Samir Abasov: "Kamran Quliyevi “Neftçi”yə göndərənlər bizi alçaltdılar"

"Sumqayıt” klubunun baş məşqçisi Samir Abasovun müsahibəsi
 
- "Sumqayıt” klubu Samir Abasovun gəlişindən sonra bütün komandalar üçün çətin rəqib sayılmağa başladı...
- İlk dəfə bura gələndə çox çətin idi. Amma baş məşqçi kimi gəldiyim üçün asan olan müəyyən şeylər var idi. Digər tərəfdən də ilk dəfə idi Premyer Liqa klubunu çalışdıracaqdım. Əvəzedici komanda ilə əsas komanda eyni deyil. Rəhbərlik mənə güvənmişdi. Üstəlik, uşaqların çoxunu tanıyırdım, bir yerdə futbol oynamışdıq. Amma əsas çempionatın ab-havası, komandanın həmin vaxt "asan yem” sayılması çətinlik yaradırdı. Bu, həm də mənim məsuliyyətimi artırırdı. İlk işim soyunub-geyinmə otağından başladı. Yavaş-yavaş gəlib indiki duruma çatdıq.

 
- Komandanın bu səviyyəyə çatmasında sərt xarakterinizin rolu var?
- Futbolçu olanda da eyni xarakterə sahib idim, indi də eyni xarakterə sahibəm. Dəyişən bir şey yoxdur. Bu dəqiqə nəticələr varsa, yaxşı oyun varsa, demək xarakterimdə problem yoxdur. Deməli oyunçulara hər şeyi aşılaya bilmişəm. İnanmıram ki, xarakter məşqçi keyfiyyətində böyük rol oynayır. Bunu bilmirəm. Əksər məşqçilər var ki, yumşaq xarakteri var, amma uğur qazanır. 
 
- Ətrafdakı dəstək sizi motivasiya edə bilirmi?
- Əlbəttə kiz, motivasiya edir. Amma mənim üçün bir hədəf yoxdur ki, hansısa məşqçiyə çatım, onun uğurunu qazanım. Məşqçinin yaxşı olması onun komandasının uğurundan asılıdır. Düşünürəm ki, komandam nə qədər yaxşı oynasa, bizim adımız olacaq. Hər hansı məşqçiyə çatmaq fikrim yoxdur. 
 
- Legioner olmadan komandanı uğura daşımaq çətin görünmür ki?
- Hər bir məşqçinin ideyası var, mən də onların içindəyəm. Məşqçilərin düşdüyü iki durum var. Birincisi, istədiyin futbolçuları komandaya yığırsan. Məsələn, "Qarabağ” və "Qəbələ” kimi. İkincisi isə bizim kimi komandalardır. Əlində olan materialla kifayətlənirsən. Birincisi həmişə xoşdur. Çünki istədiyin oyunçuları yığıb komanda yaradırsan və rahat oynayırsan. Çünki yerli futboçudan istədiyini ala bilməyəndə o dəqiqə legioner meydana buraxırsan. Alternativlərin çox olur. Bu, işin yüngül tərəfidir. Bizdə durum başqadır. Əlimizdə olan futbolçulara görə oyun qururuq. Onlardan başqa seçimimiz yoxdur. 
 
- Yerlilərlə uğur qazanmaq çətindir?
- Kluba gələndə düşünmürdük ki, belə komanda olacaq. Jurnalistlər, futbol adamları, azarkeşlər bir fikrə yönəlib ki, yerli uşaqlarla heç nə etmək olmaz. Onlarla uzağa getmək olmaz. Açığı, bu, reallıqdır. Doğrudan da çətindir. Uğurun zirvəsi çempionluqdur. Amma tək yerli oyunçularla bunu etmək reallıqdan uzaqdır. Amma əlində olan materiallarla istədiyinə çatırsansa, bu, böyük işdir. Bizim komandada olan oyunçuların əksəriyyəti öz keçmiş komandalarına lazım olmayanlar, ehtiyatda qalanlardır. Onları bir yerə yığıb bir nöqtəyə vurmaq çətindir. İndiki durumda da idarə etmək çətindir. Futbolçuları elə formatlamışıq ki, bunu etmək üçün əllərindən gələni əsirgəmirlər.
 
