəni, “Sumqayıt" ikinci plandadır. Təsadüfi deyil ki, komandanın baş məşqçisi Samir Abasov da bu yaxınlarda idman mediasına danışarkən bu məqamı xüsusi qabardıb: “Həmin vaxt öz-özümə sual verdim ki, Kamran Quliyev yaxşı prezidentdir. Niyə yaxşı prezidenti “Neftçi"yə göndərirlər? Deməli, biz yaxşıya layiq deyilik. “Sumqayıt" layiq olsaydı, bu cür prezidenti ora göndərməzdilər. “Neftçi" layiqdir, biz yox? Qol-qanadım sındı. Ağlıma o qədər fikirlər gəldi ki... Düşündüm ki, görəsən bizim komandanı nə edəcəklər? Bəlkə üzərimizdən xətt çəkəcəklər". Həqiqətən də ağlabatan fikirdir. Fakt yaranmış mənzərə budur ki, indiki halda “Sumqayıt" “Neftçi"yə qurban verilir. 

Kamran müəllimin “Neftçi"yə keçidindən sonra bu komandanın “Sumqayıt"la oyunundan əvvəl rəqibin aldığı ağır zərbənin şokundan çıxmayacağını və “Neftçi"yə məğlub olacağını proqnozlaşdırmaq olardı. Bəlkə də “Sumqayıt"ın baş məşqçisi, köməkçiləri sumqayıtlı olmasaydılar, vəziyyət elə bu planı cızanları fikirləşdiyi kimi olardı. Lakin son anda Samir Abasov, Seymur Rəhimov və Vəfadar Quliyev “üçlüy"ü komandanı ağır sınağa hazırlaya bildi. Əslində, mövsümün geridə qalan hissəsində də “Sumqayıt"a prezident lazım olmayacaq və sumqayıtlı məşqçilər korpusu komandanı avrokuboklara daşıya biləcək. Növbəti mövsüm necə olacaq? Bax, bu, indidən müzakirə mövzusu olmalıdır. Riad Rəfiyev klub prezidenti kimi “Sumqayıt"ı uğura daşıya biləcək, ya yox? Ümumiyyətlə, son baş verənlər Sumqayıt təmsilçisinin gələcək taleyinə necə təsir edəcək? Çünki Abasov da “bəlkə üzərimizdən xətt çəkəcəklər" ifadəsini elə-belə işlətməyib. Son baş verənlər sübut etdi ki, AFFA üçün “Sumqayıt"ın ciddi, iddialı kluba çevirilməsi o qədər də proritet məsələ deyil. Ad olur ki, Sumqayıtda da komanda var. Bu durumda klub idarəçisi səriştəsiz, bacarıqsızdırsa, komanda autsayder olur. Rəfiyevin “Sumqayıt"da uğur qazanacağı niyə şübhəli görünür? Bunun bir sıra səbəbləri var.

İlk növbədə Rəfiyev klub prezidenti postu üçün gənc və eyni zamanda çox təcrübəsizdir. Klub prezidenti xarizmatik, qətiyyətli, nizam-intizamlı, bir sözlə, ağzının kəsəri olan şəxs olmalıdır. 31 yaşlı Rəfiyevin heç bir idarəçilik təcrübəsi olmaya-olmaya Sumqayıt kimi futbol şəhərində uğur qazanması qəliz məsələdir. Deyilə bilər ki, Kamran Quliyev də “Sumqayıt"a təyin olunanda gənc idi, buna etirazımız yoxdur. Həqiqətən də Quliyev “Sumqayıt"a prezident göndəriləndə 33 yaşı var idi. Amma bir məsələ var ki, bu şəxs daha öncə “Ailə TV" kimi şirkəti qurmuş və ona rəhbərlik etmişdi. Başqa sözlə, Kamran müəllimin futbolda olmasa da, ən azından başqa sahədə idarəçilik, təşkilatçılıq bacarığı var idi. Hətta buna baxmayaraq, Quliyevə normal komanda formalaşdırmaq üçün 7 il lazım oldu. Xatırlayırsınızsa, “Sumqayıt" yarandığı ilk illərdə ancaq autsayder funksiyasını daşıyırdı. Yalnız son iki ildə nisbətən bu statusdan qurtulmağa, daha yuxarı pillələrə can atmağa nail olub. Təbii ki, ortada görülən iş, çəkilən zəhmət var. Amma “Sumqayıt"ın yarandığı ilk illərlə müqayisədə hazırda çempionatda rəqabətin zəifləməsi, “Bakı", “Xəzər Lənkəran", “Simurq", AZAL kimi komandaların olmaması, “İnter" və “Neftçi"nin əvvəlki əzəmətində olmaması da özünü göstərir. Bununla belə, Kamran Quliyevlə sonradan komandaya dəvət olunan Ceyhun Sultanovun gördüyü müsbət işləri mütləq nəzərə almaq lazımdır. Rəfiyevin isə qısa müddətdə bu işləri görəcəyi inandırıcı deyil. Yuxarıda qeyd etdiyimiz kimi, bunun əsas səbəbi onun klub idarəçiliyində heç bir təcrübəyə malik olmamasıdır. Adam sadəcə, AFFA-da menecer kimi çalışıb, indiyə qədər eyni anda 2-3 nəfərə belə rəhbərlik etməyib.
İkincisi, Rəfiyev Sumqayıta və Sumqayıt futboluna yaxın insan deyi. Ümumiyyətlə, bu adamı Sumqayıtla heç nə bağlamır. Bu nüans da onun uğur qazanmaq şanslarını xeyli azaldır. İl ərzində yolu 1-2 dəfə Sumqayıta düşə, ya düşməyə, o da futbolla bağlı. Belə bir insanın heç bələd olmadığı şəhərə gəlib klub prezidenti kimi uğur qazanması mümkün deyil. Özü də gənc yaşda. Yaşdan söz düşmüşkən, bəzi insanlar savadın, bacarığın yaşla ölçülməsinin əleyhinədir. Razıyıq, insanın ağlına, bacarığına yaşına görə qiymət verilməsi düzgün deyil. Əgər Rəfiyev bu günə qədər hansısa klubda, yaxud elə federasiyanın özündə idarəçi, təşkilatçı kimi ciddi uğurlar qazanmış, səmərəli fəaliyyət göstərmiş olsaydı, heç kim onun təyinatını bu qədər müzakirə etməzdik. Məsələ burasındadır ki, onu bu posta bacarığına görə yox, məcbur göndəriblər. Hər kəsə bəllidir ki, Qurban Qurbanovun milliyə baş məşqçi gəlməsindən sonra o da öz tələblərini ortaya qoydu, öz komandasını formalaşdırdı. Həmin komandada isə Rəfiyevə yer yox idi. Qurbanov elə ilk gündən onu milli komandalardan uzaqlaşdırdı və Rəfiyev faktiki boş qaldı. Məhz bu zaman federasiya öz kadrının işsiz qalmaması üçün onu “Sumqayıt"a prezident göndərdi. Yəni, get, hələlik orada işlə, çörəksiz qalma. 