- Sizcə, bu, niyə çətindir?
- Bizim əsas problemimiz mentalitetdir. "Sumqayıt”ı son zamanlar ev komandası adlandırırlar. Bilirsiz səbəb nədir? Mentalitet. Təsəvvür edin ki, bir az kənar yerdə oynayan kimi özümüzə gəlməkdə çətinlik çəkirik. Məsələn, "Keşlə” – "Sumqayıt” oyununu götürək. Ümumiyyətlə, oyunboyu özümüzə gələ bilmədik. Bu, hələ Bakıdır. Sumqayıtla arasında 60 km məsafə var.
Bir də uzaq yerləri düşünün. Bunun Avropa Liqası var. Legioner üçün isə bunlar asandır. Həmçinin Rəşad Sadıqov, Mahir Şükürov, Araz Abdullyev üçün problem yoxdur. Amma bizim komandada olan oyunçuların əksəriyyəti eyni problemi yaşayır.
 
 
- Kubokda "Qarabağ”la üz-üzə gəldiniz və bu dəfə mərhələni keçdiniz...
- Püşk atılanda bildik ki, "Qarabağ”la düşmüşük. Başladıq ki, bunu çıxaran əlin qurusun. Rəşadı ("Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov) söydük. Hamımız bir ağızdan onu söydük. İnanmırdıq ki, keçək. Kubokdan əlimizi üzmüşdük. İlk oyundan sonra bir az hiss etdik ki, mərhələni adlaya bilərik. Keçəndən sonra isə hisslər tamam başqa idi. Həmin vaxt Madriddə idim. Oyunun gedişində otelə gəlmirdim ki, interneti açacam və görəcəm ki, uduzmuşuq. Düşünürdüm ki, necə mərhələ keçə bilərik ki? Udmuşuq xəbərini alan kimi bayram oldu. Mənim günüm idi. "Qarabağ”ı udmaq böyük stimuldur. Kənardan kiçik görünsə də, böyük işdir.
 
- Bilirsiz ki, həmin oyundan sonra sizin Madriddə olmağınızla bağlı xeyli zarafatlar edildi. Məsələn, sosial şəbəkələrdə "Samir Abasov Simeoneyə "Qarabağ”ı udmağın yollarını göstərə bilər” deyə paylaşımlar var idi...
- Həmin vaxt Madriddə mənimlə birlikdə Madriddə Moskva "Spartak”ının məşqçiləri var idi. Dedilər ki, oyunu izləyəcəyik. Oyun başlayan kimi 1:0 udurduq. Matç başa çatandan sonra onlar da bildilər ki, 1:2 hesabı ilə uduzduq. "Qarabağ”ı tanımadıqlarına görə dedilər ki, 1:2 səfərdə yaxşı nəticədir, evdə keçə bilərsiniz. Elə danışırlar ki, sanki mərhələni adlamışıq. İkinci oyunda matç başlayanda "Atletiko”nun məşqinə getməliyəm. Oteldə gözləyirdim. Baxdım ki, 1:0 uduruq və ilk hissə bitdi. Dostlardan biri zəng elədi ki, 1:0 uduruq. Elə bildim ki, oyun bitir. Dedim nə yaxşı. Hələ 20-ci dəqiqə gedir. Getdim məşqə və məşq bitəndən sonra hamı otelə qayıdırdı. Onlara dedim ki, siz gedin, mən şəhərdə gəzəcəm. Otelə gəldim girdim və baxdım ki, zəng gəlməyib. Dedim heç nə yenə uduzduq. Lənət olsun bu günə, başladım söyməyə. İsraildəki dostumu da söydüm ki, mənə zəng eləmişdi. Otağa girən kimi gördüm ki, "Whatsapp” dağılır. Oteldə başladım qışqırmağa. Elə bil ki, çempion olmuşduq. Səsim oteli bürümüşdü. Dieqo Simeone ilə "Qarabağ” haqqında söhbətimiz olmuşdu. Ağdam klubu haqqında çox müsbət fikirdə idi. Dedi ki, onlar evdə "Çelsi”yə uduzmalı deyildilər, super oynadılar. Həddindən artıq xoş fikirləri var idi. O qədər sevinirdim ki, buna görə. Elə bilirdim ki, "Qarabağ”ın məşqçisiyəm. 2-ci, 3-cü növ adam kimi qəbul etmədilər. Sıfr bu çəkini orada "Qarabağ” yaratmışdı.
 