Üçüncü vacib bir məsələ Rəfiyevin adının xoş olmayan, çirkli işlərdə hallanmasıdır. Bu şəxs AFFA funksioneri ( baş seleksiyaçı və milli komandaların meneceri ) ola-ola millinin bəzi futbolçularının şəxsi meneceridir. Həmin futbolçulara menecer kimi klub tapır və belə demək mümkünsə, həm də bu işdən yaxşı pul qazanır. Hətta deyilənə görə, milli komanda qələbə qazananda həmin futbolçular mükafatlarından Rəfiyevə müəyyən faiz də verirlər. Bundan başqa,  “3R Sports Management" şirkətinin də şəxsən Rəfiyevə məxsus olması haqda mətbuatda dəfələrlə araşdırma yazılar gedib. Buradakı 3R-in açması da Rəfiyev Riad Rasim oğlu anlamına gəlir. Sadəcə, o, şirkəti dostu Tural Cəfərzadənin adına qeydiyyatdan keçirib. Bir çox azərbaycanlı futbolçunun, konkretləşdirsək, Araz Abdullayev, Pavel Paşayev, Namiq Ələsgərov, Yusif Nəbiyev, Elvin Bədəlov, Elnur Cəfərov, Adil Nağıyev, Rəhman Hacıyevin məhz bu şirkətin müştərisi olduğu deyilir. Göründüyü kimi, əsl vəzifəsi AFFA-nın baş seleksiyaçısı olan bu şəxs özünə əməlli-başlı futbol imperiyası qurub. Kim zəmanət verə bilər ki, Rəfiyev “Sumqayıt" klubunda bu fəaliyyətndən istifadə etməyəcək? Nə qədər inkar etsə də, heç kim çörəyu qulağına yemir və nəyin nə olduğunu bilir. Deyək ki, yayda Rəfiyev həm də menecer kimi başlayacaq bəzi futbolçuları “Sumqayıt"a gətirməyə. Həmin futbolçulardan kimsə Samir Abasovun taktikasına, oyun fəlsəfəsinə uyğun gəlməsə, fikir ayrılığı yaranacaq, narazılıqlar və ən sonunda bu durum gətirib xaosa, klubdaxili parçalanmaya çıxaracaq. Bunun baş verməməsi üçün Rəfiyevin menecerlik fəaliyyətndən əl çəklməsi vacibdir ki, o da heç vaxt bunu edən deyil. Çünki əsas gəlir sahəsi budur. Rəfiyevin bu gün “Neftçi"də, “Zirə"də menecerliyini etdiyi futbolçular var. Bu isə sabah “Sumqayıt"ın bu komandalarla keçirdiyi oyunların nəticələrini şübhə altına ala bilər. 

Bir sözlə, aparılan təhlillər, araşdırmalar onu deməyə əsas verir ki, Riad Rəfiyev “Sumqayıt" üçün uğurlu təyinat sayıla bilməz və onun rəhbərliyi altında bu komandanın gələcəyi parlaq görünmür.

Anar XANLAROV, «Het-trik nkews» qəzeti üçün
Tarix: 20 Mart [13:40]
Oxunub: 79 dəfə
Müəllif: Aut.az

Tələsik atılmış addım

Aut.az

Lazımsız görünən liqalar

Aut.az

Azərbaycan millisi ilk oyunda məğlub oldu

Aut.az

Azərbaycan millisinin heyəti açıqlandı

Aut.az

BİZİ DEYİRLƏR...

Aut.az

Fariz Yusifov: “Lənkərandakı oyunları idarə etməkdən xüsusi zövq alırdım

Aut.az

"Qarabağ"ın 3 futbolçusu "Sportinq"ə qarşı oynamayacaq

Aut.az

Səndən yazdım, Rüfət!

Aut.az

Ramin Musayev yükü azalıb

Aut.az

Ukraynadan Azərbaycan yığmasına 7 cavabsız qol

Aut.az