- Simeone ilə çox söhbətiniz oldu?
- Onunla görüşmək uzun bir mərhələ tələb edir. Çünki Simeone çox qəliz adamdır. "Atletiko”da qalmağı da bunun nəticələridir. Komandanın bugünkü nəticələri sırf argentinalı mütəxəssisə bağlıdır. Düzdür, oynatdığı futbolu mən xoşlamıram. Nəticələr aşağı olsa, o özü "Atletiko”dan gedər. Uzun mərhələlərdən sonra onunla görüşdüm. Soruşdu ki, hardansan? Azərbaycan deyəndə başını tutdu ki, "Vay, Azərbaycan, "Qarabağ”. Bizim evimizi  "Qarabağ” yıxdı”. Bir az zarafat etdi. Məşqlərdən danışdıq. Köməkçiləri bizə lazım olan informasiyanı əldə etdim. 
 
- O klubun bazasını görəndə nə düşündünüz? Samir Abasov "Atletiko”da olsaydı, nələr edərdi?
- Allah ağzınızdan eşitsin. Bilirsiz, orda fikirlər, mentalitet başqadır. Futbol onlar üçün həyatdır. Hər şeydən çox sevirlər. Azarkeşlərə, futbolçulara əlçatmaz kimi baxırlar. Həmin vaxt Rəşad Sadıqov da "Roma”da idi. Onunla da danışırdıq. Biz "Atletiko”nu çox böyüdürük. Amma onlar düşünmədiyimiz qədər yaxşı insanlardır. Məni təəccübləndirən nəsə olmadı. Sadəcə futbolçuların məşqlərə yanaşması, peşəkarlığı bizim üçün əlçatmazdır. Bizdə belə şey olacağına inanmıram.
 
- Qurban Qurbanovun milliyə təyinatını necə dəyərləndirdiniz?
- Mən çox sevindim. Ona görə ki, yığmalara futbolu bilən adamlar gəldi. Bu, məni sevindirməyə bilməzdi. Fikrimcə, onlar çox dəyişikliklər edəcəklər. Onlardan bu dəqiqə böyük uğurlar gözləmək düzgün olmaz. Amma gördükləri işlər gələcəkdə bəhrəsini mütləq verəcək.
 
- Samir Abasov yaratdığı komandadan başqa həm də açıqsözlü olmağı ilə seçilir. Sizcə, niyə başqa məşqçilər həqiqətləri danışmaqdan qaçıb şablon cümlələrə üstünlük verirlər?
- Bəlkə də o özlüyündə düşünür ki, həqiqəti deyir. Mənim üçün bir yol var: düz bildiyimi etmək, danışmaq. Mən heç nəyi gizlədə bilmirəm. Çünki gizlətməyin yollarını bilmirəm. Öyrənsəm, bəlkə mən də gizlədəcəm. 
 
 
- "Neftçi” ilə oyunöncəsi "Sumqayıt”ın prezidenti Kamran Quliyevin rəqib komandaya göndərilməsi sizə necə təsir etdi?
- Çox pis. Oyunöncəsi Kamran Quliyevlə çox şeylər danışmışdıq. Planlar qurmuşduq. Kamran müəllimlə prezident-məşqçi münasibəti yox idi. Hər şeyi dost kimi danışırdıq. Bilmirəm yeni prezidentlə münasibətim necə olacaq. Sözümü hər kəsə deyirəm, amma Quliyevlə rahat danışırdım. Sadəcə vacib oyundan öncə sabah rəqibin olacaq komandaya sənin prezidentini göndərmək necə ola bilər? Elə bil ki, kürəyimdən bıçaqla vurdular. Bunu Kamran Quliyev etmədi. Mənə sual verdilər ki, "siz prezident olsaydınız, bu addımı atardınız?”. Bu, aysberqin görünməyən tərəfidir. Mən olsaydım edərdim, ya etməzdim, bilmirəm. Həmin vaxt öz-özümə sual verdim ki, Kamran Quliyev yaxşı prezidentdir. Niyə yaxşı prezidenti "Neftçi”yə göndərirlər? Deməli, biz yaxşıya layiq deyilik. "Sumqayıt” layiq olsaydı, bu cür prezidenti ora göndərməzdilər. "Neftçi” layiqdir, biz yox? Qol-qanadım sındı. Ağlıma o qədər fikirlər gəldi ki,.. Düşündüm ki, görəsən bizim komandanı nə edəcəklər? Bəlkə üzərimizdən xətt çəkəcəklər. İmkan vermirlər ki, irəli gedək. Həmin vaxt fikirdən artıq "Neftçi” ilə oyunu unutmuşdum. Heç kim qarşılaşmanı düşünmürdü. Qalmışdıq ki, nə olacaq? İnanmıram ki, Kamran Quliyevlik nəsə var. Sadəcə onu "Neftçi”yə göndərənlər bizi alçaltdılar, komandamızı fikirləşmədilər. Bu oyundan 1 gün sonra və ya 1 həftə əvvəl olsaydı, ajiotaj yaranmazdı. Çünki Kamran müəllim sadəcə işçidir, harada deyirlərsə, orada da işləməlidir. Amma Sumqayıt şəhərinin imicini düşünməli idilər və belə addım atmalı deyildilər. Bizim azarkeşlərin hissləri ilə oynadılar. Hakimlər belə deyirdilər ki, bu, nə addımdır? Olmazdı ki, sabah edilsin? Sizin ürəyinizdən, bütün mətbuatın ürəyindən nə keçir bilirik. Dilə gətirib yazmamısız, amma hamı eyni şeyi düşünür. "Sumqayıt” futbol klubun təkcə burada 200 min azarkeşi var. O da sırf yerli uşaqlar oynadığına görə tərəfkeşlik edirlər. Oyundan öncə azarkeşlər, hətta restoranda ofisiant belə soruşursa, niyə belə etdilər, nə cavab verim? Nə deməliydim də ona? Söyməli idim? Onu da etdim. Burada söyə bilmirəm amma. Həmin addım bizə motivasiya verdi. Rəhbərlik gəlib bizi ələ aldı. Bilirdilər ki, çökdük. Sonra özümüz də özümüzü ələ aldıq. Bu oyunu udmağımızın da əsas səbəbi bu idi. 
 
- Nicat Muxtarovla bağlı məsələ hamıya maraqlıdır. Onun həbs edilməsi sizə necə təsir etdi?
- Nicat ən avara futbolçulardan biri idi. Biz Antalyada toplanışdı idik və o, komandaya gəldi. Gördüm ki, məşqlərdə özünü yaxşı aparmır. Dedim biletini alın və geri göndərin. Sonra köməkçilərim gəldilər, xahiş etdilər və saxladım. Düşdüyümüz vəziyyətə görə biz belə futbolçularla oynamalıyıq, onları düzəltməliyik. Həmin il qış fasiləsində gəldi ki, Samir müəllim "mən getmək istəyirəm”. Ona çox təzyiq edirdik ki, oynasın. Soruşdum ki, hara gedirsən? Cavab verdi "Zaqatala” klubuna gedəcəm. Dedim ki, sənin başın xarabdır, sən xəstəsən ay uşaq? Camaat birinci divziondan əsas çempionata gəlmək üçün yalvarır. Mənim "Whatsapp”ımda yazılanlara bax. Dedim ki, get hazırlaş oynayacaqsan. Dedi, baş üstə. Oynadı bir neçə matçda. Yayda bir-bir futbolçunu çağırdım otağıma və onlarla danışdım. Nicatdan soruşdum ki, niyə "Sumqayıt”da qalmısan? Ancaq təriflədi komandanı. Rəşad Sadıqovun bir sözü var, deyir ki, əgər uşaq çürükdürsə, onu düzəltmək mümkün deyil. O, fırlanıb gəldiyi yerə geri dönəcək. Nicat da başqalarının sözü ilə futbolu atıb küçə həyatına getdi. Burda klubun və ya Samir Abasovun günahı yoxdur. Deyirlər ki, Samir Abasov onu cəzalandırdı. Əcəb eləmişəm. Bundan sonra kim cəzalı olacaqsa, cəzasını çəkəcək. Bir dəfə harasa təpik vurmuşdum və onun cəriməsi oldu. Özüm ödədim. Klub maaşımdan çıxıb, söz də deyə bilməmişəm. Nicat Muxtarov 30, 40 faiz burdan uzaqlaşmışdısa, indi 100 faiz olmayacaq. Zərrə qədər də günah hiss etmirəm. Elədiyimizdə düzük.  Onun oğurluqda qazandığı pulu da bilirik. Əgər zərrə qədər vicdanı oyanıbsa, bizim günahımızın olmadığını deyər. 
 
- Evdə də komandadakı kimi sərtsiniz?
- Mən futbolçu olanda karyeramın son illərində təzyiqlər bir yana, tənqidlər çox olurdu. Millidə uduzanda ümumiyyətlə, çox pis olurdum. O vaxt bir yerdə yaşayırdıq. Öz ailəm və valideynlərim. Anam elə bil ki, hansısa klubun uşaq futbol akademiyasının koordinatoru idi. Evə gələndə hamını sakitləşdirirdi ki, Samirə yaxın durmayın, özüm danışacam. Hamı çıxıb gedirdi, özü yemək verirdi mənə. Hətta sual verəndə də 40 dəqiqədən bir sual verirdi. O da belə idi "su verim?”, "çay verim?”. Peşman olduğum hərəkətlərdir. Amma uduzduğumuz oyunların ab-havasından günlərlə çıxmırdım. Həmin əsəbi ab-havanı evə də aparırdım. İndi isə başqadır. Balaca qızım var və istəmirəm onlar əsəbiləşməyimi görsün. Arada özümdən çıxıram və uşaqlarım qorxur. Bunu istəmirəm, amma sərtlik təbiətimdədir. 
 
- Həyat yoldaşınız sizə azarkeşlik edir?
- Tək o yox, bütün ailəm azarkeşlik edir. Həyat yoldaşım "Qarabağ”la, "Qəbələ” ilə çətin oyunlarımızda həyəcandan televizoru söndürür. Elə oyunlar var ki, ailəm baxa bilmir. "Qarabağ” – "Kəpəz” oyununda qızım deyir ki, ata, səni niyə göstərmirlər? Elə bilir ki, bütün qarşılaşmada məni göstərməlidirlər. 
 
- Oğlunuz da yolunuzu davam edir...
- Qapıçıdır. Həmişə demişəm ki, qapıçılarda ağıl olmur. Qolkiper dostlarımız məndən inciməsin. Bilmirəm ki, hardan onda həvəs var.
 
- Qazancınız nə qədərdir?
- Qazancı heç düşünmürəm. Çünki bu, indi zərrə qədər maraqlı deyil. Futbolçu olanda düşünürdüm ki, 150 min alıram, yaxşı oynasam, 200 min alacam.
 
- Açıq fikirli olsanız, ölkədə baş verən sosial, siyasi hadisələrə münasibət bildirməmisiniz...
- Bu barədə heç düşünmürəm. Çünki fikrimiz komandaya  yönəlib. Həmişə deyirəm ki, sakit ölkədə yaşadığımız üçün şükür etməliyik. 
 
- Azərbaycan futbolunun maraqlı vaxtlarında oynamınısız...
- Pullu vaxtlarında.
 
- Başınıza yəqin xeyli maraqlı hadisələr gəlib?
- Almaniya ilə səfərdə oynayırdıq. Oyundan öncə oteldə uzanmışdıq. Almaniya ilə matç xüsusi həyəcan yaradır adamda. Düşünürsən ki, görəsən neçə top vuracaqlar? Televizora baxırdıq otaqda. Alman dilində nəsə danışırdılar. Azərbaycan millisinin məşqlərini göstərirdilər. Saata baxdım ki, yeməyə düşməliyik. Liftin önündə Elnur Allahverdiyevlə görüşdük. Birdən ağlıma gəldi ki, bununla zarafat edim. Dedim ki, televizora baxdınız? Alman dilində Elnur Allahverdiyevdən danışırlar. Elnur da soruşdu ki, nə deyirdilər ki? Dedim deyirdilər, Elnur Allahverdiyev it günündə oynayır, hücumları ordan qurmaq lazımdır. Hamı güldü. Elə bildim, bu da zarafat kimi qəbul etdi. Sən demə, ciddi anlayıb. Yeməkdən sonra gəldi mənə dedi ki, sən canı doğrudan məndən danışırdılar? Güldüm, dedim daş düşsün başına, mən nə bilim səndən danışırlar, ya yox? Alman dili bilirəm mən?! (gülür)
 
Mənbə: qafqazinfo.az
Tarix: 12 Mart [15:15]
Oxunub: 72 dəfə
Müəllif: Aut.az

"Sabah"ın yeni mövsümlə bağlı hazırlıq planı müəyyənləşdi

Aut.az

“Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

Aut.az

Qurbanovun köməkçisi müəyyənləşdi

Aut.az

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

Aut.az

Baqali Dabo "Neftçi"də - Rəsmi

Aut.az

“Neftçi”də yeni müqavilə

Aut.az

“Qarabağ” onunla müqaviləni uzatdı - Rəsmi

Auta.z

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü

Aut.az

Zidanın başçılıq etdiyi siyahıda Qurban Qurbanov 3 pillə irəlilədi

Aut.az

"Səbail"də yeni imza

Aut.az